Ramiz Mehdiyev: 'Dövlət Departamenti, ATƏT-də ABŞ missiyasının Azərbaycanda seçkilərə münasibəti anlaşılmazdır'

SİYASƏT
14:00 26.10.2013
1639

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehtiyev “İnterfaks-Azərbaycan”ın suallarını cavablandırıb. AZXEBER.COM həmin müsahibəni təqdim edir:

Sual: Azərbaycanda keçirilən prezident seçkilərindən sonra, Avropa Şurasının parlament Assambleyası, Avropa Parlamenti, ATƏT-in Parlament Assambleyasının müşahidə missiyaları da daxil olmaqla beynəlxalq ictimaiyyətin seçkiləri şəffaf və azad qiymətləndirməsi fonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB) və ABŞ Dövlət Departamenti tərəfindən edilən tənqidi bəyanatlar uyğunsuzluq təşkil edir.

Amerika tərəfi beynəlxalq qurumları ATƏT DTİHB hesabatını qəbul etməyə təkid etməkdədir. Dövlət Departamenti indi də ABŞ-ın ATƏT-dəki missiyasının dili ilə Avropa Şurası Parlament Assambleyasının qiymətləndirməsi ilə razı olmadığını bildirir.

ABŞ-ın Avropaya qarşı belə bir siyasət aparmasının səbəbi nədir?

Cavab: Yaxın dövrlər ərzində Avropa siyasətində baş verən hadisələri təhlil edərək bir neçə əsas məqamı qeyd etmək olar. İlk öncə müsbət şeyləri və məhz Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam olaraq çıxarılması və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və Azərbaycan sərhədlirin toxunulmazlığının təmin edilməsini nəzərdə tutan qətnamələrinə uyğun həll edilməli olduğunu göstərən qətnaməsini qeyd etmək lazımdır.Bu qətnamə bir sıra Avropa qurumlarının Azərbaycan torpaqlarının işğalı məsələsinə ciddi yanaşdığını deməyə əsas verir. Bu, ermənilərin münaqişənin səbəblərinin təhrif olunması və digər dövlətin ərazilərinin işğalı faktına bəraət qazandırmaq cəhdlərinə əsaslanan xarici siyasətlərinin iflasını göstərən əlavə bir sübutdur.

Prezident İlham Əliyevin andiçmə nitqində söylədiyi kimi: “dünya ictimaiyyətinin mütləq əksəriyyətinin mövqeyi birdir. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır”.Amma bu obyektiv addımla bərabər olaraq, biz Avropa siyasətinin özündə Avropa məkanında yaradılan çoxsaylı siyasi qurumlarla həmin qurumların yaradılmasına səbəb olan prinsiplər arasında ziddiyyət müşahidə edirik. Avropada maliyyə və iqtisadi böhranın sosial və demokratik böhran vəziyyətinə çatdığını görmək heç də çətin deyil.

Avropa İttifaqına etimad böhranının artması, siyasi proseslərə qeyri-adekvat yanaşma, müstəqil mövqenin itirilməsi məhz bununla bağlıdır.Vəziyyətin bütün çətinliyini göstərən faktlardan biri də elə ATƏT DTİHB və ABŞ Dövlət Departamenti nümayəndələrinin Azərbaycanda keçirilən seçkilərlə bağlı bəyanatlarındakı vahid siyasi qərərzlilik xəttinin olmasıdır.

Hələ seçkidən əvvəl bizə məlum idi ki, ATƏT PA xaricdən təzyiq nəticəsində tamamilə mənasız bəhanə ilə Azərbaycana müşahidəçi göndərməkdən imtina etmək məcburiyyətində qalıb.

Azərbaycan tərəfiinn çoxsaylı müraciətlərindən sonra ATƏT PA nümayəndələri seçkilərdə iştirak etdilər və seçki prosesinin təşkilini yüksək qiymətləndirdilər. Avropa parlamentarilərinin rəyinə görə, seçkilər şəffaf və azad keçirilib və bu da ölkənin demokratikləşdirilməsi istiqamətində daha bir addımın göstəricisi idi.

Bz Vaşinqtonda müəyyən dairələr tərəfindən təzyiq altında olan Avropa siyasi xadimlərinin düşdükləri vəziyyətin bütün çətinliklərini anlayırıq.Lakin bu, Azərbaycana qarşı tətbiq edilən ikili standartlara bəraət qazandırmır. Hesab edirəm ki, belə ehtiyatsız hərəkətlərlə, xüsusilə də, AŞ PA və Avropa Parlamentinin Azərbaycanda keçirilən seçkilərlə bağlı mövqelərinə təzyiq göstərmək cəhdləri ilə Dövlət Departamentindəki bəzi məmurlar ABŞ və Azərbaycan arasında mövcud olan tərəfdaşlığa zərər vururlar.

