QHT-lər Dövlət Proqramını müzakirə etdilər

QHT-lər Dövlət Proqramını müzakirə etdilər
Bütün Xəbərlər
12:35 29.04.2013
982

Bu günlərdə Gənclər Evinin və “Təkan” Tələbə Gənclərinin İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müzakirəsinə həsr olunmuş dəyirmi masa baş tutub. AZXEBER.COM-un məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatları, tələbə birliklərinin nümayəndələri iştirak ediblər.

Toplantı zamanı dəyirmi masa ətrafına toplaşanlar “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində QHT-lərin, ictimai təşkilatların gördüyü işlər, bu fəaliyyətin effektivliyi barədə fikir mübadiləsi aparıblar.

Görüşün əvvəlində iştirakçılar ümumilli lider Heydər Əliyevin xatirəsini 1dəqiqəlik sükutla yad etdilər. Gənclər Evinin direktoru Elşad Abdullayev ulu öndərin həyatı,gənclərə göstərdiyi qayğı və diqqət haqqında danışdı. Elşad Abdullayev Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Layihəsiçərçivəsində görülən işlər haqqında qısa məlumat verdi. Onun sözlərinə görə, gələcəkdə Gənclər Evində tamam fərqli mövzularda tədbirlər, staj proqramları, peşə kursları keçiriləcək: yaxın aylarda Azərbaycanda ilk dəfə olaraq gənclər üçün pulsuz distant təlimlərə də start verəcəyik”.

Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov Dövlət proqramının icrası, proqramın tətbiqində əldə olunan nailiyyətlər, qarşıda gözlənilən layihələr barədə söz açdı. E.Hüseynov qeyd edib ki, proqramın əsas məqsədi gənclərin ictimai fəallığının artırılması, onların cəmiyyətdə gedən proseslərdə fəal iştirakına şərait yaratmaqdır. Nazirlik təmsilçisi getdikcə gənclərə ayrılan maddi dəstəyin də artacağını, yaxın aylarda Gənclər Sarayının inşa olunacağını, gənclik sahəsində xüsusi mükafatın təsis olunacağını bildirdi.

Tədbirdə “Təkan” Tələbə Gənclərinin İB-nin sədri Leyla Kərimova, “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İB-nin təmsilçisi Nigar Hacıyeva, Dünya GəncTürk Yazarlar Birliyinin təmsilçisi Habil Yaşar, “Gənclərin Həmrəyliyinə Dəstək” İB-nin sədri CəmiləAbdullayeva,“Yeni Nəsil” Gənclərin İnkişafına Dəstək İB-nin sədri Atatürk Kamallı,Gənclərin Maarifləndirilməsi İB-nin sədri İlkin Abdıyev, Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri HəbibəSadıqlı və digərləri iştirak ediblər. Onlar “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının gənclərin həyatında oynadığı rol, həyata keçirilən tədbirlərin effektivliyi barədə fikirlərini bölüşüblər.

Tədbir zamanı sosial şəbəkələrdə aktiv gənclər təşkilatlarını birləşdirən ümumi bir səhifənin yaradılması, birgə tədbirlərin həyata keçirilməsi haqda təkliflər səslənib. Sonda Gənclər Evinin “Ofis menecer köməkçisi” staj proqramını bitirən 11 nəfərə sertifikat təqdim olundu. Qərara alınıb ki, yaxın günlərdə eyni mövzu ilə bağlı daha geniş dairədə müzakirə təşkil olunsun.

Qeyd edək ki, Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR