Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.
AZXEBER.COM portalı tanınmış aktyor, respublikanın xalq artisti Ramiz Novruzun müsahibəsini təqdim edir.
-Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir. Respublikanın xalq artisti kimibu festivala münasibətiniz?
Birmənalı şəkildə münasibətim çoxyaxşıdır. Adətən, gəncyaşlarımızdakəndlərdə dərnəklərolurdu, oralaragedibsəhnələrqoyurduq. Bu günsə bu cür festivalların keçirilməsi nəinki vətənpərvərliyin aşılanmasında, eynilə də gənc istedadların üzə çıxmasında müstəsna rol oynayacaq. Bildiyiniz kimi, hazırki dövrdə bizim aktyorluq sahəsinə “çörəksiz sənət” münasibəti bəslənilir. Bu da təsadüfi deyil. Fikir verirsinizsə, qəbul imtahanlarına aktyorluq üzrə Türkiyədə 1 yerə 300 abituriyent sənəd verirsə, bizdə 15 yerə 14 nəfər sənəd verir. Belə olan halda istedadların üzə çıxması çox çətin olur. Bəziləri hətta bilmədən incəsənətə gəlirlər. Buna görə də istər cəmiyyətdə, istərsə də bizim teatr və kino aləmimizdə çaşqınlıq və qeyri-peşəkarlıqlar meydana gəlir.
Sizcə, buna səbəb nədir?
Bilmirəm, vallah. Görünür, bizim sənət dostlarımız hansısa bir dövrdə bu sənətin prestijini aşağı salacaq işlər görüblər.
Bu hal, təəssüflər olsun ki, təkcə Azərbaycan üçün keçərlidir. Bəs buna münasibətiniz necədir?
Bəli, qatılıram bu fikrə. Həqiqətən, fikir versəniz, Türkiyədə aktyora cəmiyyətdə önəmli bir insan kimi dəyər verilir. Sössüz, bizdə bu sahədə sistem hələ tam oturuşmayıb. İnkişaf da göz önündədir. Bu yaxınlarda hətda Akademik Milli Dram Teatrı Krımda keçirilən beynəlxalq festivaldan iki mükafatla qayıtdı. Bu da bir inkişafdır. Nəzərə alsaq ki, festivalda İngiltərə, Polşa, İspaniya, Fransa kimi teatr “hegemonları” da iştirak edirdilər. Buna görə inkişafı gözdən qaçırmaq lazım deyil. Hazırda hətta dövlət tərəfindən teatrın və kinonun inkişafına vəsait də ayrılıb. Ona görə düşünürəm ki, bu cür festivalın keçirilməsi müsbət haldır. Hətta mən özüm də Biləsuvardan olduğum üçün Mübarizin ailəsi ilə görüşüb danışmışam. Onun haqqında eşidəndə hər zaman mənim yadıma rəhmətlik Xəlil Rza Ulutürkün “Bütün Azərbaycan övladlarını, Öz kişi bətnimdən doğacağam mən” misraları yadıma düşür. Həqiqətən, Mübariz özündən sonra neçə Mübarizlər doğdu və onları vətənə xidmət etməyə səslədi.
Siz bundan öncə də bir neçə vətənpərvərlik haqqında filmlərə çəkilmisiniz. Elə götürək Həzi Aslanovdan bəhs edən “Sizi dünyalar qədər sevirdim” filmini. Necə düşünürsünüz, gələcəkdə Mübarizə həsr edilmiş bir film çəkilsə, o filmdə oynamaq istərdiniz?
Mən o fikirlə razıyam ki, bu cür filmlər gələcəkdə çəkilsin. Çünki bu mövzuları tələm-tələsik işləməklə istədiyimiz effekti görə bilməyəcəyik. Elə bir şey çəkilsə, inanın hər kəs başlayacaq yazmağa ki, ssenariləri keçsin. Bu, həqiqətən, günahdır. Mübariz haqqında film çəkilirsə, bu filmə ilk növbədə yüksək maliyyə vəsaiti ayırılmalı və bu filmin festivalda birincilik tutması üçün bütün imkanlar yaradılmalıdır. Ən əsası da, filmə keyfiyyət baxımından yüksək peşəkarlar cəlb edilməlidir. Hərdən məndən soruşurlar ki, bu gün Həzi Aslanovlar yetişə bilərmi? Mənsə birmənalı şəkildə cavab verirəm ki, əgər bu gün Stalinqrad döyüşü olsa, Həzi Aslanovlar da yetişəcək.
