Rəşad Məcid “İrəli” haqda nə dedi? (FOTO)

GƏNCLİK
07:05 05.03.2011
2361

 

 

“Media Time”-nin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid olub. Qonaq rəhbəri olduğu qəzetin siyasəti haqda danışıb: “Rəhbəri olduğum qəzeti ciddi mətbuat saymaq olar. Biz daha çox ciddiliyə üstünlük veririk, reytinq arxasınca getmirik. “525”-ci qəzetin şənbə buraxılışında ədəbiyyata geniş yer ayırırıq. Son vaxtlar mübahisələr gedir ki, internet mediası çap mediasını sıradan çıxaracaq. Mən bununla qismən razıyam. Amma unutmaq lazım deyil ki, çap mediasına hər zaman ehtiyac olub və olacaq”.

Qonaq həmçinin “525”-ci qəzetdə hər zaman gənclərə yer verdiklərini də vurğulayıb: “525-ci qəzet hər zaman gənclərə xüsusi önəm verib. Perspektivli, savadlı gənclərə qapımız hər zaman açıqdır. Qəzetimizdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin yazıları tez-tez çap olunur”.

Rəşad Məcid “İrəli” İctimai Birliyi və birliyin layihəsi olan “Media Akademiya” haqda da danışıb: “Mənim “İrəli” İctimai Birliyi ilə bağlı həmişə müsbət fikirlərim olub. “İrəli”nin Yay Universiteti layihəsində iştirak etmişdim, gənclərə maraqlı söhbətlərimiz olmuşdu. Bundan başqa “İrəli” Media Akademiyasında da gənc jurnalistlərə təlim keçmişdim. Orada müxtəlif universitetlərdən tələbələr var idi. Təbii ki, jurnalistikaya marağı olan şəxsləri bir araya yığmaq, onlara jurnalistika ilə bağlı dərslər keçmək müsbət haldır. Ümumilikdə, “İrəli” İctimai Birliyinin fəaliyyətini bəyənirəm. Birliyin sədri Ceyhun Osmanlıya çox böyük hörmətim var, çox fəal və səviyyəli bir insandır. “İrəli”də mənim çoxlu gənc dostlarım var”.

Qeyd edək ki,Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təqdimatında “Media Time” verilişi hər həftənin cümə günü saat 16.00-da “İRADİO.AZ”da canlı yayımlanacaq.

                                                                                                                                                                                                                                         Hacıbəy Heydərli, mənbə: 525-ci qəzet

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR