Qida əlavələri ehtiyacdır, ya pul tələsi? - Terapevtdən tövsiyə

Qida əlavələri ehtiyacdır, ya pul tələsi? - Terapevtdən tövsiyə
SOSİAL
21:24 24.06.2026
250
Vitamin və qida əlavələrinin istifadəsi əhəmiyyətli dərəcədə artıb. Sosial media paylaşımları, reklamlar və sağlam həyat tərzi ilə bağlı tövsiyələr bir çox insanı bu məhsullara yönəldir. Bəs vitamin əlavələrinin qəbulu hər kəs üçün zəruridirmi, yoxsa artan marağın arxasında daha çox marketinq amilləri dayanır?

Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, analizlərdə vitamin çatışmazlığı aşkarlanıbsa, bu, göstərişdir:

"Lakin bu gün sosial mediada müxtəlif tanınmış şəxslərin və kontent istehsalçılarının bu barədə paylaşımlar etməsi, insanların isə analiz vermədən və həkim tövsiyəsi olmadan bu məhsullardan istifadə etməsi, təbii ki, marketinq üsuludur. Çünki bu gün müxtəlif firmalar öz məhsullarını təqdim edir və təəssüf ki, bəzi hallarda preparatlar ehtiyac olmadan da tövsiyə olunur. Mənim fikrimcə, vicdanlı həkim heç vaxt göstəriş olmadan pasiyentə hər hansı preparat yazmaz. Tövsiyəm ondan ibarətdir ki, əgər analizlərdə çatışmazlıq aşkarlanmayıbsa və həkim bunu təyin etməyibsə, marketinq məqsədilə reklam olunan qida əlavələrinin və vitaminlərin qəbul edilməsi tövsiyə olunmur. Lakin analizlərdə çatışmazlıq çıxıbsa və həkim də təyin edibsə, o halda qəbul olunması vacibdir".

Həkim deyib ki, hər nə qədər D vitaminini günəşdən aldığımızı desək də, əksər hallarda bu kifayət etmir:

"D vitamini orqanizm üçün vacib vitaminlərdəndir. Eyni zamanda A, E və C vitaminlərini də qidalar vasitəsilə qəbul etməyə çalışırıq. Amma bunun nə dərəcədə yetərli olduğu sual altındadır. Hava şəraitinin dəyişkənliyi, qidalanma vərdişlərinin dəyişməsi və bəzi məhsulların yetişdirilməsində istifadə olunan gübrələr onların qida dəyərinə təsir göstərə bilir.

Odur ki, vitamin və digər əlavələr yalnız analiz nəticələrinə uyğun olaraq həkim tərəfindən təyin edildikdə qəbul olunmalıdır. Əks təqdirdə, heç bir reklam çarxına və ya sosial media paylaşımına əsaslanaraq preparat qəbul etmək düzgün deyil.

Ümumiyyətlə, preparatların reklamını düzgün hesab etmirəm. Preparat haqqında məlumat ilk növbədə həkimlərə təqdim edilməlidir ki, onlar tərkibini və təsir mexanizmini qiymətləndirə bilsinlər. Həkim analiz nəticələrinə uyğun olaraq ehtiyac gördükdə həmin preparatı pasiyentə tövsiyə edir. Düşünürəm ki, həkimlər də vicdanla və əlavə maraq güdmədən preparatlar təyin edirlər. Bu yanaşma insanların orqanizmini 30 yaşdan sonra deyil, elə gənc yaşlardan daha sağlam saxlamağa kömək edə bilər", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR