Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova Moderator.az saytına müsahibə verib.AZXEBER.COM olaraq həmin müsahibəni olduğu kimi təqdim edirik.
-Rəbiyyət xanım, ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son hesabatını necə dəyərləndirirsiniz?
- ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı növbəti hesabat açıqlayıb. Həmin hesabatı diqqətlə oxuduqdan sonra bir şeyə təəccüblənirsən. Uzun illər boyu Azərbaycanda baş verən proseslər haqqında hesabat hazırlayan Dövlət Departamenti öz fəaliyyətində bir prinsipə sadiqliyini yenə ortaya qoyub. Bu da Azərbaycana qarşı qərəzli mövqe, qeyri-obyektivlik, ölkəmizdə gedən uğurlu inkişaf prosesini görməməzliyə vurmaqdan, kifayət qədər dəqiq olmayan məqamları qabartmaqdan ibarətdir. Bu, Dövlət Departamentinin artıq neçənci hesabatıdır ki, məhz bu prinsiplər əsasında formalaşır. Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, Dövlət Departamentinin 10 il əvvəlki hesabatını götürsəniz və bu günkü hesabata baxsanız, bəlkə də cümlələrin yerinin dəyişdirilməsindən başqa bir şey görə bilməzsiniz. Məgər. o insanlar bu gün Azərbaycan adlı güclü, qüdrətli dövlətdə baş verən prosesləri görmürlərmi? Məgər Azərbaycan qanunvericiliyində əldə edilmiş uğurlardan xəbərdar deyillərmi? Bunların hər birindən gözəl xəbərdardırlar. Bu gün Dövlət Departamentinin təqdim etdiyi həmin hesabat Azərbaycana qarşı bir təzyiq vasitəsi sayıla, Azərbaycanın dünyada günü-gündən artmaqda olan nüfuzunu aşağılamaq məqsədi güdə bilər.
ABŞ Dövlət Departamenti 167-dən çox ölkəsində gedən hadisələri, demokratik prosesləri dəyərləndirməyə çalışır. Dövlət Departamenti bir neçə ölkə istisna olmaqla, həmişə MDB məkanındakı ölkələrin tam əksəriyyətindəki demokratik dəyişiklikləri aşağılamaq məqsədi güdür. Azərbaycan da bu sıradadır. Azərbaycana qarşı bu ikili standartlar heç vaxt dəyişmir. Bir məqamı qeyd edim. Orduda ölüm hadisələrinin baş verməsi ilə bağlı Dövlət Departamentinin hesabatında bir məqam var. Hər bir kəs ABŞ ordusunda olan intiharlarla əlaqədar rəsmi statistikaya baxsa görər ki, bu il ötən ilə nisbətən ABŞ ordusunda ölüm halları 18 faiz artıb. Bu, çox böyük rəqəmdir. Nəyə görə Dövlət Departamenti ABŞ ordusunda baş verən bu halları gündəmə gətirmir? Ayrı-ayrı dünya ölkələrinin ünvanladığı iradlardan sonra Dövlət Departamenti yalnız son 2 ildir ki, dünyaya ABŞ-dakı proseslər haqqında hesabat təqdim edir. Onlarda qəribə bir rəy formalaşmışdı ki, ABŞ-da heç bir sahədə qanun pozuntusu yoxdur, insan haqlarının qorunması yüksək səviyyədədir və buna görə də belə bir hesabata ehtiyac yoxdur. Əksinə! Bu gün ABŞ-da cəmiyyət daxilində baş verən zorakılıq, ordudakı ölüm halları, həm də tək insanların deyil, dünyadakı böyük dövlətlərin hüquqlarının pozulması ilə bağlı ABŞ tərəfindən atılan addımlar sübut edir ki, Dövlət Departamentinin tək Azərbaycan deyil, digər dövlətlər haqqındakı