Ramin Həkimov: “Əsgərliyə gedirəm" - MÜSAHİBƏ

GƏNCLİK
15:15 07.03.2014
3095

AZXEBER.COM ASAIF-in sədri Ramin Həkimovun müsahibəsini təqdim edir:- Son aylar ASAIF-in adını tez-tez eşidirik, fəaliyyətinizdə hansı yeniliklər var?

- Biz 2014-cü ilə ciddi və geniş fəaliyyət proqramı ilə daxil olmuşuq. Bu il üçün bütün gücümüzü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkələrdə təbliğat işinin gücləndirilməsinə yönəltmişik. Böyük Britaniyada, İspaniyada, İndoneziyada, Malayziyada, Türkiyədə, Ukraynada, İtaliyada, Kanadada, İsveçrədə, Avstriyada və digər ölkələrdə Xocalı soyqırımına həsr olunan müxtəlif tipli aksiyaların təşkilində və həyata keçirilməsində ASAIF-çilər ön sırada oldu. Ötən ildən başladığımız “Voices for Peace, Voices for Karabakh”, yəni “Sülh üçün Səslər, Qarabağ üçün Səslər” kampaniyası da genişlənir. Çoxlu planlarımız, kreativ təşəbbüslərimiz var. İl ərzində ASAIF bunları gerçəkləşdirəcək. İlk dəfə olaraq ASAN Xidmət mərkəzində Xocalıya həsr olunan sərgi də təşkil etdik. Ancaq əsas fəaliyyətimiz əsasən xaricdə iş aparmağa yönəlib. Buna daha çox ehtiyac var.

- Sizi bir neçə gün əvvəl qurulan “Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya”nın təşəbbüskarı kimi də gördük. Bu barədə nə deyə bilərsiniz?

- Xocalı soyqırımının anım tədbirlərinin getdiyi bir vaxtda- ötən ay 24-28 fevral tarixlərində 9 xarici ölkədən nüfuzlu gənclər təşkilatlarının rəhbər şəxslərini Azərbaycana dəvət etdik. İştirakçılar Böyük Britaniyanı, İspaniyanı, İtaliyanı, Vyetnamı, Rumıniyanı, Türkiyəni, Ukraynanı, Litvanı və İsraili təmsil edərək 5 günlük proqram daxilində Azərbaycanın Xarici İşlər Nazirliyinin, Azərbaycan Republikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri, deputatlar, “ADA” Universitetinin rəhbər heyəti və kollektivi ilə, ASAN Xidmət Mərkəzinin əməkdaşları ilə və digər qurumlar ilə görüşlər keçirdi, Azərbaycan haqqında dolğun məlumatlar aldılar. Xüsusilə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlarla tanış oldular, Tarix, Müasir İncəsət Muzeylərində və Heydər Əliyev Mərkəzində gəzintidə oldular. 26 fevral günü isə koalisiyanın həmtəsisçiləri Şəhidlər xiyabanını, daha sonra Xocalı faciəsinə həsr olunan “Ana Harayı” abidəsini ziyarət etdilər. 27 fevral günü isə “Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya” rəsmən yarandı və əməkdaşlıq üçün memorandum imzalandı. Koalisiyanın yaranma səbəb və məqsədlərindən biri Azərbaycanın xaricdə dostlar şəbəkəsini genişləndirmək, Vətənimiz naminə onlarla birlikdə əməkdaşlıq etmək, Azərbaycan gəncliyi ilə dünya gəncliyi arasında bağ quraraq gənclər təşkilatları, mədəniyyətlər arasındakı dialoqu təmin etmək, Azərbaycanın maraqlarını və milli məsələlərin beynəlxalq aləmdə müxtəlif müstəvilərdə təbliğ etməkdir.

- ASAIF-in növbəti forumunun Berlində olacağı elan olunub. Hazırlıq işləri necə gedir?

- ASAIF-in əsas prioritetlərindən biri cənab Prezidentin “qara qızıl”ın insan kapitalına çevrilməsi siyasətinə töhfə verməkdir. Xaricdə təhsil alan gənclər cənab Prezident İlham Əliyevin apardığı xarici siyasətin əsas qəhrəmanları, əsgərləridir. Bizlər yeri ağlımız, savadımız, dünyanın ən yaxşı universitetlərində yiyələndiyimiz biliklərlə mübarizə aparmalı, Azərbaycanın mövqeyini daim möhkəmləndirməliyik.Aparılan dövlət siyasətinin əsas predmeti Azərbaycan gəncinin inkişafına, dövlətin dəstəyi ilə dünyanın ən yaxşı universitetlərində bizlərin təhsil almasına dəstək olmağa yönəlmişdir. Bu dəstək həm mənəvi, həm də maddi dəstəkdir. Xüsusilə burda “2007-2015-ci illərdə Azərbaycanlı Gənclərin Xaricdə Təhsili üzrə Dövlət Proqramı”nı və bu proqram sayəsində əldə olunan uğurları qeyd etmək lazımdır.

