- Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu müzakirə olunub. Millət vəkili Etibar Hüseynov qanunun əleyhinə çıxış edib və bildirib ki, Əbülfəz Elçibəy eks-prezident yox, fərari adına layiqdir. Məsələ ilə bağlı AXCP sədrinin müavini, politoloq Razi Nurullayev AZXEBER.COM xəbər portalına müsahibə verib.
- Razi bəy, Etibar Hüseynovun Əbulfəz Elçibəy haqda sözlərinə münasibətinizi bilmək maraqlı olardı...- Mərhum bir insan haqda belə sözlər demək etik deyil. Azərbaycan xalqının yarıdan çoxunun sevdiyi lider haqda bu sözləri demək heç kimə başucalığa gətirməz. Mən inanmaq istəyirəm ki, onun bu çıxışını ilk növbədə öz həmkarları, yəni YAP-çılar qınayacaqlar. Düşünürəm ki, normal düşüncəli bir insan Əbülfəzi Elçibəyi heç vaxt danmaz. Çünki o Azərbaycan xalqının müstəqillik yolunda canını fəda etmiş şəxsiyyətdir. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq yaxın günlərdə bu haqda geniş açıqlama verəcəyik. Amma deyə bilərəm ki, Etibar Hüseynovun bu çıxışı iqtidar və müxalifət arasında uçurum yaradacaq fikirdir. Hətta bu çıxış daha radikal addımlar doğura bilər. Bir sözlə, bu qeyri-səmimilik yaradan çıxışdır. Bir daha qeyd edirəm ki, Əbülfəz Elçibəyin fəaliyyətini tənqid etmək olar amma onun fəaliyyətini, xalq üçün etdiklərini danmaq olmaz. Hətta YAP-ın yaradıcısı olan Firuz Təbrizi də Elçibəyin fəaliyyətini yüksək qiymətləndirib.
- Bəs sizcə Ayaz Mütəllibov bu statusa layiqdirmi?- Ayaz Mütəllibov Azərbaycan Respublikasının birinci prezidentidir. O əgər nəsə səhv edibsə buna millət vəkili yox məhkəmə qərar verməlidir. Amma unutmayaq ki, Ayaz Mütəllibov zamanında siyasi mədəniyyət göstərərək vəzifədən gedib.- Razi bəy, bu gün həmçinin Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Sizcə bu Azərbaycana nə verəcək?- Bu o deməkdir ki, bu gündən etibarən bütün dünyanın gözü Azərbaycanda olacaq. Azərbaycan bu imkandan istifadə edib, özü üçün müsbət imic yarada bilər. Bu qeyri-daimi üzvlük olduğundan əgər 2 il ərzində Azərbaycanda insan hüquqları, söz, mətbuat azadlığı boğulsa ölkəmiz üzvlükdən çıxarılacaq. Bu qərardan sonra ölkəmizə beynəlxalq səviyyədə təzyiqlər artacaq.
Digər bir yandan bu üzvlük Dağlıq Qarabağ həqiqətlərini dünya çatdırmaq üçün bizə veilən gözəl fürsətdir. Düşünürəm ki, 2 il ərzində dünya ictimaiyətinin diqqətini bu məsələyə yönəltmək lazımdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilənədən çox yaxşı lobbiçilik fəaliyyəti göstərdi. BMT-yə üzv olan ölkələrin nümayəndələrini Azərbaycana dəvət edin, ölkəmiz haqda onları məlumatlandırdı. Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçen bu lobbiçiliyi daha da artırmaq lazımdır.Hacıbəy HEYDƏRLİ