Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı olan qhtxeber.az saytının fəaliyyətə başlamasının üçüncü ildönümüdür.
Saytda 3 illik fəaliyyət belə qiymətləndirilib: Ötən üç ildə qhtxeber.az kollektivi olaraq ölkəmizdə fəaliyyət göstərən QHT-lərin fəaliyyətini işıqlandırmağa, onların həyata keçirdiyi layihələrin icrasını izləyərək cəmiyyəti məlumatlandırmağa çalışdıq. Çalışdıq ki, operativ və qərəzsiz olaq. Çalışdıq ki, hər bir QHT-yə diqqətlə yanaşaq. Hər zaman QHT-lərin problemlərinin və uğurlarının yanında olaq. Bunun öhdəsindən necə gəldiyimizi isə sizlər deyə bilərsiz. Bütün bu işləri kiçik, lakin peşəkar bir kollektivlə həyata keçirdik. Ölkəmizin ictimai həyatında fəal olan şəxslərin, QHT üzvlərinin, beynəlxalq təşkilatların rəhbərləri ilə daim əlaqə yaratdıq, ünsiyyət qurduq. Cəmiyyətin problemlərinə toxunan analitik və araşdırma xarakterli məqalələr hazırladıq.
Beynəlxalq təcrübəni də unutmadıq. Müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti, elan etdiyi qrant müsabiqələri, eləcə də həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumatlar portalımızda mütəmadi yer aldı.
Beləcə daha bir ilimizi başa vurduq.Hələ görəcəyimiz çox işlər var. Təbii ki, bu yöndə ilk növbədə vətəndaş cəmiyyəti nümayəndələrinin köməyinə arxalanırıq.
AZXEBER.COM olaraq həmkarlarımızı təbrik edirik.