Ağciyərində xərçəng aşkarlanan xalq artisti Rafiq Hüseynov müalicəsini Almaniyada davam etdirə bilər.
Tanınmış diktor açıqlamasında bildirib ki, Heydər Əliyev Fonduna xaricdə müalicəsi ilə bağlı müraciət edib: “Dostlarım olan tanınmış ziyalılar, o cümlədən mən özüm də Heydər Əliyev Fonduna müraciət etmişik. Prinsipcə, Fonddan müsbət cavab verilib. Amma dəqiq heç nə deyə bilmirəm. Çünki analizlərimin cavabı Almaniyada olan klinikalardan birinə göndərilib. Hazırda müalicə ilə bağlı açıqlanacaq məbləği gözləyirik. Məbləğ bəlli olandan sonra Fonda təqdim edəcəyik. Daha sonra isə Fond tərəfindən müalicə olunub-olunmamağım bəlli olacaq. Amma hələ ki, necə olacağını heç özüm də bilmirəm”. Qeyd edək ki, bir müddət öncə tibbi müayinə zamanı Rafiq Hüseynovun ağciyərində şiş aşkarlanıb. Tanınmış diktor Almaniyada müalicə olunmaq istədiyini bildirsə də, belə bahalı müalicəyə imkanının çatmadığını bildirmişdi.