hesabatı da obyektiv deyil. Bu hesabatları istədikləri şəkildə təqdim edirlər. Digər tərəfdən, Dövlət Departamenti bu gün hesabatları ayrı-ayrı mənbələrdən ayırdıqları məlumatlar əsasında formalaşdırırlar. Burada həm ABŞ səfirliyinin, həm də müxalif yönümlü QHT-lərin, ayrı-ayrı partiyaların ötürdüyü məlumatlar var. Bunlar da kifayət qədər təhrif olunmuş məlumatlardır. Milli təəssübkeşliyi olmayan, dövlətinin milli maraq və mənafelərini hər şeydən yüksək tutmağı bacarmayan insanlar yanlış, məhv, həqiqətdən uzaq məlumatları Dövlət Departamentinə, başqa beynəlxalq hüquq-müdafiə təşkilatlarına ötürür və Azərbaycan haqqında yanlış bir təsəvvür formalaşdırmağa çalışırlar. Mən qəti əminəm ki, Azərbaycan haqqında fikir formalaşdırmaq istəyən qurumlar, beynəlxalq təşkilatlar ilk növbədə Azərbaycanın dövlət strukturları ilə əməkdaşlıq etməli, məlumatlar almalıdırlar. Bu və ya digər məsələlərlə əlaqədar nazirliklərdən, bitərəf QHT-lərdən obyektiv məlumat almalıdırlar. Yalnız müqayisəli təhlil nəticəsində öz rəylərini ortaya qoya bilərlər. Dövlət Departamentinin hesabatı Azərbaycan üçün qəbul ediləsi vacib bir sənəd deyil. Guya Azərbaycandakı durumu təhlil etmək istəyir. Yaxşı, bu təhlil obyektiv olarsa, biz buna hazırıq. Son 10 il ərzində Azərbaycanda görülən işlər, insan haqlarının qorunması sahəsində atılan addımlar, qəbul edilən qanunlar, bu sahədəki milli fəaliyyət proqramları, beynəlxalq səviyyədə qəbul edilmiş konvensiyaların Azərbaycanda ratifikasiyası, milli qanunvericiliyimizin bu konvensiyalara uyğunlaşdırılması böyük bir fəaliyyətdir. Bütün bunlara göz yumaraq Azərbaycanda insan haqlarının obyektiv dəyərləndirilməməsi Dövlət Departamentinin təqdim etdiyi hesabata, cızma-qaraya çox şübhə ilə yanaşmağa əsas verir.
-Hesabatda insan alveri ilə bağlı məqamlar da var. Azərbaycan rəsmiləri də insan alveri ilə bağlı müəyyən etiraflar ediblər...
- İnsan alveri bu gün dünyanın yaşadığı ən ağrılı problemlərdən biridir. Dünyanın ən inkişaf etmiş ölkələri də hər il bununla bağlı çoxsaylı tədbir keçir, addımlar atırlar. Hesabatda mənşə, təyinat və tranzit ölkələrin siyahısı verilir. İnsan alveri elə bir böyük problemdir ki, bunun aradan qaldırılması üçün çox böyük beynəlxalq əməkdaşlıq lazımdır. Bu, bir dövlətin həll edəcəyi məsələ deyil. Azərbaycanda insan alverinin aradan qaldırılması ilə əlaqədar olaraq 2005-ci ildə qanun qəbul edilib, 2010-cu ildə Avropa Konvensiyasına qoşulmuşuq. İnsan alverinin qarşısının alınması ilə əlaqədar olaraq milli koordinator institutu təsis etmişik. Yəni bu gün Azərbaycan bu problemin həllində çox maraqlı olan bir dövlətdir. Mühüm dövlət strukturlarının bu problemlə mübarizəyə cəlb edilməsi, bununla əlaqədar Cinayət Məcəlləsində mühüm əlavələrin edilməsi təsdiq edir ki, Azərbaycan bu böyük problemin həlli üçün hər şey etməyə hazırdır və beynəlxalq əməkdaşlıq imkanlarından da istifadə edir.
