Professor Rafiq Əliyevin Ziyalılar Forumundakı çıxışından sonra Neft Akademiyasında kafedra müdiri vəzifəsindən azad edilməsi böyük əks-səda doğurdu. Çünki R.Əliyev sıradan bir şəxs deyil, onun dünya elminə böyük tövhələri olub. Bu şəxsin görkəmli alim, professor olduğu deyilir. Biz isə konkret olaraq onun hansı ixtiraların, hansı kitabların, məqalələrin müəllifi olmasına işıq salmağa, onun bir şəxsiyyət və elm xadimi olaraq gerçək kimliyini ortaya qoymağa çalışdıq. R.Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1992-ci ildən Təbriz Universitetinin, 1999-cu ildən ABŞ-ın Corciya Dövlət Universitetinin, 2000-ci ildən Almaniyanın Siegen Universitetinin, 2003-cü ildən Yaxın Doğu Universitetinin professorudur, “Lütfi Zadə irsi və Süni intellekt” Assosiasiyasının prezidentidir.1942-ci ildə Ağdam rayonunda anadan olan R.Əliyev 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci ildə texnika elmləri doktoru, 1976-cı ildə professor, 1989-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü statusuna yiyələnib.O, 1971-ci ildə elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı laureatı olub, 1983-də isə Elm və Texnika üzrə SSRİ Dövlət mükafatını, 1997-ci il ABŞ-ın Fulbright mükafatını alıb.Onun əsas elmi nailiyyətləri aşağıdakılardır:Çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması;İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969);Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976);Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980);AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986);Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması (1984);Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986);ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987);Qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993);Agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997);Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997);Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998);Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001);Qeyri-səlis zaman sıraları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması (2002);Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə və Əliyev tərifi və meyarının təklif olunması (2003-2007).R.Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olub. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaradıb, Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Onun yetişdirdiyi elmlər doktorları sırasında bu gün Azərbaycan iqtidarında mühüm postlar tutan insanlar da var. Araşdırmalarımız nəticəsində o da bəlli olub ki, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə də Rafiq Əliyev elminin yetirməsidir, onun akademik adını almasında müstəsna rol oynayıb. Rafiq Əliyevin tələbələri hazırda onun yaratdığı məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) davam etdirirlər.R.Əliyevin rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində “Qeyri-səlis sistemlərin tətbiqi”, 2000-ci ildən başlayaraq hər iki ildən bir Daşkənddə “Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompütinq”, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyənin Antalya şəhərində “Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompütinq” üzrə beynəlxalq elmi konfranslar keçirilir.R.Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompütingə həsr olunmuş 70-ə yaxın kitabın, 370-dən çox elmi məqalənin müəllifidir.Onun çox böyük Ü on minlərlə tirajla dərc olunan bütün dünyada istifadə edilən kitabları aşağıdakılardır:Avtomatik idarəetmə. Bakı: Maarif, 1993“Metodı inteqrasii v sistemax upravlenie proizvodstvom. Moskva 1989 (rus dilində)Fuzzy Process Control and Knowledge Engineering. Köln 1991, (İngilis dilində)Soft Computing, Technik Verlag. Berlin 2000 (Alman dilində).Soft Computing and its Application. Nyu Jersi, London, Sinqapur, Honq Konq 2001 (İngilis dilində).Rafiq Əliyevin elmi mülahizələri, fikirləri, tezis-anlayışları, eləcə də nəzəri və praktiki nəticələrinin əhəmiyyətli hissəsi dünyanın məşhur elmi nəşrlərindən olan “SCI” (Service Civil International) və “SCI Expanded” jurnallarında dərc edilib.Və nəhayət, bir vacib məsələyə də toxunaq. Rafiq Əliyev haqda açıqlama verən Lütfi-Zadə görkəmli professorun Nobel mükafatı ala biləcəyini deyib. Bu məsələ təbii ki, maraq doğurmaya bilməzdi. Dünən müxtəlif mənbələrlə əlaqə saxlayıb R.Əliyevin konkret hansı işi üzrə Nobel mükafatı ala biləcəyini öyrənməyə çalışdıq. Araşdırmalarımız zamanı bəlli oldu ki, R.Əliyev “İnperfekt (tam olmayan) informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi” işinə görə Nobel mükafatı ala bilər. Bu məsələnin məğzi ondan ibarətdir ki, hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilsin. Bu iş üzrə təklif Rafiq Əliyevə bir il öncə təklif olub və iş üzrə proses davam edir. Qeyd edək ki, bu iş dünya iqtisadiyyatı üçün yeni ixtira hesab olunur, həm istehsalçı, həm də istehlakçılarla bağlı xüsusi önəm kəsb edir. Bu işin üzərində R.Əliyev Amerikada yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi-Zadə ilə birlikdə çalışır.