Bakının məşhur “Oazis” restoranında baş vermiş davanın əks-sədası böyürür.
Davada ölümcül döyülən Ravid Abdullayevin yaxın qohumu Milli.Az-a onun Binəqədi polisi tərəfindən saxlanılması xəbərini verib.
Deyib ki, ailəsi ilə ad günü keçirən qonaqların döyülməsi və həbs edilməsi harada görünüb:
“Zaur Əsgərov dostları Ravid və Emil Tumasovla oğlunun ad gününü qeyd edirmişlər. Zaur xanımı ilə rəqs edərkən restoranın mühafizəçisi yaxınlaşıb, ona arvadını göstərərək deyib ki, bura fahişəxanadır sizin üçün? Bunun üstündə mübahisələri düşüb. Mühafizəçilər onları bayıra çıxarıblar və uzun söhbətdən sonra ara sakitləşib. Sonra Zaur yenidən restorana qayıdaraq ad günü tortunu kəsmək istəyib. Bu zaman dava yenidən başlayıb. Emil və Zauru ölümcül vəziyyətə salıblar. Ravidə isə şiş soxublar. Özünü müdafiə etdiyindən şiş onun qarnına yox, qoluna girib. İkinci dəfə şişi soxmaq istəyən zaman başqa bir ofisiantın vurduğu təpik Ravidi hovuzun içərisinə atıb. Sonra onu hovuzdan çıxararaq döyüblər”.
Bu gün isə Binəqədi Rayon Polis İdarəsinə gələrək şikayət etmək istəyən Ravidin özünü saxlayıblar. Davanın digər qurbanı olan E.Tumasov isə hadisədən sonra öz şəkillərini və davanın videosunu yayıb.




