Necə oldu ki, jurnalistikanı seçdiniz?
_Lap uşaqlıqdan ədəbiyyata marağım var idi. 3-cü sinifdə oxuyanda ibtidai sinif müəllimimə, sonra isə baharın gəlişinə aid şeir yazdım. Başladım yazı–pozu ilə məşğul olmağa. Riyaziyyatı yaxşı bilirdim və Bakıya gəlib fizika- riyaziyyat təmayüllü məktəbdə təhsilimi davam elədim. Burda da hamı məni şair kimi tanımağa başladı. Filologiya fakültəsinə daxil olmaq istəyirdim, amma həmin il qəbul ola bilmədim, ikinci il isə jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul oldum. Və bir də gördüm ki, mətbuat adamlarının içərisindəyəm. “Elm və həyat” jurnalında işləyirdim.
Tələbəlik illərini necə xatırlayırsız?
_Mən qiyabi oxudum. İşlədiyim yer də, fakültə də Bakı soveti metrosuna yaxın yerləşirdi. Mətbuatda işlədiyimə görə bir çox üstünlüklərim var idi. Müəllimlərim redaksiyaya gəlirdilər, yazılarını gətirirdilər. Tələbəlik illərində ən yadda qalan məqam Nurəddin Babayevin “Oçerk sənətkarlığından” dediyi dərs idi. Amma bir hadisə xoş bir xatirə kimi yadımdadır; Nurəddin muəllim gəldi, iki qoşa saat müddətində oçerk yazacagımızı və oxuyacagımızı bildirdi. Mən də oçerk yazdım. Bundan əvvəl Nurəddin müəllimlə aramızda soyuq münaqişə bas vermişdi. O demişdi ki: “Mən bu adama qiymət yazmayacağam, o yaxşı yazmır.” Oçerk yazandan sonra başladıq müzakirə etməyə. Mən Nurəddin Babayev haqqında yazmışdım. O vaxt Nurəddin Babayevin kitabı çıxmışdı - ”Qızlar, sözüm sizədir”. Çox populyar idi. Gənclər arasında çox sevilirdi. Mən bütün bunları oçerkə çevirmişdim. Oçerk çox emosional idi. Müəllimin gözləri doldu, kövrəldi və mənə təşəkkür etdi. Bütün bunları bir xatirə kimi yadımda saxlayıram.Yəqin ki, yazdığım oçerk Nurəddin Babayevin arxivində durur.
_Jurnalistikada məhz qəzet sahəsini seçməyiniz nə ilə əlaqədardır?
_O illərdə televiziya elə də çox deyildi. Bir Azərbaycan televiziyası mövcud idi. Televiziya elə də dəbdə deyildi. Mən ”Azərbaycan”, “Ədalət” qəzetlərində işlədim. Sonra isə 1992-ci ildə “525-ci qəzet”i təsis etdik. Bu işlə 20 ildir ki, məşğulam.
O dövrdə TV-lər dəbdə olsaydı yenə də qəzeti seçərdiniz?
_Əlbəttə ki, mən indi də hesab eləyirəm ki, jurnalistin özünü təsdiq etməyi qəzetdədir, yazılı mətbuatdadır. Bu sahədə olan jurnalistlər daha üstündürlər. Son on ildə “525-ci qəzet”in yüzə yaxın əməkdaşı TV sahəsində işləməyə gedib.
-Mətbuatın çətin zamanında qəzet açdınız. “525-ci qəzet” adı nəyi ifadə edir?
_Əlbəttə, mənası var. Artıq Azərbaycan müstəqil olmuşdu, müstəqil qəzetlər yaranmağa baslamışdı, KİV haqqında qanun qəbul olundu və biz istədik ki, “Sabah” adında bir qəzet qeydiyyatdan kecirək. Mənim ən çox sevdiyim adlardan biri idi. Lakin qeydiyyat zamanı artıq bu adda qəzetin mövcud olduğunu dedilər. Sonra “2x2” qoymaq istədik, o adda da qəzet qeydə alınmışdı. Soruşduq, neçə qəzet qeydə alınıb, dedilər 519. Fikirləşdik ki, “555”olsun, yəni əlanın əlası. Onda iki ay gözləməli olacaqdıq. Biz də 525-ci qeydə alındığımız üçün “525-ci qəzet” adlandıq.
_Azərbaycanda bir çox müstəqil qəzet fəaliyyət göstərir. “525-ci qəzet” bu qəzetlərdən nə ilə fərqlənir?
