Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini Ramin Məmmədov 28 fevral 2013-cü il tarixində Berlin şəhərində Almaniyanın hakim partiyası olan Xristian Demokratlar Partiyası (CDU) gəncləri ilə görüşmüşdür.
AZXEBER.COM-un məlumatına görə, görüşdə əsasən iki ölkə gəncləri arasında birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, Avropa və Azərbaycan gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Bundan əlavə, 01 mart 2013-cü il tarixində Ramin Məmmədov Rumıniyanın Kluj şəhərində Democratic Youth Community of Europe (DEMYC) təşkilatının Qurultayında iştirak edəcəkdir. Səfər çərçivəsində Azərbaycan gənclər təşkilatlarının DEMYC-ə üzv olması, yaxın zamanlarda DEMYC rəhbərliyinin Azərbaycana səfəri və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, R. Məmmədov Qurultay çərçivəsində Azərbaycanda gənclər siyasəti və gənclər təşkilatlarının fəaliyyət istiqamətləri mövzusunda çıxış edəcəkdir.