"İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Hyustonda keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalında iştirak edib. İctimai Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, Texas ştatının Hyuston şəhərində Amerikalıların və Avrasiyalıların Türk Şurası tərəfindən təşkil olunan tədbirin əsas məqsədi türk xalqlarının mədəniyyəti, folkloru, tarixi, adət-ənənələrinin təbliği olub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan çoxsaylı nümayəndə heyətinin qatıldığı festival 5 gün davam edib. Festivalın açılış mərasimində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, millət vəkili Qənirə Paşayeva, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, SOCAR-ın vitse-prezidenti Xalid Məmmədov, NOVCO Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi, çoxsaylı iş adamları və ictimai xadimlər iştirak edib. Açılış mərasiminə Hyuston şəhərinin meri və digər ABŞ rəsmiləri də qatılıb.