Azərbaycan sosial-rifah dövlətidir və bu baxımdan, ölkəmizdə dövlət tərəfindən bütün zümrələrə, əsasən də, xüsusi, həssas yanaşma tələb edən təbəqələrə böyük diqqət, qayğı göstərilir, onlara böyük önəm verilir.
Bunu Gün.Az-a açıqlamasında professor, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dilə gətirib.1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun imzalanaraq qüvvəyə mindiyini xatırladan komitə sədrinin sözlərinə görə, bu qanunvericilik aktı 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatlarının məzmununu, tədbirlərini müəyyənləşdirir.Həmçinin, həmin təminatların verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.Komitə sədri bildirib ki, sözügedən qanunda təhsil, tibbi xidmət, əmlak və yaşayış təminatları üzrə müddəalar əsas məqamlardan biri kimi əksini tapıb.Hazırda Azərbaycanda 42 dövlət uşaq müəssisəsinin olduğunu diqqətə çatdıran R.Aslanovanın bildirdiyinə görə, həmin müəssisələrin 31-i Təhsil, 2-si Əmək və Əhalinin Sosial Müdafiəsi, 3-ü Səhiyyə Nazirliyinin, 6-sı isə rayon-şəhər icra hakimiyyətlərinin tabeliyindədir:“Bu gün həmin uşaq müəssisələrində ümumən 9860 uşaq təlim-tərbiyə alır. Bu yerdə onu da qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki uşaq müəssisələrində ümumilikdə 237 əlil uşaq təlim-tərbiyə alır”.Komitə sədri eyni zamanda, valideyn himayəsindən məhrum olunmuş və hər iki valideynini itirmiş uşaqların sosial müdafiəsinin təşkilində, həmin kateqoriyadan olan uşaqların, yeniyetmələrin yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunmasında Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun və həmin fondun prezidenti, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri olduğunu vurğulayıb:“Təsadüfi deyil ki, məhz Heydər Əliyev Fondu tərəfindən 5 illik müddətinə “Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı” hazırlanıb. Qeyd edim ki, bu proqramla əlaqədar son illər ərzində Heydər Əliyev Fondu tərəfindən uşaq müəssisələrinin, internat məktəblərinin yenidən qurulması, bərpası, təmiri istiqamətində mühüm addımlar atılıb və həmin müəssisələr müasir standartlara cavab verən vəziyyətə gətirilib.
Eyni zamanda, məhz Mehriban xanım Əliyevin təşəbbüsü və dəstəyi ilə həmin müəssisələri tərk edən qızlar üçün xüsusi evlər tikilərək istifadəyə verilib. Yəni, bu məsələdə Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın xidmətləri, zəhməti, əməyi xüsusi diqqətə layiqdir.Ancaq mənim təklifim odur ki, uşaq evlərində təlim-tərbiyə alan və sonradan həmin müəssisələri tərk edən, yəni hər iki valideynini itirmiş və valideyn himayəsindən mərhum olunmuş uşaqların, yeniyetmələrin gələcək həyatlarını qurmaları üçün Bakı şəhərində iş adamları, sahibkarlar tərəfindən tikilən, inşa edilən binalarda müvəqqəti yerlər, mənzillər ayrılsın.
Yəni, xeyriyyəçilik fəaliyyəti haqqında qanunun qəbulunu gözləmədən belə, həmin iş adamları, sahibkarlar özləri bu məsələdə təşəbbüskar olsun, öz vətəndaş mövqelərini ortaya qoysunlar, konkret, real addımlar atsınlar.Xatırlatmaq istərdim ki, belə xeyriyyəçilik ənənəsi hələ 1910-cu ildə Bakı neft milyonçuları tərəfindən həyata keçirilib. O zaman valideyn himayəsindən məhrum uşaqlar üçün Bakıda qayğı mərkəzləri tikilib. Zənnimcə, bu, yaşamaq haqqı olan ənənədir.Bu gün Azərbaycan dövlətinin əslində bunlara elə də ehtiyacı yoxdur. Çünki Azərbaycan dövləti hər cəhətdən güclüdür, qüdrətlidir. Azərbaycan dövləti həmin kateqoriyadan olan uşaqların, yeniyetmələrin sosial müdafiəsini tam təmin etmək iqtidarındadır və dediyim kimi, bu istiqamətdə də lazımi bütün addımlar atılır.
Ancaq bununla belə, bütün məsələlərin həllini heç də dövlətdən gözləmək, onun üzərinə yükləmək də lazım deyil. Bu cür məsələlərdə hər bir vətəndaş öz iradəsini, mövqeyini ortaya qoymalıdır.Qeyd etdiyim kimi, bu gün Azərbaycanda, Bakıda böyük tikinti bumu gedir. Azərbaycan, paytaxtımız Bakı şəhəri nəhəng tikinti meydançasını xatırladır. Ona görə indi yaxşı olmazdımı ki, həmin tikinti işləri ilə məşğul olan iş adamları, sahibkarlar dövlətə bu məsələdə yardımçı olsunlar, tikdirdikləri binalarda internat, uşaq evlərini tərk etmiş uşaqların, yeniyetmələrin öz gələcəklərini, yaşayışlarını təmin etmələri üçün onları müvəqqəti olaraq mənzillərlə, yaşayış yerləri ilə təmin etsinlər...Bu, hesab edirəm ki, elə bizim dinimizdən, milli adət-ənənələrimizdən də gələn bir məsələdir, yəni, xeyriyyəçilik bizim dinimizdə, adət-ənənələrimizdə də mühüm yer tutur. Bu baxımdan, bu məsələnin - bu ideyanın yaxın gələcəkdə reallaşdırılması çox xeyirxah bir addım və cəmiyyət üçün örnək olardı”.