67 yaşlı sənətçi "Yeni Ulduz-10" mahnı müsabiqəsinin qalibi Çingiz Mustafayevin onun haqqında verdiyi açıqlamaya münasibət bildirib: "Mən neçə ildir ki, gitara çalıram. Saçımı bu sənət uğrunda ağartmışam. Mən yaxşı bilirəm, necə gitara çalmaq lazımdı. Mənə bu haqda heç kim heç nə öyrədə bilməz. "Dünənin uşaqları"nı mənlə müqayisə etməyin. Ümumiyyətlə, indiki zəmanə uşaqları çox pisdi. Gənc ifaçılar qocaman sənətkarlara ağıl verir. Mən adımı "qızıl hərflərlə" yazdırmışam bu sənətdə. İndi "Yeni Ulduz"un iştirakçısı mənə gitara çalmaq öyrədir."
Rəmiş müsahibə əsnasında Çingiz Mustafayev haqqında təhqiramiz ifadələr işlətdi. Etik normalara zidd olduğundan müsahibənin bu hissəsini ixtisar edirik.
Xatırladaq ki, gənc sənətçi Çingiz Mustafayev Rəmişin gitaradan düzgün istifadə etmədiyini bildirmişdi: «Mən gitaranın 6 siminin hamısında ifa edirəm. Çünki o, flamenko üstündə köklənib. Belə də olmalıdır. Rəmişin gitarası isə milli mahnılar üçün köklənib – tarda və sazda olduğu kimi. Ona görə də, Rəmiş bütün mahnıları yalnız 2 simdə ifa edir»