Qız qalasında məskunlaşan quşlar başqa yerə köçürülür
Bütün Xəbərlər
14:03 11.05.2012
1611
Qız qalasında məskunlaşan uzunqanad quşlarına alternativ yuvalar qurulacaq. Nazirlər Kabineti yanında “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən xəbərə görə, bu quşlar aprelin əvvəllərində Bakıya gəlir, burada bala verir və iyul-avqust aylarında yeni nəsil ilə birlikdə Cənubi Afrikaya köç edirlər. Qız Qalasında muzey konservasiya işləri bitdikdən və daşlar arasındakı boşluqlar doldurulduqdan sonra uzunqanad quşlarının burada əvvəlki sayda yuva qurmasının mümkünsüz olacağını nəzərə alaraq Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq (İDEA) kampaniyasının rəhbəri Leyla Əliyevanın təklifi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən uzunqanad quşlarına Qız Qalası yaxınlığında alternativ yuva qurulmasına qərar verilib. Prosesi elmi əsaslarla həyata keçirmək və beynəlxalq təcrübənin tətbiq edilməsi üçün bir sıra təşkilatlarla əməkdaşlıq edilib. Belə ki, “BirdLife” Avstriya Ornitoloqlar Cəmiyyəti ilə aparılan məsləhətləşmələrə əsasən uzunqanad quşları üçün Avropada hazırlanmış 500-dən artıq yuva alınaraq Qız Qalasının yaxınlığındakı binanın fasadına quraşdırılıb. Qız Qalasında 250-300 uzunqanad yuva salıb, süni yuvaların sayı bundan təxminən iki dəfə artıqdır. Bu, gələcəkdə uzunqanad quşlarının populyasiyasını artırmaq məqsədilə həyata keçirilib. Quşların alternativ yuvalara köçürülməsi ilə bağlı Böyük Britaniyada yerləşən uzunqanad quşlarının qorunması sahəsində ixtisaslaşmış “Swift Conservartion” (“Uzunqanadların qorunması”) beynəlxalq təşkilatı ilə əməkdaşlıq qurulub. Quşları yuvalara cəlb etmək üçün “Swift Conservartion” təşkilatı tərəfindən yazılı təlimatlar, uzunqanad quşlarının səs yazılarından ibarət olan CD disklər təqdim edilib. Bir neçə yuvaya qoşulmuş səsgücləndiricilər vasitəsilə uzunqanadların səsləri gün ərzində quşların ən çox yuva axtardığı zamanlarda səsləndirilir.