_90-ci illərin əvvəllərində media iqtidar və müxalifət mətbuatına bölündü. O zamanlar biz ortaq mövqe tutmağa calışırdıq. Qəzetin fəaliyyəti hər dövrün mahiyyətinə uyğun olmalıdıir. Şübhəsiz ki, müstəqil medianin adı çəkildikdə “525-ci qəzet”in adı çəkilir.
_Hazırda mətbuatda “qara siyahıya” duşən qəzetlərin sayı artır. Bu siyahiya düşməmək üçün nə etmək lazımdır?
_ Azərbaycanda təəssüf ki, qəzet bazarı lazımi qədər inkişaf etməmişdir. Qeyri-peşəkarlar çox asanlıqla qəzet açırlar və qəzetləri qeydiyyatdan kecirmək çox asandır. “Reket mətbuatı” adlanan bir mətbuat da yaranıb ki, onlar məmurları şantajla məşğuldurlar. Mətbuat şurasının üzvü kimi bu prosesin qarşısını almaq üçün mübarizə aparmağa çalışırıq. Bütün mübarizələrə baxmayaraq, hələ də bunun qarşısını almaq mümkün deyil.
_Özünüz yazıçısınız, müasir ədəbiyyatda sizin yaradıcılığını bəyəndiyiniz gənc yazarlar varmı?
_ Mən 2004-cü ildən Yazıçılar Birliyinin gənclər üzrə katibiyəm. 2008 –ci ildə Mədəniyyət və Turizm nazirliyi ilə birlikdə “Gənc ədib” məktəbini yaratdıq və ona rəhbərlik etdim. Bəzən pessimizmə qapılırlar ki, yeni nəsil zəifdi, onların arasında güclü, istedadlı yazaralar olmayacaq. Amma mən bu fikirdə deyiləm, hesab edirəm ki, artıq dünyagörüşü olan, bir neçə dil bilən, dünyaya yeni təfəkkürlə baxmağı bacaran, dünya ədəbiyyatıyla tanış olan yeni nəsil var. Elə gənclər var ki, onlara inanıram və elə bilirəm ki, onlar Azərbaycan ədəbiyyatını uğurla təmsil edəcəklər.
_ Gənc yazarlara lazımi qədər şərait yaradılırmı?
_Fikrimcə yaradılır. Yazıçılar Birliyində gənclər katibliyininin yaradılması, Azərbaycan prezidentinin gənc yazarlara və digər sahələrdən olan gənclərə təqaüd ayırması, sosial məsələlərdə onlara dəstəyin artırılması normaldır. Amma məsələ burasındadır ki, gənclər də özündən müstəbehliyə qapılmamalıdır, hansısa bir uğurdan başgicəllənməsinə, ulduz xəstəliyinə tutulmamalıdılar. Əgər onlar əzmlə çalışsalar, mütləq gələcəkdə xeyrini görəcəklər.
_Jurnalistika fakültəsində müəllim kimi də fəaliyyət göstərirsiz. Jurnalistika təhsilində nə kimi dəyişikliklər edilməlidir?
_Mən özüm qiyabi təhsil almışam. Fikrimcə qiyabi təhsilin daha çox üstünlüyü var. Praktikanın çox böyük əhəmiyyəti var. Son illərdə bizim jurnalistika fakültəsində qəzetlə, TV –lə praktikanın daha da əlaqələnməsi, artması çox müsbət haldır. Mən hesab edirəm ki, 2-ci kursdan sonra jurnalist tələbələr praktika ilə daha çox məşğul olmalıdırlar.
_Mətbuat və teleradioda işləyən jurnalistlərin yarısından çoxu qeyri –ixtisas sahibləridir. Jurnalist olmaq üçün istedad, yoxsa təhsil vacibdir?
_İstedad, yazı qabiliyyəti vacibdir. Bu haqda çox mübahisələr gedir ki, jurnalistika peşədir, yoxsa sənətdir? Məncə yaradıcılıq qabiliyyəti mütləq lazımdır.
_Jurnalistikada təhsil alan tələbələrə nə kimi tövsiyələriniz var?
_ Birincisi, çox oxusunlar, məlumatlı olsunlar. Jurnalistlər intellektual- hərtərəfli biliyə, dünyagörüşünə malik olmalıdırlar. Arzu edirəm ki, ölkəmizin iqtisadi vəziyyəti yaxşılaşdığı kimi, mətbuatın da vəziyyəti yaxşılaşsın və gələcək jurnalistlər daha yüksək qonorar, yaxşı məişət həyatı qazana bilsin.
Müsahibəni apardılar
I kurs tələbələri:
Rüfanə Qurbanova
Leyla Hacıyeva
Nigar Bayramlı