“Qarabağdakı işğal mənim azəri qardaşlarımın ürəyini nə qədər dağlayırsa, bilin ki, hər Türkiyə vətəndaşının ürəyini də o qədər dağlayır. Terror hücumları nəticəsində şəhid olan hər bir gəncimizin acısı bizim ürəyimizi ağrıtdığı kimi, inanıram ki, azəri qardaşlarımın da ürəyini ağrıdır. Biz “bir millət, iki dövlət” olduğumuz qədər, həm də bir ürəyik”. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İzmir vilayətinin Əliağa rayonu ərazisində Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin “Turcas” şirkətinin birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimindəki çıxışında deyib.
Baş nazir bəyan edib ki, Türkiyə Qarabağda işğal bitənə qədər Azərbaycanla çiyin-çiyinə mübarizə aparmağa davam edəcək: “Terrorla mübarizəmizdə səmimi dəstəyinə görə dost, qardaş Azərbaycana təşəkkür edirik”.
Rəcəb Tayyib Ərdoğan Van bölgəsində baş verən zəlzələ ilə bağlı göstərdiyi yardım üçün Azərbaycana təşəkkürünü bildirib: “Zəlzələ baş verəndən sonra Türkiyəyə çox ölkədən yardım gəldi. Amma Azərbaycandan gələn yardım bizi çox duyğulandırdı. Azərbaycan ən tez yardım etdi”. O, dünyada Türkiyə-Azərbaycan dostluğuna misal göstəriləcək başqa nümunə olmadığını vurğulayıb. Türkiyənin baş naziri Azərbaycanın Türkiyəyə qoyduğu yeni investisiyaya görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Baş nazir deyib ki, qoyulan investisiya nəticəsində inşa olunacaq müəssisənin inşaat işlərində 10 min nəfər, fəaliyyətə başlayacaq müəssisədə isə 1000 nəfər çalışacaq: “Azərbaycan indiyə kimi Türkiyədə enerji, iqtisadiyyat sahəsində investisiyalar qoyub. Burada təməli qoyulacaq Heydər Əliyev adına Texniki Peşə Məktəbi isə Azərbaycanın Türkiyədə təhsil sahəsində qoyduğu ilk investisiyadır, biz bunu çox yüksək qiymətləndiririk. Çünki burda yetişəcək kadrlar bu müəssisələrdə çalışacaqlar, bu da bizi çox sevindirir”.