Rauf Arifoğlu: Azərbaycan hansı mərhələdən keçibsə, "Yeni Müsavat" da o yolu qət edib

Rauf Arifoğlu: Azərbaycan hansı mərhələdən keçibsə, "Yeni Müsavat" da o yolu qət edib
MEDIA
20:09 10.11.2022
538
Bu gün - 10 noyabr ‘’Yeni Müsavat’’ qəzetinin yaranmasından 33 il ötür. 1989-cu ilin bu günündə ‘’Yeni Müsavat’’ qəzeti ilk sayını Azadlıq meydanında yayına çıxarıb.

Rauf Arifoğlu AZXEBER.COM-a açıqlamasında "Yeni Müsavat"ın geridə qalan 33 ili haqqında təəssüratlarını danışıb.

O, qeyd edib ki, 33 ildə Azərbaycan hansı mərhələlərdən keçdisə, "Yeni Müsavat" da o mərhələlərdən keçib:

"Yeni Müsavat" Azərbaycan taleyini qət etdi və 33 ilin böyük bir hissəsini məğlubiyyətin reportyoru kimi yaşadıq, yazdıq, yaratdıq. Məğlubiyyətin reportyoru olduq, amma təslimiyyətin reportyoru olmadıq. İçimizdə inam, etimad, gələcəyi, torpaqlarımızın azad olunmasına böyük bir ümid var idi. Çox şükür, son iki ildə bu ümidlər, inam, etimad hamısı özünü doğrultdu. Biz artıq 33 ilin demək olar ki, son 3-cu ildir ki, müzəffər ordunun, qalib xalqın təmsilçisi kimi fəaliyyət göstərməkdəyik. Çoxları düşünə bilər ki, bunu jurnalistikaya nə dəxli var, amma böyük dəxli var. Çünki millətin halı, durumu, ruh halı, vəziyəti nə haldadırsa, onun içərisindən çıxmış hər şey, qəzetindən siyasətçisinə kimi o halda olur. Bizim də indiki halımız Azərbaycanın halıdır. Məğlubiyyət kodundan qalibiyyət koduna keçmişik, özümüzü çox yaxşı hiss edirik. 33 ilə nəzər salanda qürur duyuruq. Şərəfli bir ömür keçmişik. Amma o 33 ilin son iki ilə daha xüsusidir və gələcək üçün möhtəşəm planlar qurmaq imkanı verir".

Rauf Arifoğlu qeyd edib ki,  "Müsavat" qəzeti, internet televiziyası və saytın hamısı onlar üçün əzizdir, doğmadır:

"Amma "Yeni Müsavat" qəzeti bunların hamısının alt yapısı, bazasıdır. O olmasa, bunların heç bir olmazdı. Bu gün də hər anımız "Yeni Müsavat" qəzeti ilə başlayır. Bizim digər bütün media qurumlarının çarxı da "Yeni Müsavat" qəzeti vasitəsilə dönür. İstər müxbirlər, istər xəbər kanalı, istər planlaşdırma, adımız, titulumuz hamısı "Yeni Müsavat" qəzetinə bağlıdır. Buna görə də qəzetimiz hər şeyin başında gəlir. Bizim yeni brendimiz də var, "Minval" brendidir"

Rauf Arifoğlu həmçinin gələcək planlardan da danışıb:

"Xüsusi yeni layihə planımız yoxdur, ən yeni layihə ən köhnə layihəmizdir. Mövcud olmaq, sağ qalmaq, həyatı davam etdirmək, onun üzərində də qarşımıza çıxan imkanları dəyərləndirəcəyik. Mövcud imkanlarımızı daha da genişləndirməyə çalışacağıq. Kommunikasiyanın, sosial medianın bütün imkanlarına inteqrasiya olmaq şərtilə media qurumumuzun həyatına gətirməyə çalışacağıq. Hər bir medianın qurumunun məqsədi böyüməkdir. Yayım arealıni genişləndirməkdir, biz də ona çalışacağıq".

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR