- Ə at özünü, kişisən, adam balasısan, çıxmısansa ora, at özünü.
-Deyirlər qumarda uduzub, ona görə çıxıb ora...
- Az yooox... Bundan qabaq xalasıoğlu istiyirmiş arvadını. Arvadı da puluna görə, buna gedib. Bu da mağazasını banka “zalok” qoyandan sonra hər şeyini batırıb. Arvad da xalasıoğluna qaçıb. Sonra bu da bir gecə gedib arvadını xalasıoğlugildə pasteldə bir tutub. Dözəmmiyib yəqin. Qeyrətə gəlib, özünü öldürmək istəyib.
- Biraz o balkonun qırağından tut. Aha, bax belə... Dayan. Çəkdim, çəkdim... Qəşşəng “selfie” oldu (gülür).
- Artislik eliyir. Bunlar belədi. Kaş beləsi əsgərlikdə mənim əlimin altında olardı. Bunun kimiləri elə orada sındırardım. Bilirsən brat necədi, özünü atan oğlan çoxdan özünü atmışdı. Beləsini əsgərlikdə sındırıblar yəqin.
**
Qulağıma ancaq qeybətcil insanların səsləri gəlirdi. Onların arasında dayanacaqda “kliyent” gözləyən dazbaş taksi sürücüsündən tutmuş, dolmasını qazın üstündə yaddan çıxarıb başı qeybətə qarışan həmin o başı yaşmaqlı xalaya kimi vardı...
Onaltı mərtəbəli binanın düz təpəsinə çıxmışdı cavan oğlan. Ayaqlarını sallaya-sallaya səssizcə aşağıda onu izləyən adamlara baxırdı. Yuxarıdan yerdə nöqtə kimi görsənən adamların baxışlarının qəhrəmanı olmuşdu oğlan. Bəlkə də, həyatında ilk dəfə bu qədər insanın marağını özünə cəlb etmişdi. Bir saatlıq da olsa, məşhur olduğunu bilirdi. Yəqin ki, bu duyğu onun üçün çox özəl idi.
Xəbəri eşidən, özüylə bir stul gətirib binanın qarşısında oturub maraqla tamaşa edirdi bu şoğəribin oyununa. Hərənin bir iddiası var idi. Kimisi arvadını pasteldə başqa kişi ilə tutduğunu iddia edir, kimisi xədim olduğunu ortaya atır, kimisi qumar stolunda zatına qədər uduzduğunu, kimisi də başdan xarablığını dilinə dolayırdı...
Əlində mikrofon tutan balacaboy, yekəqarın polis üçünsə bunların heç birinin əhəmiyyəti yox idi. Onun bu dəqiqə ən böyük nifrəti yuxarıda oturub, hamını barmağına sarıyan bu gədəyə idi.
Sanki kababçının bəh-bəhlə süfrəyə təzə gətirdiyi quzu kababını əlinə alıb dişinə çəkmək istədiyi vaxt zəng edib hadisə yerinə getməyini əmr etmişdilər ona. Üst-başından gələn manqal qoxusu kənardan adamın burnunu qıcıqlandırırdı. Kömürlə ətin yanmış hissəsinin qarışmış qoxusu idi bu. Hələ süfrəyə gələn beçə ilə meyvə arağını da bədənə vurammamışdı. Ona imkan versəydilər, elə bu dəqiqə yuxarı qalxıb bu gədəni yerindəcə qandallayıb basardı qoduxxanaya. Amma qanunlar və səlahiyyətlər. Hər ikisi bu an bu qədər insanın gözü önündə pozula bilməyəcək qədər müqəddəs idi. Bir də ki, indi kişinin yanında baş kəsmək söhbəti qutarıb. Bu dəqiqə səlahiyyətlərini aşacaq nəsə eləsə, ətrafdakı “işverənlərin” hərəsi cibindəki telefonunu çıxarıb meymun çəkən kimi onu çəkəcəkdilər. Sonra da aparıb o yiyəsi ölmüş “Youtube”a qoyacaqlar. Sonra həm işini itirəcəksən, həm də el-oba içində rüsvay olacaqsan. Yeganə çıxış yolu bu şoğəribi başa salıb aşağı endirmək idi.
Əlindəki mikrofonun burnunu yuxarı qaldırır:
- İntihar çıxış yolu deyil. Sizə söz veririk, düşün aşağı, nə probleminiz varsa, həll edəcəyik.
