Mətbuatda “Kapitoli” tikinti şirkətinin Nəsimi rayonu, Kərpic küçəsi 43 ünvanında məskunlaşan Zəngilan rayonundan məcburi köçkün ailəsinin başına gətirdiyi müsibətlər barədə araşıdırma xarakterli məqalə yayımlanıb.
AZXEBER.COM Aznews.az-a istindən xəbər verir ki, məcburi köçkün ailəsinə məxsus evin qanunsuz olaraq sökülməsi, ərazinin tikinti şirkətinin nəzarətinə keçirilməsi və dəymiş ziyanın ödənilməməsindən bəhs edən məqalədə yaranmış vəziyyətə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin də adı çəkilib.
Azpolitika.info saytı daha bir diqqətçəkən məlumat yayıb. Məlumata görə, məcburi köçkün ailəsinin üzləşdiyi problemin əsas səbəkarı kimi adı çəkilən “Kapitoli” tikinti şirkətinin rəhbəri Abbas Səfərov Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, “Şöhrət” Orendli Eldar Quliyevin kürəkənidir. Sayt yazır ki, A.Səfərov məhz qaynatasının sayəsində bu ədalətsizliyə və qanunsuzluğa yol verə bilir. Məlumata görə, Abbas Səfərovun Eldar Quliyevin qızı ilə izdivacı onun ikinci evliliyidir.
“AZƏRFAKS”ın əməkdaşı məsələni dəqiqiləşdirmək üçün Eldar Quliyevlə əlaqə saxlayıb. Rektor bildirib ki, A.Səfərov həqiqətən də onun kürəkənidir: “Abbas səkkiz aydır ki, mənim kürəkənimdir. Amma bu o demək deyil ki, onun fəaliyyət sferasına aid məsələlərin mənə aidiyyatı var. Dediyiniz şirkətin adını birinci dəfə eşidirəm və bu mübahisə barədə də mənim hər hansı məlumatım yoxdur. Biz dövlətin yanında olan, cənab Prezidentin siyasətini dəstəkləyən və ölkə qanunlarına tabe olan adamlarıq. Abbas məsuliyyətini bilən iş adamdır. Görünür burada bir anlaşılmazlıq var. Aydınlaşdırmaq lazımdır. Nə kiminsə hüquqularını pozmaq olar, nə də kimisə əsassız ittiham etmək”.