Bu gün insan alverinin qurbanları ilə bağlı 2 gün öncə Milli Məclisdə yenə də qanunlara dəyişikliklər edildi və növbəti ciddi addımlar atılmağa başlanıldı. Azərbaycan dövləti insan alveri ilə məşğul olan insanların cəzalandırılmasının daha da ciddiləşdirilməsi, insan alveri qurbanlarının reinteqrasiyası və başqa ölkələrə verilməsi kimi ciddi məsələlərlə bağlı addımlar atır. Ancaq bunu necə təqdim edirlər? Çox təəssüf ki, Azərbaycan tranzit ölkələr sırasında göstərilir. Ancaq Azərbaycan nə mənşə, nə təyinat ölkə deyil. Təyinat ölkə ABŞ, Avropanın bir sıra ölkələridir. Mənşə ölkələr ola bilər ki, inkişaf etməmiş bir sıra ölkələr olsun. Amma mənşə ölkələrdən daha çox təyinat ölkələrdən danışmaq lazımdır və ən böyük məsuliyyət də məhz təyinat ölkələrin üzərinə düşməlidir. Bu baxımdan Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində böyük uğurlar əldə etmişik. Beynəlxalq əməkdaşlığın bütün formalarından istifadə edərək insan alveri probleminin aradan qaldırılmasına çalışmaqda maraqlı tərəfik.
- Maraqlıdır, Rəbiyyət Aslanovanın qadına, qadın azadlığına münasibəti necədir? Azərbaycan cəmiyyətində qadın necə görünür?
- Mən Azərbaycan qadınının cəmiyyətimizdəki bu günkü mövqeyini çox yüksək qiymətləndirirəm. Çünki dövlətimiz qadının cəmiyyətdə özünü təsdiqi üçün geniş imkanlar yaradılıb. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda qadın hüquqları geniş əksini tapıb, 1998-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Sonradan bu Komitənin səlahiyyəti genişləndirilib. Azərbaycanda çoxlu sayda qadın hüquqlarını müdafiə edən QHT-lər fəaliyyət göstərir. Qadınlarımızın ictimai fəaliyyətə cəlb olunması, və dövlət əhəmiyyətli qərarların qəbul edilməsində qadının rolunun artırılmasını da qeyd etmək istəyirəm. Əgər cəmiyyətin bu güclü, qüdrətli qisminə bu qədər önəm verirsə, bu qədər şərait yaradırsa, deməli, Azərbaycan qadını bu gün çox böyük dayağa malikdir, böyük köməyə arxalanır, dəstək alır.
Sovetlər dönəmində bir kopernalist siyasət vardı. Dövlət kimi hansı vəzifəyə çəkməyi, necə irəli çəkməyi özü müəyyən edirdi. Amma bu gün fərqli bir siyasətin şahidiyik. Bu gün hər bir qadın biliyindən, bacarığından, peşəkarlığından aslı olaraq cəmiyyətdə öz mövqeyini tutmaq imkanındadır. Milli Məclisdə “Gender bərabərliyi haqqında” qanunun qəbul edilməsi, məişət zorakılığına qarşı mübarizədə bütün imkanlardan istifadə edilməsi və bununla bağlı qanunun qəbul edilməsi göstərir ki, cəmiyyətdə qadınların rolu, təsir gücü artmaqda davam edir. Bu gün Azərbaycan qadınının səsi dünyanın ən böyük beynəlxalq təşkilatlarından gəlir. Bunun bariz nümunəsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSOSKO-nun xoşməramlı səfiri, millət vəkili hörmətli Mehriban Əliyevadır. Mehriban Əliyevanın simasında Azərbaycan qadınının böyük ictimai-siyasi fəaliyyətinin şahidi oluruq. Bu gün çoxlu sayda alim qadınlarımız, dünyanın müxtəlif nüfuzlu ali məktəblərində təhsil alan qızlarımız var. Onlar Azərbaycanın gələcəyidir, böyük ənənələri qoruyub, gələcəyə ötürmək iqtidarında olan xanımlardır. Biz buna görə yalnız sevinməliyik. Bu gün Azərbaycan qadını sivil, demokratik, dünyəvi bir cəmiyyətin nümayəndəsidir və bu cəmiyyətdə gedən proseslərdə fəal iştirak edən insandır.
