Bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də rüşvətxorluq və korrupsiya baş alıb gedir. Ölkə başçısı korrupsiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə sərəncam imzalasa da dövlət xəstəxanaları bu sərəncama məhəl qoymur və bildiklərini edirlər. Mətbuatda dəfələrlə xəstəxanalardakı özbaşınalıqlardan və rüşvətdən yazılsa da bunun müsbət bir nəticəsi olmayıb. Dövlət xəstəxanaları xalqa pulsuz xidmət etməlidir. Ancaq bir çox dövlət xəstəxanalarında rüşvət qapıdan içəri daxil olan kimi başlanır.
Bu cür xəstəxanalardan biri də Respublika Klinik Xəstəxanasıdır. Xəstəxanada rüşvətin hansı dərəcədə olduğunu öyrənmək üçün xəstə yaxınlarının şikayətləri əsasında ora yollandıq. İlk tanışlıqdan bəlli oldu ki, bu səhiyyə ocağı prezidentin sərəncamı əsasında yox, öz “daxili qanunları” əsasında işləyir. Belə ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Bu, hələ başlanğıc idi.
Xəstəxananın reanimasiya otağı yerləşən mərtəbəsinə, yəni üçüncü mərtəbəyə qalxdıq. Reanimasiya otağının qapısına “Kənar şəxslərin girişi qadağandır” yazılsa da həkimlər kim gəldi içəri buraxırdı. Orada dayananlara reanimasiyada yaxınımızın olduğunu və onu görmək istədiyimizi dedik. Bir nəfər xəstə yaxını dedi ki, pulunuz varsa, 5-10 manat verin, keçib xəstənizi görün: “Biz də nə vaxt istəsək, 5-10 manat verib xəstəmizi görə bilirik”.Dünyanın heç bir xəstəxanasında reanimasiya otağına kənar şəxslər buraxılmır. Ancaq bizdə vəziyyət fərqlidir. Kimin pulu varsa, ürəyi nə vaxt istəsə, ora girə bilir. Reanimasiya otağının qapısı önündə xəstələrindən xəbər gözləyən, adının çəkilməsini istəməyən şəxs reanimasiya otağındakı həkimə və tibb bacılarına hər gün pul verdiyini dedi: “Pul verməsək, xəstəmizə yaxşı baxmırlar. Xəstəmiz ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 10-20 manat arası, tibb bacılarına 5, sanitara isə 3 manat veririk. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmur. Buranın pullu xəstəxanalardan heç bir fərqi yoxdur. Sadəcə olaraq, adı dövlət xəstəxanasıdır”.Digər xəstənin yaxını Zaur bəy isə dedi ki, onun xəstəsini qəbul edərkən ilkin tibbi yardıma görə 34 manat istədilər: “İstədikləri məbləği verməyəndə xəstəni qəbul etmirlər. Mən xəstəmizi bura gətirərkən bu pulu verməkdən imtina etdim. Dedim ki, dövlət xəstəxanası pulsuz xidmət etməlidir. Tibb bacısı bu sözümə gülərək ”bunu sizə kim deyib, indi kim qanuna əməl edir ki..." deyə cavab verdi".Burada palatalar da fərqlidir. Həkimlər xəstələrə iki cür palata təklif edir: birincisi, içində kondisioneri və hər cür şəraiti olan, günü 10 manatdan olan, ikincisi, heç bir şəraiti olmayan və pulsuz verilən otaq. Buradan da aydın olur ki, xəstələr varlı və kasıb təbəqəyə bölünür. Bu cür ayrı-seçkilik xəstələri də bezdirib. Onlar bütün otaqların pulsuz olmağını tələb edirlər. Xəstələr həkim gəlib palatada onlara baş çəkəndə də pul verdiklərini dedilər.Ancaq elə həkimlər var ki, rüşvət aldığına görə özlərini günahkar bilmir, bütün günahı Səhiyyə Nazirliyində görür. Adının çəkilməsini istəməyən həkim rüşvət almağa məcbur olduqlarını dedi: “Həkimlərə normal əmək haqqı vermirlər. Həkimlərin də ailələri var. 130-150 manat maaşla necə ailə dolandıraq? Elə xəstələr var ki, onları müayinə edirik, deyir pul verəcəyik. Sağalandan sonra isə qaçıb gedirlər. Biz həkimlərin rüşvət alma səbəbi aldığımız az miqdarda maaşdan irəli gəlir. Bunun da günahı Səhiyyə Nazirliyində, nazir Oqtay Şirəliyevdədir. Əgər həkimin maaşı kifayət qədər olsa, həkimlər də rüşvət almaz. Əgər bundan sonra da kimsə rüşvət alsa, onları necə lazımdırsa cəzalandırarlar. Aldığım maaş mənim yol puluma ancaq yetir. 150 manat maaş alan həkimin istər tutulma qorxusu olsun, istərsə də karyerasına ziyan gəlmə qorxusu olsun, o yenə də rüşvət alacaq. Oqtay Şirəliyevin varlığı ilə yoxluğu, fəaliyyəti bilinmir. Səhiyyə heç bir islahat keçirmək iqtidarında deyil. Həkim bir xəstənin müalicəsi zamanı çox stress keçirir. Əgər xəstənin durumu yaxşı olmursa, bu, həkimin də karyerasına ziyan gətirir”.Xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Belə ki, xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmırdı. Bir sözlə, bu səhiyyə ocağına xəstəxana deməyə adamın dili gəlmir. Onun adı əslində belə olmalıdır: Respublika Klinik Pulxanası...