Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə, suala Meksikadan, Ukraynadan, Maldovadan, Gürcüstandan və digər ölkələrdən cavab gəlib. Eyni zamanda Azərbaycanda təhsil alan türkiyəli tələbələr də öz cavablarını təşkilata yollayıblar.
Belə ki, Meksika tələbələri adından Leon Universitetinin beynəlxalq ticarət fakültəsinin 4-cü kurs tələbəsi Raul Qonsales suala belə cavab verib: “Bu gün fəxrlə deyə bilərəm ki, mən Azərbaycanın tarixi, mədəniyyəti və dili haqda məlumatlıyam, eyni zamanda 20 Yanvar faciəsi haqda da kifayət qədər məlumatım var. Azərbaycanda məni valeh edən, sizin milli mənəviyyatınız və sizin azadlıq arzunuzdur. Bu çox böyük nailiyyətdir. Bu faciəli gündə ölən şəxsləri utumaq olmaz, onlar şərəfli həyatlarını başa vurublar. Çünki onlar cəsur idilər. Cəsurluqları ilə öz ölkələrinin gələcəyi uğrunda həlak oldular. Leon Universitetinin bütün tələbələri adından biz sizin tarixi həqiqətləri tanıtdırmaq cəhdlərinizi dəstəkləyirik”
Bu isə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsinin 3-cü kurs tələbəsi, türk Fərhad Uyğurun cavabıdır: “Mən qeyd etmək istərdim ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq arzularını möhkəmləndirdi və Azərbaycan tarixində iz qoydu. Hər il Azərbaycan xalqı bu tarixi qeyd edir”
Ukrayna, Maldova, Gürcüstan və bir-neçə digər ölkə tələbələri də cavablarında bu günün tarixi əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, 2011-ci il 20 yanvarda ATGTİ tələbələrin iştirakı ilə yürüş keçirəcək.