Bir hadisəni də qeyd etmək istəyirəm. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açıb və az sayda qızlar bu məktəbdə təhsil almağa başlayıb. O dövrün jurnalistlərindən biri yazır ki, bu gün elə bir hadisə baş verib ki, gələcək əsrin xanımları bunu çox yüksək dəyərləndirəcəklər. Doğurdan da belədir. O məktəbin açılması böyük bir ənənənin başlanğıcıdır və o ənənə bu gün davam edir. Ola bilər ki, bir əsr sonra xanımlar bu günkü dövrün Azərbaycan xanımlarına heyranlıqla baxacaqlar. Çünki deyəcəklər ki, bu dövrü yaşayan xanımlar müstəqilliyin əldə olunmasında, ilk illərdə müstəqilliyin addım-addım güclənməsində öz bacarıq və qüvvələrini əsirgəməyiblər. Hər əsrdə Azərbaycan qadınının güclü, qətiyyətli obrazı olursa, bu onu göstərir ki, doğurdan da Azərbaycan xanımı dəyərli bir xanımdır.
- Ancaq bu gün Azərbaycanda qadının çox önəmli rol oynadığı ailə institutunun kənar təsirlərin nəticəsində müəyyən qədər aşınmaya məruz qaldığı barədə də fikirlər var. Siz necə düşünürsünüz?
- Hər bir yeni dövrün öz tələbləri, öz çağırışları olur. Azərbaycan ailəsi əsrlərlə yeni bir dövrə qədəm qoyduqca, yeni hadisə və proseslər baş verdikcə bu və ya digər dərəcədə aşınmaya məruz qalır. Bu, qaçılmazdır. Ancaq bir əsas məqam var ki, əgər ailə dəyələri çox böyük bir ənənəyə əsaslanırsa, bunlar keçib gedəcək. Təsirlər olacaq. Sözsüz ki, bu gün sağdan, soldan, şimaldan, cənubdan təsirlər var. Amma Azərbaycan ailəsi həmişə öz bütövlüyünü, sağlamlığını, saflığını qoruyaraq saxlayıb və bundan sonra da qoruyub saxlayacaq. Belə təsirlərdən qorxmağa ehtiyac yoxdur, belə təsirlər gəldi-gedərdi. Çünki gözəl ənənələrimizin böyük tarixi, o cümlədən ictimai rəy var. Düzdür, bəzən biz də bu gün ictimai rəy, ictimai qınaq, ictimai məzəmmətdən şikayətlənirik. Amma inandırım ki, sonra hər şey gəlib öz yerini tutur. Müəyyən təsirlərdən qurtarmaq imkanı var. Neçə minilliklərdir ki, Azərbaycan ailə institutu qorunub saxlanılır və qorunub saxlanacaq. Hətta Avropada ailə müəyyən dəyişikliklərə məruz qalıb, amma sonra dünyadakı ən gözəl ənənələrdən istifadə edərək öz saflığını, öz tamlığını qoruyaraq saxlayıb. Bu baxımdan inanmıram ki, Azərbaycan ailəsinə hər hansı ciddi təsirlər ola bilər. Azərbaycan anası, xanımı öz ailəsinin keşiyində möhkəm dayanıb və bu təsirlərdən də qorunmağı bacarırlar.
- Bəs Rəbiyyət Aslanvoa həyatında ailədə modelini necə görüb, necə yaşayıb?
- Hər kəsin öz ailə modeli var. Əgər mən bu gün yaxşı anayamsa, yaxşı nənəyəmsə, bu, mənim ailəmin saflığı deməkdir. Mən öz ailəmi öz qalam, güclü bir qala bilirəm. Mənim kiçik qızım “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazmışdı ki, mənim ailəm mənim ikinci dinimdir. O sözləri oxuyanda çox təsirləndim. Mənə elə gəlir ki, mənə bundan artıq böyük mükafat yoxdur. Əgər 18 yaşlı gənc qız ailəsini özünün ikinci dini bilirsə, bu o deməkdir ki, bu ailənin təməlləri möhkəmdir.
