Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası fətva verib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, fətvada Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə idarə və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edib. Bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyib. Fətvada deyilir: "Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsüsilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq. Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Lakin borc pulla qurban kəsməyə ehtiyac yoxdur". Fətvada qeyd edilir ki, Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keci, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Bundan əlavə, beş-altı adamın cəmləşib bir iribüynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissə qurban sahibinin, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Fətvada qeyd edilir ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir. Bir qayda olaraq, qurban kəsərkən heyvanı uzu qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən, yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa, “Bismillahi və billahi vəllahu əkbər” deyərək kəsilsin. QMİ-nin mətbuat xidmətinin məlumataına görə, Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 6-7 noyabr tarixlərini Qurban Bayramı münasibətilə qeyri-iş günü elan edib. "Bu günlərin hər birində öz əqidəsinə uyğun olaraq qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmcinin, qurbanların ictimai yerlərdə və uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil. İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.