Qurban bayramı münasibətilə Qırmızı Ürəklər Fondu və Birbank tərəfindən birgə həyata keçirilən ənənəvi "Qurban payı” ianə toplama aksiyası uğurla başa çatıb. Aksiya çərçivəsində aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan 400 ailəyə qurban payı təqdim edilib.
Birbank mobil tətbiqi vasitəsilə 637 xeyirxah ianəçinin dəstəyi ilə ümumilikdə 5 492 AZN vəsait toplanıb. Bununla yanaşı, Kapital Bank filiallarında yerləşən ianə qutularından toplanan vəsait də aksiyaya yönəldilib.
Toplanan vəsait hesabına ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payları hazırlanaraq çatdırılıb. Aksiyanın həyata keçirilməsində 80 könüllü fəal iştirak edib. Bayram payları könüllülər vasitəsilə yardıma ehtiyacı olan ailələrə çatdırılıb.
Fond ənənəvi olaraq təşkil olunan bu aksiya ilə bayram günlərində yardıma ehtiyacı olan ailələrin sevincinə şərik olmağı, eyni zamanda cəmiyyətin hər bir fərdinə sosial məsuliyyət və həmrəylik hissini aşılamağı hədəfləyir.
"Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.











