- Ümumiyyətlə, övladlarınızdan nə dərəcə razısınız?
- Mənə elə gəlir ki, hər bir ana öz övladlarından razı olur. Övladlarımın hər üçü cəmiyyətdə tanınmış insanlardır. Yaxınları, doğmaları tanıyır. Bu gün mən nəyisə təhrif olunmuş, şişirdilmiş formada desəm, hansısa bir qınağa tuş gələrəm. Onların kim olduğu, necə olduğu göz qabağındadır. Mən öz övladlarımdan razıyam. Ən əsası ona görə ki, onlar mənə başaşağılığı gətirmir.
-Yeri gəlmişkən, son 20 ildə əslində böyük bir dövr keçib. Dünyada bizim də yaşadığımız bir sistem çöküb, müstəqillik qazanmışıq, keçid dövrü yaşamışıq. Bu qədər keçid dövrünü hər əsrin insanı yaşamır. Bu keçid dövrləri müasirimiz olan insanlara, o cümlədən Rəbiyyət xanımın həyatına necə təsir etdi?
- Hər insanın yaşadığı zamanla bir haqq-hesabı var. Müdriklərin fikri var ki, insanlar öz valideynlərindən daha çox zəmanəsinə bənzəyir. Hər gələn yeni nəsil əvvəlki zamanla öz zamanını müqayisə edərək öz zamanını daha ciddi, daha sürətli, daha amansız sayır. Çünki yeni gələn əvvəlki nəslin baxışlarına, baş verən hadisələrə münasibəti ilə fikir ayrılığı olur. Atalar övladlar problemi də elə buradan başlayır. Ancaq zaman dəyişir. Bu gün sıxlaşmış zaman çərçivəsindəyik, bu, mənim yox, alimlərin fikridir. Zaman sürətlənir. Bəzən elə hadisələrin elə şahidi oluruq ki, nisbi başlanğıcı ilə nisbi sonluğu arasında o məsafə çox qısa olur. Bəzən ətrafımızdakı hadisələrin mahiyyətinə varmamış artıq yeni hadisələr onu üstələyir. Yeni dövr insanı problemi olduqca maraqlı bir problemdir. Çünki hər əsrin öz insan modeli var. Məsələn, sovetlər dönəmində yaşayıb, təhsil almış bir insan olaraq bizim zamanımızda bir sovet insanı modeli, kommunist modeli, komsomol modeli, sovet qadını modeli vardı. Bu, həmin dövrün yaradığı bir obraz idi. Bütün bu obrazlar arxada qaldı. Yeni dövrün yeni insanı var. 21-ci əsrin insanı əvvəlki dövrün insanlarından çox fərqlənir. Bu, müstəqil düşüncəyə malik, kollektiv təfəkkür tərzindən uzaq, öz fikirlərini gerçəkləşdirmək üçün öz fəaliyyətini ortaya qoymaq imkanında olan, real dünyadan daha çox sakitliyini virtual dünyada axtaran, hardasa cəmiyyətdə yadlaşan, yaxınlarından, doğmalarından yadlaşmaq istəyində olan bir insandır. Çünki informasiyalı cəmiyyətin bu gün özünün tələbi var. Bu tələblərə uyğunlaşmaq bacarığı olmalıdır. Uyğunlaşa bilməyən insanlar bir marginallıq nümayiş etdirir və kənarda qalır. Amma bu tələblərə uyğunlaşaraq məkanlara münasibət dəyişir. Məsələn, keçmişdə bizim üçün məkan torpaq idi və fəaliyyətimizi o məkanda gerçəkləşdirirdik. İndi insan məkan deyəndə virtual, real məkanı, beynəlxalq hüquq məkanını götürür. Yəni ifadələrin məzmunu, mahiyyəti dəyişir. Bu baxımdan insan obrazı, insanın özü də, hadisələrə münasibəti də dəyişir. Mənə elə gəlir ki, yeni bir insan formalaşır. Amma bu insana bir başqa təhlükə də var. Söhbət mənəvi məqamdan gedir. Məkanlar axtarışında olan insan özünün bağlı olduğu torpaqdan, vətəndən uzaqlaşmamalı, kosmopolitə çevrilməməlidir. Yadında saxlamalıdır ki, hansı məkana daxil olursa olsun, dilini, dinini, tarixini, mənəviyyatını özü ilə yaşadan bir insan olmalıdır. Müasir gənclərin dəyərlərə sahib çıxması lazımdır. Buna milli sahiblik hissi deyilir. Yəni torpaq da sənindir, torpağın altında və üstündə olan sərvət də sənindir. İnsan əsrlərlə qorunub saxlanan və ona etibar edilən mənəvi dəyərlərin olaraq formalaşmalıdır.
