‘Quldur Rəhim Qazıyevin özüdür’

‘Quldur Rəhim Qazıyevin özüdür’
Bütün Xəbərlər
12:48 14.04.2013
1417

Sabiq müdafiə naziri Rəhim Qazıyev bu günlərdə “bandotdel”ə aparılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Bu məktubundan sonra Rəhim Qazıyevə qarşı təzyiqlər başlanıb. Bu təzyiqlərə cavab olaraq, o, yenidən İlham Əliyevə müraciət edib. Məktubunda Rəhim Qazıyev mart ayında polis orqanları tərəfindən saxlanılmasından dövlət başçısına narazılığını çatdırır və onu tutub aparan polis işçilərini quldurluqda da ittiham edir: “Lakin, heç vaxt hətta düşünə də bilməzdim ki, ölkə prezidentinə şəxsi imzamla yazdığım məktuba görə, qeyri-insani şəkildə mən, 70 yaşlı vətəndaş olmağıma rəğmən, pələng cüssəli, üzləri maskalı quldurlar tərəfindən başıma torba keçirilərək oğurlanıb aparılacağam”. Rəhim Qazıyevin bu fikirlərinə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadəyə müraciət etdik. O, məsələ ilə bağlı qəzetimizin sorğusuna belə cavab verdi: “Əvvəla, polisi quldur adlandıranın özü quldurdur. İkincisi, Azərbaycan ictimaiyyəti Rəhim Qazıyevin müstəqilliyin ilk illərində torpaqlarımızın, xüsusən Şuşa və Laçının erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş cinayətkar və xəyanətkar fəaliyyətini, onun hansı əxlaq və mənəvi dəyər sahibi olduğunu çox gözəl bilir. İndilikdə guya azadlıq və demokratiya aşiqi olan, xüsusi əməliyyat tədbiri keçirilərkən lazımi vaxtda və yerdə olmayan bu şəxsin polis əməkdaşlarının işgüzar imicinə və yüksək nüfuzuna kölgə salmağa hesablanmış ifadələri tamamilə qəbulolunmaz və yolverilməzdir”. O.Mansurzadə bildirdi ki, polis əməkdaşları çox şərəfli bir missiya daşıyırlar: “Onlar qanun keşikçiləridir və heç kəsin onu aşağılatmağa haqqı yoxdur. Bildiyiniz kimi, sözügedən hadisə zamanı Rəhim Qazıyev xüsusi əməliyyatın keçirilməsinə mane olub, saxlanılan zaman hay-küy salıb, polisə müqavimət göstərib. Saxlanıldıqdan az sonra isə sərbəst buraxılıb. Hesab edirəm ki, avantürist addımları, qalmaqallı çıxışları ilə tanınan Rəhim Qazıyevin sonuncu müraciəti də onun yenidən gündəmdə qalmağa hesablanmış uğursuz bir cəhdidir. Belə təhqiramiz açıqlamaları və təxribat xarakterli müraciətləri ilə ictimaiyyətin diqqətini çəkmək, özünü yenidən "qəhrəman" obrazında göstərmək istəyir. Halbuki, Azərbaycan cəmiyyəti kimin-kim olduğunu, o cümlədən Rəhim Qazıyevin xəyanətkar keçmişini unutmayıb və onun nimdaş personasına da kifayət qədər yaxşı bələddir”. (bizimyol.info)

OXŞAR XƏBƏRLƏR