Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş “Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı”nda ikinci mərhələ davam edir.
Festivalla bağlı AZXEBER.COM-a münasibət bildirən tanınmış media mütəxəssisi, 525-ci qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcid festivalın yaradacı gənclər üçün stimul olduğunu söyləyib: “Bu tipli yaradıcılıq müsabiqələrinin keçirilməsi çox yaxşıdır. Yaradıcı gənclər üçün bu tip festivallar stimul rolunu oynayır. Müxtəlif təşkilatlar vaxtaşırı belə müsabiqələr keçirirlər. Düşünürəm ki, müsabiqənin keçirilməsi çox müsbət haldır. İndi yaradıcılıqla məşğul olan gənclər çoxdur, amma bunlar, əsasən, şeirlə, nəsrlə məşğul olurlar. Birdən-birə gənclərin pyes yarışmasına qoşulması o qədər də asan olmur. Çünki pyes bir xeyli fərqli sahələrin sintezidir və ona xeyli məlumat, peşəkarlıq lazımdır. Bu sahədə gənclər, ümumiyyətlə, çox deyillər. Yazıçılar Birliyinin Gənclər üzrə katibi kimi də bizə gənc dramaturq lazım olanda az qala çıraq işığı ilə axtarıram. Çünki gənclər dramaturgiyaya az meyl duyurlar, həmçinin dramturgiyanın çətin olmağı, daha çox sahəni özündə birləşdirməyi, peşəkarlıq tələb etməyi buna səbəb olur. Mübariz İbrahimova həsr olunmuş Gənclərin Teatr Festivalının olması müsbət haldır amma gənclərin buna az maraq göstərməsini də normal sayıram, çünki bu, asan iş deyil. Belə düşünürəm ki, buna çox maraq göstərənlər olmayacaq, amma hər halda bu festival gənclər üçün stimuldur. Mədəniyyət, Turizm Nazirliyi və Gənclər, İdman Nazirliyinin belə layihə həyata keçirməsi gənclərdə bu sahəyə maraq oyadacaq”.
Rəşad Məcid eyni zamanda gənclərin bu sahəyə olan marağının zəif olmasının bir sıra səbəbləri olduğunu söyləyib: “Dövrlə əlaqədar olaraq, bir müddət ədəbiyyat arxa plana keçmişdi. Son illərdə isə yenidən ədəbiyyata maraq artıb. Gənclər yazmağa, yaratmağa başlayıblar. Şeir və nəsr sahəsində yaradıcılıq artıb. Amma dramaturgiya elə sahədi ki, buna bir az püxtələşmiş qələm lazımdır. Nasirlər və şairlərdə bir müddətdən sonra dram yaradıcılığına başlayırlar. İndi teatrlarımız da əvvəlki kimi deyil, yenilənib, dövlət və özəl xətlə də kinolar, seriallar çəkilir və düşünürəm ki, gənclərimizin də ssenari sahəsində qələmini sınamağının vaxtı gəlib çatıb”.
Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.
Ülkər Eldarqızı