- Yeri gəlmişkən, hissələrə təsirdən danışmışkən, bu günlərdə Preziden Administrasiyasının Əli Həsənovun sizinlə bağlı bir fikri olub. O deyib ki, onun ölkə ictimaiyyətini antiazərbaycan mövqeyində dayanan daxili və xarici təşkilatlara qarşı prinsipial vətəndaş mövqeyi nümayiş etdirmək, yaxud belələrinə qarşı ictimai qınaq ortaya qoymaq kimi çağırışları edərkən, guya “emosional” vəziyyətdə olmağım haqda hörmətli Rəbiyyət Aslanovanın “Azadlıq” radiosunda səsləndirdiyi fikir, tamamilə əsassızdır...
- Əvvəla, hər bir kəsə, o cümlədən Əli müəllimə məsləhət görürəm ki, verilən sualı və cavabı diqqətlə oxusun. Söhbət Azərbaycanda müxalif mövqeli jurnalistlərdən gedirdi. Orada söhbət nə xarici təşkilatlardan, nə anti-Azərbaycan qüvvələrindən getmirdi. Sual konkret verilmişdi. Mən bir məsələni qəti vurğulamaq istəyirəm. Rəbiyyət Aslanovanın mövqeyi- dövlətçilik mövqeyi hər kəsə, ilk növbədə də mənim özümə məlumdur. Mən dövlətimə, dövlətçiliyimizə sadiq olan bir insanam. Kifayət qədər öz mövqeyində güclü olan və Azərbaycana qarşı yönələn hər hansı təsirlərə qətiyyətlə, cavab vermək bacarığında olan bir insanam. Əli müəllimin söylədiklərindəki bəzi məqamlarla ümumiyyətlə, razı deyiləm. Bir şeyi yenə də əminliklə deyirəm ki, cəmiyyət daxilindəki münasibətlərin sivil formada inkişafına nail olmaq lazımdır. İctimai qınaq, ictimai məzəmmət ola bilər, amma cəmiyyət daxilində nifrət təbliğ etmək olmaz. İqtidarın da gücü onun məntiqində, böyüklüyündədir. Mən heç zaman nə ulu öndərin, nə də möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dilindən cəmiyyət daxili nifrətin tirajlandırılması barədə ifadə eşitməmişəm. Möhtərəm prezidentimizin danışığında böyük mədəniyyət, yüksək təmkin, o cümlədən müxalifət nümayəndələrinə, müxalifət jurnalistlərinə münasibətdə ən kəskin məqamlarda belə yenə təmkin, müdrik cavablar görmüşəm. Mən də buna əsaslanıram və belə fikirləşirəm ki, iqtidarda olanlar güclü insanlardır. Bu gün Azərbaycanı iqtidar idarə edirsə, deməli, xalqın böyük hörmətinə, məhəbbətinə layiq olan insanlardır və xalq tərəfindən də buna görə seçilib. Bu iqtidara da möhtərəm prezidentimiz başçılıq edir. Müxalifət tərəfindən Azərbaycanın əleyhinə yönələn məqamlara belə məntiqli cavab vermək və onları yerində oturtmaq lazımdır. Mən emosionallığı niyə demişdim? Bəli, mən inanmamışdım ki, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinə rəhbərlik edən və cəmiyyət daxilində vətəndaş həmrəyliyinin bərpa olunmasına, formalaşmasına xidmət etməli olan bir məmur ictimai nifrəti tirajlaşdırsın və insanlar arasında ictimai nifrəti böyük prinsip elan etsin. Bu, mümkün olan bir şey deyil. Biz