Əfsələddin Ağalarov
Bu gün kimi yadımdadır. 2013-cü illər müxalif gənclərin meydan suladığı illər idi. Qrantlar havada uçuşur, Tiflisə ayda bir dəfə gedib-gələnin üzü gülürdü. Hər gün mamır kimi yeni gənclər ortaya çıxırdı. Adını belə bilmədiyimiz, bu günə kimi imzasına rast gəlinməyən gənclərdən danışıram. Hərəsi əlinə bir klaviatura alıb neytral olan kim varsa onlara qarşı "cihad” edirdilər. Prezidenti dəstəkləyənlərə qarşı ana-bacı söyüşləri, təhqirlər və daha nələr. Normal müzakirə mədəniyyətindən uzaq insanların çoxluğu gün getdikcə artır, təhqirlər yağdırmaqla özlərini qəhrəman elan edirdilər.
Həmin dönəmlərdə "Azadlıq" radiosunda hər gün sosial şəbəkələrdəki mövzularla bağlı debatlar təşkil olunurdu. Prezident seçkilərinə çox az bir müddət qalmışdı. Orada işləyən jurnalistlərin dəvəti ilə bu verilişlərdə iştirak edir, mövqeyimizi səsləndirirdik.
Verilişlərin birində opponentimdən tez gəldiyim üçün foyeyə çıxıb bir siqaret yandırdım. Arxamda iki şəxs siqaret çəkərək söhbət edirdilər. Biri qadın, biri kişi. Mən içəri girən zaman adamların üzü kimi mövzu da dəyişdi. Atmacalar, məni özümdən çıxartmaq üçün deyilən minbir sözlər, mənasız ritorikalar ... Uymadım, fikir belə vermədim. Arxamı dönüb onları tək buraxdım. Bu o xanımdır ki, hamımız onu yaxşı tanıyırıq. Həm də çox yaxşı.
Həmin illər şəhərdə dostlarla gəzmək belə çətinləşmişdi. Mərkəzdəki "Araz” kafesinə daxil olub bir stəkan çay içmək belə bizim üçün müşkülə çevrilmişdi. Adamlar bilərək bizi münaqişəyə çəkmək və bundan öz maraqları üçün istifadə etmək istəyirdilər. Yenə alınmadı. Yenə və yenə...
***
İl gəlib çıxdı 2018-ə. Bu dəfə fərqli bir obraza bürünüb qaraguruhçuluq. Yenə adını bu günə kimi eşitmədiyimiz, jurnalistikadan, siyasətdən uzaq şəxslər bir araya toplanıb. Yenə həmin ritorika, yenə söyüş, yenə təhqirlər. Qoca cütlük yenə sapandın dalında gizlənib, siyasətdən uzaq "daşlar”ı üzü bizə tərəf atırlar. Yunusları deyirəm. Görəsən onlar üçün yeni obrazlar tapmaqdan asant bu dünyada nə var ?
PA-nın şöbə müdiri Əli Həsənov Feysbuk səhifəsində bu qaraguruhçuluğu edənlərə tutarlı cavab verdi. Onları siyasi əxlaqa dəvət etdi. Biz gənclər olaraq da hörmətli Əli müəllimin bu çağırışa qoşulur və bir daha həmin şəxsləri əxlaqlı olmağa çağırırıq. Onlar unutmamalıdırlar ki, sabah Leyla Yunus bir "Corc"un sözüylə ətəyindəki daşları tökəndə indikilər də bir yerlərə yuvarlanacaqlar. Necə ki, bundan öncə yuvarlanıblar.