Bu gün 151 illik tarixə malik Azərbaycan milli mətbuatı növbəti əlamətdar gününü qeyd edir.
İllər öncə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımız bu müddət ərzində cəmiyyətin güzgüsü, ictimai fikrin tribunası kimi öz missiyasını davam etdirib.
AZXEBER.COM-a danışan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolunu dəyərləndirib və media nümayəndələrini təbrik edib:
"Bu gün Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur. 151 il bundan öncə dahi mütəfəkkir Həsən bəy Zərdabi Azərbaycan dilində ilk "Əkinçi" qəzetini nəşr etməyə müvəffəq oldu. Bundan sonra qısa fasilələrlə XX əsrin əvvəllərində Azərbaycanda mətbuatın xüsusi inkişaf dövrü başladı. Həmin dövrdə "Həyat", "İrşad", "Tərəqqi", "Açıq Söz" qəzetləri, "Füyuzat" və "Molla Nəsrəddin" jurnalları işıq üzü gördü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir bəy Hacıbəylinin rəhbərliyi ilə "Azərbaycan" qəzeti nəşr olundu. Müstəqillik illərində də Azərbaycan mətbuatı Azərbaycan dilinin saflığının qorunmasında mühüm rol oynadı".
Rəşad Məcid bildirib ki, media sahəsində həyata keçirilən islahatlar və müasir dövrün tələbləri jurnalistikanın qarşısında yeni vəzifələr müəyyənləşdirib:
"1998-ci ilin avqust ayında ümummilli lider Heydər Əliyev tərəfindən mətbuatda senzuranın ləğv olunması və mətbuata göstərilən diqqət, bu ənənənin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi yeni şəraitdə mətbuatın qarşısında mühüm vəzifələr müəyyənləşdirib. İnformasiya texnologiyalarının inkişafı şəraitində medianın çevik fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan yeni "Media haqqında" Qanun, Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının yaradılması da dövrün tələblərinə uyğundur. Mən bu əlamətdar gündə bütün media işçilərini ürəkdən təbrik edirəm".
Fəridə Əsədzadə











