Azərbaycan dövlətçiliyinə qarşı çevrilən hansısa təhdidlərin qarşısını almaq iqtidarında olan bir xalqıq. Azərbaycan güclü bir dövlətdir. Ancaq Əli müəllim orada Azərbaycanla bağlı qəribə şeylər söyləyib. Azərbaycanda xaos dövrü çoxdan keçib. Azərbaycan xalqını xaosa meylli kütlə kimi təqdim etmək olmaz. Azərbaycan güclü dövlətdir, Azərbaycan xalqının tam əksəriyyəti dövlət başçısını dəstəkləyir. Burada heç bir qorxu yoxdur. Azərbaycana xaricdən gələn təsirlərin də qarşısını almaq iqtidarındayıq. Mənə ünvanlanan sual da heç bununla əlaqədar deyildi. Ünvanlanan sual jurnalistlərlə əlaqədar idi və mən də dedim ki, o jurnalistləri ədalət, düzgünlük yoluna gətirmək üçün onları da öz həqiqətimizə inandırmaq lazımdır. Vəssalam! Rəbiyyə Aslanova öz dövlətini, dövlət başçısını ürəkdən sevən, öz dövlətinə sədaqəti ilə seçilən bir insan olub və olacaq. İstəməzdim ki, kimsə Rəbiyyət Aslanovanı belə günahlandırsın. Heç bir subyektiv məqamlara əsaslanıb Rəbiyyət Aslanovaya qarşı hücuma keçmək olmaz.
- Siz Milli Məclisin İnsan hüquqları komitəsinin sədrisiniz. Diqqət çəkən bir məqam da var ki, bu gün keçmiş həmkarlarınızdan biri- Gülər Əhmədova həbsdədir. Onun hüquqlarını müdafiə edən vəkillər də var. Sizin Gülər xanımla bağlı nə düşünürsünüz?
- Biz hakimiyyətin müxtəlif qollarıyıq. Heç vaxt hakimiyyətin bir qolu o biri hakimiyyət qolunun işinə qarışmır. Hüquq-mühafizə orqanlarının işinə qarışmaq onlara qarşı hansısa bir təzyiq etmək deməkdir. Gəlin bu prosesin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına imkan yaradaq. Bu suala yalnız o zaman cavab vermək olar ki, proses yekunlaşsın. Belə bir məsələnin hətta Dövlət Departamentinin hesabatında da gündəmə gəlməsi özü qeyri-qanuni bir mövqedir.
-Necə düşünürsünüz, Azərbaycan parlamentində qadınların mövqeyi necədir?
- Azərbaycan parlamentində olan qadınlar öz seçiciləri tərəfindən yüksək dəyərləndirilib, qiymətləndirilib və bu gün Azərbaycan parlamentinə o seçiciləri təmsil edirlər. Bu və ya digər şəxs haqqında danışarkən həmin o seçicilərin seçiminə böyük hörmətlə yanaşmaq lazımdır.
-Sonuncu sualımız isə dəyərlərlə bağlıdır. Rəbiyyət Aslanova həmişə hansı dəyərlərə üstünlük verir, həyatını hansı dəyərlər əsasında qurur?
- Mən Azərbaycan vətəndaşıyam, azərbaycançılıq prinsipi ilə yaşayan insanam. Bir tərəfim də avarlardır. Ümumiyyətlə, bir insan kimi düzlüyü, ədaləti əsas götürən bir insanam. Bu dəyərlər yolunda da kifayət qədər qüvvəmi ortaya qoymağı bacaran insanam. Yalan, ikiüzlülük, xəbislik və nankorluq kimi keyfiyyətlərə nifrət edən birisiyəm. Öz prinsiplərimin üzərində də güclü dayanmağı bacarıram və sona qədər də dayanmağı bacaracam.