Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
AZXEBER.COM-un virtualaz.org-a istinadən məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahid qismində Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi Hikmət Usubov ifadə verib.
H.Usubov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirdi ki, onun məqsədi hakim Həsən Əliyevə pislik yox, yaxşılıq etmək olub: "Bizim bölməyə Ramazan Səlimovla bağlı şikayət daxil olmuşdu. Onu araşdıranda Həsən müəllimlə bağlı məqamlar da meydana çıxdı. Mən lap əvvəldən bu işin sülh yolu ilə, anlaşma yolu ilə həll olunmasını istəmişəm. İstəyirdim ki, bu iş böyüməsin. Məsələ elə həll olunsun ki, Həsən müəllimin imicinə, nüfuzuna, hakim kimi ad-sanına xələl gəlməsin.
Mənim burada başqa heç bir marağım olmayıb. Mən də istəməzdim ki, gəlib burada ifadə verim”.