Son illər Azərbaycanda Hallouen bayramının qeyd olunması xüsusilə gənclər, yeniyetmələr və uşaqlar arasında geniş yayılıb. Bayram münasibətilə müxtəlif əyləncələr təşkil olunur, qorxulu kostyumlar geyinilir, dəhşətli qrimlər edilir və bu görüntülər sosial şəbəkələrdə paylaşılır. Lakin bəzən həddindən artıq qorxulu obrazlar və səhnələr uşaqlarda narahatlıq və qorxu yarada bilər.
Bəs Halloween bayramının bu şəkildə qeyd olunması uşaqların psixologiyasına necə təsir göstərir? Qorxulu maskalar və görüntülər azyaşlılarda hansı psixoloji problemlərə səbəb ola bilər?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Halloween bayramının uşaqlara təsiri onların yaşından, fərdi həssaslığından və tədbirin təşkil olunma formasından asılıdır:
"Eyni obraz bir uşaq üçün əyləncəli, digəri üçün qorxuducu ola bilər. Buna görə bütün uşaqların belə tədbirlərə eyni reaksiya verəcəyini düşünmək düzgün deyil. Xüsusilə məktəbəqədər yaşda uşaqlar gerçəkliklə təxəyyülü ayırmaqda çətinlik çəkə bilirlər. Böyüklərin sadəcə qrim və dekorasiya kimi qəbul etdiyi qanlı üzlər, qorxunc maskalar və qəfil səslər onlarda real təhlükə hissi yarada bilər. Uşağa "bu, sadəcə oyundur” demək həmin qorxunu dərhal aradan qaldırmaya bilər. Onu tədbirə əvvəlcədən hazırlamaq, nələrlə qarşılaşacağını izah etmək və yanında etibar etdiyi böyüyün olmasını təmin etmək əhəmiyyətlidir. Kostyum geyinmək və müxtəlif obrazları canlandırmaq özlüyündə zərərli deyil. Yaşa uyğun və təhlükəsiz təşkil olunan tədbirlər uşaqların yaradıcılığını ifadə etməsinə, dostları ilə ünsiyyət qurmasına şərait yarada bilər. Halloween tədbirlərində nağıl qəhrəmanlarına, yumoristik geyimlərə və yaradıcı oyunlara üstünlük vermək mümkündür”.E.Rüstəmov vurğulayıb ki, valideynlər və müəllimlər ilk növbədə uşaqların emosional vəziyyətini nəzərə almalıdırlar:
"Uşaq ağlayırsa, gizlənirsə, iştirakdan imtina edirsə və ya oradan uzaqlaşmaq istəyirsə, onun hisslərinə hörmətlə yanaşmaq lazımdır. "Qorxaq olma”, "bax, başqaları qorxmur” kimi ifadələr işlətmək, uşağı müqayisə etmək və məcburən tədbirdə saxlamaq doğru deyil. Böyüyün sakit münasibəti və uşağa seçim verməsi onun özünü təhlükəsiz hiss etməsinə kömək edir”.
Ekspert sosial şəbəkələrdə yayılan qorxulu görüntülərə də diqqət çəkib:
"Sosial şəbəkələrdə qorxulu qrim və videoların paylaşılması da məsuliyyət tələb edir. Uşaqların qarşısına çıxan məzmunun yaşlarına uyğunluğu nəzərə alınmalıdır. Xüsusilə uşağı qəsdən qorxudub reaksiyasını videoya çəkməyi və baxış toplamaq üçün paylaşmağı qəbuledilməz hesab edirəm. Uşağın qorxusu əyləncə materialına çevrilməməlidir”.
Psixoloq məsələnin milli-mənəvi dəyərlər baxımından da qiymətləndirilməsinin vacibliyini bildirib:
"Uşaqların müxtəlif xalqların ənənələri ilə tanış olması öz milli-mənəvi dəyərlərimizi öyrətməyimizlə yanaşı getməlidir. Ailələr hansı ənənəni niyə qeyd etdiklərini uşağa anlaşıqlı şəkildə izah edə bilərlər. Məktəb və bağçalarda isə belə tədbirlər valideynlərlə əvvəlcədən razılaşdırılmalı, iştirak könüllü olmalı, qatılmayan uşaqların özlərini kənarda hiss etməsinə yol verilməməlidir. Hər bir uşaq tədbirinin təşkilində emosional təhlükəsizlik əsas meyar olmalıdır. Tədbirin uğuru uşağın oradan xoş təəssüratla, özünü rahat və dəyərli hiss edərək ayrılması ilə ölçülməlidir”.
Şahanə Ziyad









































