Qüdrət Həsənquliyev Türkiyə səfirliyinə cavab verdi

Qüdrət Həsənquliyev Türkiyə səfirliyinə cavab verdi
Bütün Xəbərlər
02:55 28.08.2011
1414

“Millətin bir hissəsi işğala məruz qaldığı halda, digər hissəsinin işğalçı dövlətlə ticari-iqtisadi əlaqələr qurması Türkiyəyə başucalığı gətirməz”

“Yalnız həqiqətdən uzaq, qeyri-səmimi insanlar mənim PKK-nın Türkiyə üçün verdiyi acıları qiymətləndirməyi bacarmadığımı iddia edə bilərlər. Yəqin heç bunu yazanların özləri də buna inanmırlar”.

Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Azərbaycandakı səfirliyinin onun barəsində yaydığı açıqlamanı şərh edərkən deyib. Q. Həsənquliyevin sözlərinə görə, Türkiyə iş adamlarının Ermənistan iş adamları ilə ciddi ticari-iqtisadi əlaqələr qurması danılmaz faktdır: “Bunu tək mən yox, Azərbaycan rəsmiləri də söyləyir. Bu gün Türkiyədən Ermənistana, Ermənistandan Türkiyəyə təyyarələr uçur. Avtomobillər, iri maşınlar Gürcüstan üzərindən yük daşıyırlar. Birbaşa Türkiyədən mal daşıyan bu iri maşınların sayı 18 mindən artıqdır. Sayın Ərdoğanın özü AŞPA-nın iclasında söylədi ki, on minlərlə erməni qanunsuz olaraq Türkiyədə yaşayır, işləyir və öz ailəsinə vəsait göndərir. Türkiyə ilə Ermənistanın, həmçinin İranla Ermənistanın ticari-iqtisadi əlaqələri bu ölkədə çətinliyi aradan qaldırır, beləliklə Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsinə imkan verir. Mən də bunu pisləmişəm, hesab edirəm ki, Türkiyə ictimaiyyəti də pisləməlidir. Səfirlik bu fakta aydınlıq gətirmək əvəzinə bildirir ki, guya biz PKK-ya qarşı Azərbaycanda mübarizənin aparılmasından narahatıq. Gərək nə qədər qərəzli olasan ki, belə söz deyəsən. Mən elə bu yaxınlarda bir neçə dəfə mətbuatda söyləmişəm ki, PKK ilə əməkdaşlıq edən şəxslər dünyadakı bütün türklərin, o cümlədən mənim düşmənimdir. Həm də söyləmişəm ki, PKK ilə əməkdaşlıqla Ermənistanla əməkdaşlıq arasında fərq görmürəm. Türkiyə çoxlu acı yaşasa da, şəhidlər versə də, PKK Türkiyənin 20 faizini işğal edə, bir milyon insanı evindən didərgin sala bilməyib. Amma Ermənistan Azərbaycana qarşı münasibətdə bunu edib. Yəni, Ermənistan PKK-nın Türkiyəyə etdiyindən on qat artığını Azərbaycana edib. Ona görə də türk ictimaiyyətindən təvəqqe etmişəm ki, onlar bu əməkdaşlığı pisləməsinlər, buna son qoysunlar. Yəni, Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlamasının real təsiri, nəticələri olsun”.

Q. Həsənquliyev Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı təkcə Türkiyəni tənqid etmədiyini də deyib: “Hər zaman hökumətimizi də qınamışam ki, niyə Türkiyə ilə viza rejimini aradan qaldırılmır? Şəhidlər xiyabanında Türkiyənin bayrağı endiriləndə mən yaxamdan Azərbaycan bayrağını çıxarıb, onun yerinə Türkiyənin bayrağını taxıb parlamentə gedən tək millət vəkili olmuşam. Biz 24 aprelin hər il qəhrəman türk əsgərinin anım günü kimi qeyd olunmasını istəmişik. Bu gün Türkiyədə Zəfər Bayramının qeyd olunmadığı bir vaxtda partiya olaraq qərar qəbul etmişik ki, avqustun 30-da Mustafa Kamal Atatürkün Bakıdakı abidəsinin önündə bu bayramı qeyd edək. Biz hər il sentyabrın 15-də qəhrəman türk əsgərlərinin qəbirlərini ziyarət edirik, abidənin önünə əklil qoyuruq. Ancaq bu gün türk iş adamları Ermənistanla əlaqələr qurusa, buna etiraz etmək də haqqımızdır. Çox təəssüf ki, Azərbaycandakı bir sıra qüvvələr bundan danışmır. Səfirliyin açıqlamasında da mərhum prezident Heydər Əliyevin sözləri xatırladılır: “Biz bir millət iki dövlətik”. Əgər belədirsə, millətin bir hissəsi işğala məruz qaldığı halda, digər hissəsinin işğalçı dövlətlə ticari-iqtisadi əlaqələr qurması Türkiyəyə yaraşmaz, başucalığı gətirməz. Bizim də narazılığımız bundandır. Səfirin öz açıqlamasında söylədiyim faktlara açıqlıq gətirmək əvəzinə mənə hücum etməsi ona başucalığı gətirmir”.

Q. Həsənquliyev sonda Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlarını və bütün türkləri Ramazan və Zəfər Bayramı münasibətilə təbrik edib.

//APA

OXŞAR XƏBƏRLƏR