- Bilirəm, düşən kimi, basassan “KPZ”yə. Onu çağırın gəlsin. Deyin, sənə görə özünü bu dəqiqə tulluyajax aşağı.
- A kişi, yorma bizi. Demişik, gəlir özü də. İndi danışdıq. Taksidədi. Düş, gələndə səni belə görməsin.
- Yox e, gəlsin sonra. Gəlməsə, kişi deyil, özümü buraxajam aşağı.
Tamaşa xəbərini eşidənlərin hamısı binanın aşağısında toplanmağa başlamışdılar. Marketdə işləyən satıcı, masaj salonunda işləyən qızlar, yaxınlıqdakı kafenin kababçısı, ofisiantı – bir sözlə intihar xəbərini eşidən hamı bu maraqlı və ödənişsiz tamaşanı izləmək üçün binanın həyətinə axışırdılar. Oğlanın gözündə aşağıdakı nöqtələrin sayı durmadan artırdı. Yaxınlıqdakı ara yollar da bağlanmışdı. Siqnal səslərisə adamın lap qulağını batırırdı.
Elə bir az keçməmiş işin səbəbkarı da gəlib çıxdı. Hamının diqqəti hələ də yuxarıda idi. Qəhrəmanımız aşağıda toplaşan və maraqla bir insanın canlı ölümünü görmək üçün dəridən-qabıqdan çıxmağa hazır insanların adrenalin hissini aşağı endirməməyə çalışırdı. Arada oturduğu yerdən durur, o tərəfə-bu tərəfə vurnuxurdu. Bir neçə dəfə bu hərəkəti təkrarladıqdan sonra o da, artıq bu blefin aşağıdakıların marağını çəkmədiyini anladı. Daha fərqli bir şey tapmağa çalışırdı sanki. Aşağıdakıları yeganə təəccübləndirəcək vasitə, elə özünü aşağı buraxmaq idi. Amma o buna görə çıxmamışdı yuxarı. Çünki hərəkətlərində anlaqlı və nə etdiyinin fərqində olan birisi olduğu görünürdü.
Bir kitabdan oxumuşdum. Müəllifin adı tam yadımda deyil, amma o kitabda anlaqlı vəziyyətdə yüzdə bir insanın intihar edə biləcəyi deyilirdi. Bu yumrusifətin isə o ürəyə sahib olmadığı bəlli idi.
**
Bir neçə saat davam edən bu tamaşa balacaboy, çəlimsiz, sarışın bir qızın gəlişi ilə sona yetdi.
Bir neçə dəqiqə sonra hər şey artıq bitmişdi. Saatlardı hamını meymuna çevirən oğlan qızın gəlişi ilə intihar fikrindən əl çəkərək, aşağı düşməyi qəbul etdi. Düşən kimi polis avtomobilinə mindirilib gözdən itdi. Həyat normal axarında davam etdi.
Hamının iddiası səhv çıxmışdı həmin gün. Sonra bəlli oldu ki, qız oğlanı tərk etdiyi üçün özünü öldürmək istəyibmiş. Daha doğrusu blef etmək istəyib. Yəni nə arvadını pasteldə başqasıynan tutub, nə də qumarda uduzub.
**
Yəqin siz də razılaşarsınız ki, indiki intiharlar da artıq insanlara səmimi gəlmir, yalançı çobanın nağılını xatırlatmağa başlayıb. İndi əlini-ətəyini hər şeydən üzən və bir göz qırpımında bütün problemlərinin həllini gözləyən insanların ən ideal blefi intihara cəhddir. Böyük səhnə və böyük auditoriya. Biraz da şansın gətirsə, bütün istəklərin yerinə yetiriləcək. Amma yuxarıdakı azad həyat, aşağıda səni gözləyən və səbirsizliklə səni “KPZ”yə aparmaq istəyən polislərin qoluna vurduğu qandalla da nəticələnə bilər. Çünki sən həm də ictimai asayişi pozan birisən.
P.S Bir tanışım intihar edən insanları heç vaxt anlamadığından şikayətlənərdi. Hətta o insanların özlərinə olan inamsızlığından danışardı. Bu mövzuda söhbətimizin üstündən heç bir ay keçməmiş, bir gün səhər onun intihar etdiyini eşitdim. O da son çıxış kimi özü əkdiyi ağacın ən sağlam budağına keçirdiyi kəndirdə gördü. Blefsiz, filansız. Heç nədən şikayət etmədən və heç bir səbəb göstərmədən. Nifrət etdiyi bir vasitə ilə ölümü seçdi.