Sənə demişdim axı...Demişdim! Demişdim ki, həyatda sevgi üzdə bölündüyü tək deyil. O, həmişə qarşılıqsız olur. Hətta, qarşılıqlı gəlsə belə... Hətta, iki nəfər də bir-birinə, dönə-dönə hey “mən səni sevirəm” desə belə! Birində çox olanda, o birində hisslər azalmalıdır. Birinin duyğuları hücuma keçdiyi an, digərinin ordusu geriyə qaçmalıdır. Yox, yox... Mən demirdim ki, məhz bu cür olmalıdır. Amma nə edim ki, hey belə oldu. Bilsəydim ki, sən yenilik etməkdən qorxacaqsan... Heç nə deməzdim sənə.
Sənə demişdim axı... Demişdim! Demişdim ki, heç nədən qorxma. Demişdim ki, heç kimin qınağına aldanma. Mənə inan... Bilirsən, mən bunu niyə demişdim? İnanmışdım sənə, inanmışdım. Axı, səndən nələrə gözlədiyimi dönə-dönə demişdim... Amma sən.. Elə əsl gözlədiyimi verdin. Qorxa-qorxa “səni itirmək istəmirəm” sözlərimin cavabını.... Nə qələt eləmişdim!
Axı, demişdim sənə! Demişdim! Sevdiyimdə görmədiyim baxmadığımdan irəli gəlmirdi. Səni yüksəkdə görməyim axmaqlığımdan deyil, sənə verdiyim dəyərimdən idi... Demişdim axı, sənə.. Sən mənə heç nə demə, göstər sevgini – narazı fısıltıdan uzaq nəfəsin ilə.
Demişdim axı sənə... Bildiyimi demişdim. Heç də hər şey biz istəyən kimi olmur həyatda. Heç də hər dediyimiz dinlənilmir... Hətta, ən yaxın ətrafımızda da. Demişdim ki, ürəklər xalsız olmaz. Eh! Gör ey, sənə mən nə çox şey demişdim... Özümə deyən biri lazım idi – sənə dediklərimi.