QHT sədri: “Ana dilində təhsil milyonlarla insanın haqlı gözləntisidir”

QHT sədri: “Ana dilində təhsil milyonlarla insanın haqlı gözləntisidir”
SİYASƏT
15:41 26.10.2026
228
"Azərbaycanın 55 qeyri-hökumət təşkilatının İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı açıq məktub İranda yaşayan azərbaycanlıların ana dilini qorumaq və bu dildə təhsil almaq imkanlarının yaradılması kimi mühüm məsələyə diqqət çəkir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dilində təhsil hüququnun təmin edilməsi uzun müddətdir gündəmdə olan məsələlərdəndir:

"QHT nümayəndələri olaraq biz dəfələrlə Cənubi Azərbaycandakı soydaşlarımızın ana dilində təhsil hüququnun reallaşdırılması məsələsini gündəmə gətirmişik. Bu hüququn təmin edilməsi milyonlarla insanın haqlı gözləntisidir.

Müraciətin ünvanlandığı şəxsin Azərbaycan dilinə və mədəniyyətinə bağlılığı bu çağırışa xüsusi məna verir. Cənab Pezeşkianın Azərbaycan dilində şeirlər səsləndirməsi və bu dilə hörmətini nümayiş etdirməsi ümid yaradır ki, azərbaycanlıların ana dilində təhsil arzusu da onun diqqətində olacaq”.

C.Hüseynzadə qeyd edib ki, ana dilində təhsil hüququnun təmin edilməsi üçün həm beynəlxalq hüquqda, həm də İranın öz qanunvericiliyində hüquqi əsaslar mövcuddur:

"Bu çağırışın hüquqi əsasları beynəlxalq sənədlərdə və İranın öz Konstitusiyasında mövcuddur. İranın tərəfdar çıxdığı Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsi milli, etnik və dil azlıqlarına mənsub şəxslərin öz dillərindən istifadə hüququnun inkar edilməməsini nəzərdə tutur. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt isə təhsil hüququnu və mədəni həyatda iştirak hüququnu tanıyır. Bu müddəalar dilin və mədəni irsin qorunması üçün şərait yaradılmasının əhəmiyyətini göstərir.

İran Konstitusiyasının 15-ci maddəsində fars dili ölkənin rəsmi dili kimi müəyyən edilir. Eyni maddə regional və tayfa dillərinin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsinə, habelə məktəblərdə həmin dillərin ədəbiyyatının tədrisinə icazə verir. Deməli, Azərbaycan dilinin məktəblərdə tədrisi üçün İranın öz hüquqi çərçivəsində də əsas mövcuddur”.

Birlik sədri vurğulayıb ki, ana dilində təhsil uşaqların bilik və bacarıqlarının inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır:

"Ana dilində təhsil yalnız dilin öyrənilməsi deyil, uşağın təhsilə daha yaxşı qoşulması məsələsidir. Uşaq məktəbə başlayanda tədris dilini yetərincə bilmirsə, dərsi anlamaqda və fikrini ifadə etməkdə çətinlik çəkə bilər. Bu, oxu-yazı bacarıqlarına, digər fənləri mənimsəməsinə və dərsdə iştirakına təsir göstərə, zamanla təhsildən uzaqlaşma riskini artıra bilər. UNESCO ana dilinə əsaslanan çoxdilli təhsilin öyrənmə, anlama və oxu bacarıqlarını dəstəklədiyini bildirir.

Ana dilinin məktəb mühitində yer almaması ailədə və icmada danışılan dillə tədris dili arasında məsafə yarada bilər. Uzun müddətdə dilin yazılı istifadəsi, ədəbi irslə tanışlıq və onun gələcək nəsillərə ötürülməsi də zəifləyə bilər. Buna görə ana dilində təhsilə uşaqların təməl bilikləri daha yaxşı mənimsəməsinə və çoxdilli təhsilə dəstək verən vasitə kimi yanaşmaq lazımdır”.

C.Hüseynzadə bildirib ki, açıq məktubda problemin həlli istiqamətində konkret təkliflər də irəli sürülüb:

"Məktubda Azərbaycan dilinin məktəblərdə sistemli tədrisi, müəllimlərin hazırlanması, dərslik və digər tədris materiallarının yaradılması, eləcə də orta və ali təhsil imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Bu təkliflər əməli addımlar üçün mühüm istiqamətlər müəyyən edir. Ana dilində təhsil xalqın mədəni irsinin və tarixi yaddaşının gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Beynəlxalq hüquq milli azlıqların dil və mədəniyyət hüquqlarının qorunmasını nəzərdə tutur. Azərbaycan türkləri isə İranda sayca azsaylı deyil; müxtəlif hesablamalara görə, ölkə əhalisinin təxminən yarısını təşkil edirlər. Bu baxımdan, onların ana dilini qorumaq və bu dildə təhsil almaq imkanlarının təmin edilməsi milyonlarla insanın haqlı gözləntisinə və tarixi ədalət prinsipinə hörmət deməkdir”.

Sonda birlik sədri qeyd edib ki, sözügedən müraciət Azərbaycan xalqının cənublu soydaşlarının ana dilində təhsil hüququna dəstəyinin ifadəsidir:

"Bu müraciət Azərbaycan QHT-lərinin, eyni zamanda Azərbaycan xalqının cənublu soydaşlarımızın ana dilində təhsil hüququna dəstəyini ifadə edir. Həmin hüququn təmin olunması tarixi ədalətin bərpası və cəmiyyətdə qarşılıqlı hörmətin güclənməsi baxımından mühüm addım olardı”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“X”dəki provokasiya... Və ya Ərbakan niyə sakitləşə bilmir? - KÖŞƏ
16:31 26.10.2026
“X”dəki provokasiya... Və ya Ərbakan niyə sakitləşə bilmir? - KÖŞƏ
Qarşınızdakı insanın yalan danışdığını necə bilmək olar? - Bədən dilinin gizli işarələri
16:30 26.10.2026
Qarşınızdakı insanın yalan danışdığını necə bilmək olar? - Bədən dilinin gizli işarələri
Daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi
16:05 26.10.2026
Daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
16:04 26.10.2026
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
16:01 26.10.2026
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Deputatdan iranlı nazirə sərt sözlər: “O getsin Mehsa Əmininin məzarına və Allahdan bağışlanma diləsin”
15:48 26.10.2026
Deputatdan iranlı nazirə sərt sözlər: “O getsin Mehsa Əmininin məzarına və Allahdan bağışlanma diləsin”
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
15:44 26.10.2026
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
QHT sədri: “Ana dilində təhsil milyonlarla insanın haqlı gözləntisidir”
15:41 26.10.2026
QHT sədri: “Ana dilində təhsil milyonlarla insanın haqlı gözləntisidir”
Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir
15:29 26.10.2026
Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir
Hikmət Hacıyev: Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir
15:28 26.10.2026
Hikmət Hacıyev: Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir
“El Pizza” bağlandı
15:24 26.10.2026
“El Pizza” bağlandı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
15:12 26.10.2026
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
15:06 26.10.2026
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Paytaxtdakı tıxaclar iqtisadiyyata necə təsir edir?
14:58 26.10.2026
Paytaxtdakı tıxaclar iqtisadiyyata necə təsir edir?
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
14:55 26.10.2026
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi
14:29 26.10.2026
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi