Rəsmi işi və sabit gəliri olmayan şəxslərin kredit əldə etməsi bank sektorunda ən çox müzakirə olunan məsələlərdən biridir. Kredit təşkilatları adətən rəsmi əmək haqqı və müəyyən iş stajı tələb etməklə borcalanın ödəmə qabiliyyətini qiymətləndirməyə çalışır.
Belə olan halda, rəsmi gəliri olmayan şəxslər hansı alternativ yollarla kredit əldə edə bilər?
Mövzu ilə bağlı bank eksperti Emin Kərimov Demokrat.az-a bildirib ki, gəlirlərin təsdiqi Mərkəzi Bank tərəfindən irəli sürülmüş tələbdir:
"Təxminən 2014–2015-ci illərdə tətbiq edilib. Bu, problemli kreditlərin qarşısının alınmasına yönəlmiş tənzimləyici mexanizmdir. Yəni şəxs götürdüyü krediti hansı mənbədən ödəyəcəyini sənədli şəkildə sübut etməlidir.
İstehlak kreditlərində, yəni təminatsız kreditlərdə bu, iş yerindən arayış və ya bank əməkhaqqı kartı üzrə hesab çıxarışı ilə təqdim olunur. Əgər şəxsin gəlirləri rəsmi deyilsə və ya hər hansı səbəbdən arayış və ya hesab çıxarışı təqdim edə bilmirsə, əməkhaqqını nağd şəkildə alırsa, bu halda təminatlı kreditlərə, xüsusilə lombard kreditlərinə müraciət edə bilər. Həmçinin daşınar və ya daşınmaz əmlakı girov qoymaqla da kredit götürmək mümkündür. Lakin geniş yayılmış forma lombard kreditləridir".
Ekspert deyib ki, bu kreditlər əsasən qızıl-zinət əşyalarının girovu ilə verilən təminatlı istehlak kreditləridir:
"Şəxs yalnız şəxsiyyət vəsiqəsini və girovunu banka və ya BOKT-a təqdim edir, daha sonra əşyanın qiymətləndirilməsi aparılır. Əyar və qramına uyğun olaraq kredit məbləği müəyyən edilir. Kredit qrafiki tərtib olunur və şəxs ödənişləri tamamladıqdan sonra qızıl-zinət əşyası geri qaytarılır. Yəni şəxs əmlakını satmadan kredit resursuna çıxış əldə edir.
Minimal iş stajı tələbi isə bankların kredit məhsullarının şərtlərinə və risk siyasətinə əsasən müəyyən edilir. Bu müddət 3 aydan 1 ilə qədər dəyişə bilər. İş yerinin statusu, etibarlılığı, əməkhaqqının həmin bank vasitəsilə alınması kimi amillər də bu siyasətə təsir edir. Təcrübədə daha çox 6 ay və 1 il staj tələbi tətbiq olunur. Bəzi hallarda bu müddət 3 aya qədər endirilə bilər, lakin bu, istisna haldır və konkret məhsul şərtlərindən asılıdır", - deyə o qeyd edib.











