ATƏT PA-nın müşahidəçi missiyasının rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Parlamenti missiyasının rəhbəri Pino Arlaçi, həmçinin Avropa İttifaqı missiyası və digər beynəlxaln təşkilatların nümayəndələrinin keçirilən seçkilərə müsbət qiymət verdikləri bir halda Amerika tərəfinin qəsdən yalan mövqeyi irəli sürüb, lobbiçlik etməsinə necə sakit reaksiya vermək olar? Bu Azərbaycanda demokratiyanın inkişafında vacib mərhələ olan prezident seçkilərinə zərbə vurur. Avropa strukturlarının kənardan diktə nəticəsində öz mövqelərini dəyişmələri yalnız təəssüf doğurur.

Belə çıxır ki, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı və tərəfdaşlığının səviyyəsi ABŞ Dövlət Departamentində müəyyən dairələrin kaprizlərindən və bağlılıqlarından asılıdır.

Bunu Vaşinqtonda ayrı-ayrı məmurların azlığın mövqeyini (ATƏT DTİHB və ABŞ Dövlət Departamenti) çoxluğa (ATƏT, Avroparlament və AŞPA) sırımaq cəhdi göstərirlər.

Bunu onlar hətta çoxluğun Azərbaycanda seçki prosesində müsbət proqres, azadlıq və şəffaflığını vurğulamalarına baxmayaraq edirlər.

Heç bir yerdə, hətta Qərbdə ideal seçkilər yoxdur. Amma kiminsə əsassız və subyektiv mövqeyindən gələn həddən artıq şişirdilmə və faktların təhrifi qəbuledilməzdir.ABŞ-ın ayrı-ayrı nümayəndələrinin kifayət qədər tərəfli bəyanatları amerikalı müşahidə missiyalarının mövqeləri ilə də ziddiyət təşkil edir.

Xatırladım ki, təkcə ABŞ-dan Azərbaycandakı seçkiləri 123 nəfər izləyib. Nüfuzlu Amerikan müşahidəçiləri, bir çox konqresmenlər və senatorlar Azərbaycanda 2013-cü ilin oktyabrında əldə olunan proqresi alqışlayıblar.

Buna baxmayaraq ABŞ Dövlət Departamentinin və ATƏT-də ABŞ missiyasının Azərbaycandakı seçkilərə münasibəti yumşaq desək anlaşılmazdır.

ABŞ-da bəzi siyasi dairələr Azərbaycanı təcrid etmək fikrindən hələ də daşınmayıblar. Amma onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər. Öz planlarına haqq qazandırmaq üçün onlar Avroparlamentə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara təzyiq göstərirlər. Bu təzyiqlərlə onlar Azərbaycanda keçirilən seçkilərə verilən müsbət qiymətdən imtina edilməsinə nail olmağa çalışırlar. Amma başa düşmürlər ki, hətta əvvəlki qiymətdən imtina belə heç nəyi dəyişmir.

Dövlət və hökümət başçılarının əksəriyyət təşkil etdiyi dünya ictimaiyyəti Prezident İlham Əliyevi 2013-cü ilin oktyabrında inamlı qələbə münasibətilə təbrik ediblər. Bu isə öz növbəsində öz maraqlarını həyata keçirmək üçün ayrı-ayrı ölkələrə təzyiq kimi beynəlxalq təşkilatları istifadə edənlərin fiaskosu oldu.

Bu qüvvələr başa düşməlidirlər ki, təzyiq üslu olaraq istifadə edilən ikili standartlar siyasəti daha siyasi dividentlər gətirmir. Əksinə bu dünya siyasətində birinci rol oynamaqdan həzz alanların zərərinə işləyir.

Bu yaxınlarda, oktyabrın 22-də Cons Hopkins Universiteti yanında Ali Beynəlxalq Araşdırmalar Məktəbində Amerika diplomatiyasının veteranı, mövqeyi nəzərə alınan məşhur politoloq Zbiqnev Bjezinski Madlen Olbrayt, Stiven Hedli, Robert Qeyts, Brent Skoukfort kimi dinləyicilərin qarşısında çıxış edərkən deyib:

“ABŞ xaricdə müdaxilə məsələlərində ardıcıl siyasətə üstünlük verməlidir və həddən artıq ehtiyatlı olmalıdır. Həddən artıq müdaxilənin nəticələri faciəvi ola bilər”.

Fikrimcə bundan yaxşı demək mümkün deyil.

Sonda demək istəyirəm ki, biz avropalı tərəfdaşlarımızla bundan sonra da əməkdaşlığın inkişafında maraqlıyıq. Bundan sonra da mehriban qonşuluq və bərabərtərəfli əməkdaşlıq prinsiplərinə ciddi əməl edəcəyik.

OXŞAR XƏBƏRLƏR