Bəs Mübarizi oynamaq üçün hansı aktyorları fikirləşirsiniz?
Səmimi desəm, aktyorlardan heç kəs ağlıma gəlmir. Mən rejissor olsaydım Elnur Məmmədlini Mübarizin rolunda filmə çəkərdim. Həqiqətən, mən onun üzündə işığı görmüşəm. Öz fiziki görünüşü ilə də Mübarizi xatırladır. Təbii, bu gələcəyin işi olduğuna görə Elnur artıq yaşlanacaq. Sizcə, bu filmin çəkilməsi üçün şərait gec yaranacaq?
Nəzərə alsaq ki, kinostudiya tam işləyə bilmir, avadanlıqlar tam gətirilməyib. Bu problemlərin vaxt aparacağını nəzərə alsaq, bizim düşündüyümüz filmin ərsəyə gəlməsi də bir xeyli vaxt ala bilər. Təbii ki, rejissordan da burada çox şey asılıdır. Mən onu deyim ki, “Sizi dünyalar qədər sevirdim” filmində Belarus, Polşa aktyorları ilə birlikdə rol almışam və bu film çox böyük uğurlar qazanıb. Heç uzağa getmək lazım deyil. Neçə ildir ki, Qarabağ haqqında filmlər çəkilmir. Təbii, ilk başlarda bu cür filmlər çoxluq təşkil edirdi. Ancaq bu gün bizim ağlımızda yalnız” Fəryad” filmi qalıb.
Siz bunun səbəbini nədə görürsünüz?
Az öncə qeyd etdiyim kimi. Tələskənlik... Ən birinci mən çəkim, ən birinci mən yazım və s. Bunun da nəticəsi belə olur. Festivallarda bu filmlər heç nə edə bilmir.
Ramiz müəllim, sizin üçün vətənpərvərlik nə məna daşıyır?
Mənim bir yazım var idi. Orada mən qeyd etmişdim ki, “Bizim millətin heç bir dərdi olmazdı, əgər hamı bacardığı işlə məşğul olsaydı”. Çox az adam tapılar ki, hazırda öz işi ilə məşğul olur. Mənim üçün Eldar da, Nigar da vətənpərvərdir, Elnur Məmmədli də vətənpərvərdir. Həmçinin hər hansı bir çəkməçi xarici bir müştərisinin yanında “bu hərəkəti etsəm, Azərbaycan adına ləkə gələ bilər” deyə düşünürsə, o da vətənpərvərdir. Qısası, mənim üçün vətənpərvərlik xalqa xəyanət etməmək və bacardığın işlə məşğul olub xalqa xidmət etməkdir.
Hazırda keçmiş sovet ölkələrinin çəkdikləri filmlərə Azərbaycandan daha çox siz dəvət alırsınız. Bunun səbəbini nədə görürsünüz?
Yox, mən belə deməzdim. Bizdən Fəxrəddin Manafov da çəkilir. Bir çoxları da rol alır. Görünür, mənim məktəbim onların məktəblərinə daha yaxındır və ya mən dərslərimi yaxşı oxumuşam. Bəlkə də, buna görədir. Bir də ki, mən tamaşada oynayanda mənə elə gəlir ki, rəhmətlik Mehdi Məmmədov mənə zaldan baxır. Eynilə də Adil İsgəndərov. Onlar dünyalarını dəyişsələr də, onlara qarşı mənim hər zaman məsuliyyətim eyni olaraq qalır. Eyni tamaşanı 100 dəfə oynasan da, o, gələn tamaşaçı üçün 1-ci ola bilər. Ona görə də sən 1-ci tamaşan kimi rolunu ifa etməli və maksimum səviyyədə peşəkarlığıvı əldən verməməlisən.
Sonda festivalın işinə münasibətiniz?
Bir daha bütün idarə heyətinə uğurlar arzu edirəm. Bu işdə hər kəsin səfərbər olmasını arzulayıram.
Təşəkkür edirik...
Sağ olun.
Söhbətləşdi; Əfsələddin Ağalarov