Berlin forumunun əsas müzakirə obyekti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemlər və perspektivlər olacaq. “Wikipeadia” və bu sosial şəbəkədə düzgün və layiqli təmsilçilik, problemlər və onların həll yolları da müzakirə olunacaq. Azərbaycan təhsilində yeni istiqamətlər, müasir gənclik əsas müzakirə mövzuları sırasıdadır. İnformasiya Kommunikasiya Texnologiyaları vasitəsilə Azərbaycanın təbliği imkanları, multikulturalizmdə Azərbaycan modeli, UNESCO–da aparılan işlər, Nizami irsinin qorunması və bu sahədə görülən işlərlə yaxından tanışlıq, erməni iddiaları və cavablar, İnnovativ Azərbaycan və bu sahədə ASAN Xidmət Mərkəzlərinin effektiv fəaliyyətinin iştirakçılarla paylaşılması proqrama daxildir. Bundan başqa “Voices for Peace, Voices for Karabakh” kampaniyasının təqdimatı və Kəlbəcərin işğalı gününə həsr olunan kampaniyanın reallaşdırılması, eyni adlı kampaniya çərçivəsində Qarabağa həsr olunan sərginin keçirilməsi, “Qafqaz” filminin premyerası, gənclərin işlə və təcrübə proqramlarının yerində təmin edilməsi məqsədilə təşkil olunacaq “Əmək Yarmarkası” da baş tutacaq. Artıq 2 gündə 120-dən artıq sənəd qəbulu olmuşdur. Forumda rəsmi heyətin də daxil olması ilə 200 iştirakçı olacaq. İştirak haqqı əldə etmək üçün maksimum 600 sözlük inşa yazacaqlar və yazılar xüsusi təşkil olunmuş komissiya üzvləri tərəfindən yoxlanılacaq. Onlar haqqında məlumat qısa zamanda elan ediləcək. 12 mart 2014-cü il ərizə formalarının qəbulu üçün son gündür. Forumla bağlı məlumat üçün www.asaifberlinforum.com veb səhifəsinə daxil olmaq kifayətdir.

- Bir məqama da icazənizlə toxunum. Son günlər bəzi media qurumları, xüsusilə müxalifət mətbuatı haqqınızda milyonlarla dollar qazancınız barədə müxtəlif iddialar səsləndirir. Buna münasibətiniz?

- Ölkəmizin milli valyutası Azərbaycan manatıdır, dollar xaricdən maliyyələnən təşkilatların kursu ola bilər. Bir anlıq təsəvvür etdim, fikirləşirəm ki, könül istərdi ki, dedikləri qədər olsun (gülür). Ona görə yox ki, orda milyonlarla pul var, ona görə ki, indiki qədər az yox, yetərli vəsaitimiz olsa, daha çox işlər görə bilərdik. ASAIF 10 mindən çox gənci ətrafında birləşdirib, dünyanın 44 ölkəsində təmsil olunuruq. 2013-cü ilin ən aktiv gənclər təşkilatı olaraq təltif olunanlardan biri olduq, cənab Prezident Gənclər Təşkilatlarının IV ümumrespublika sərgisində bizim stendimizə yaxınlaşaraq bizə dəstək olduğunu və uğurlar arzuladığını bəyan etdi. Bu büdcə də təşkilata hədiyyə olaraq bəxş olunmur, illik plan üzrə çoxlu layihələr icra edilir.

Bir şeyi deyim. Paxıl insanlar danışanda zövq alıram, çünki onlar olmaq istədikləri, amma ola bilmədikləri insanlar haqqında danışırlar. Onu demək istərdim ki, bizim bir məqsədimiz, bir amalımız var: biz gənclər cənab Prezidentin əsgərləriyik və azərbaycançılıq üçün çalışmaq, əziyyət çəkmək, millətimizə, dövlətçiliyimə xidmət göstərmək bizim üçün sadəcə şərəfdir. Ən sonda isə bütün gənclərə səslənmək istərdim. Berlin Forumunu izləyin, çünki bütün bunlara ən layiqli cavab forumda veriləcək və insanlara bir sürprizim olacaq. Bu, mənim son beynəlxalq forumumdur. Vətənə borcumu yerinə yetirmək üçün apreldə əsgərliyə gedirəm. AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR