'Risklərə hazır olan şəxs meydanda olmalıdır, Rüstəm İbrahimbəyov isə heç ölkədə yoxdur'

SİYASƏT
14:55 12.07.2013
1428

 “Milli Şura” müxalifət partiyaların iştirakı ilə yaradılıb. Buna görə də vahid namizəd təyin edilərkən bu partiyaların fikirləri, rəyi önəmlidir.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Q. Hüseynli Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının “Milli Şura”nın vahid namizədi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:Cəmiyyətdə müxalifət olaraq yeganə qəbul olunmuş partiya Müsavat Partiyasıdır. Müsavat Partiyası bir növ “Milli Şuranın” bünövrəsidir. Buna əsaslanaraq Arif Hacılının fikirləri ilə razıyam. Çünki Müsavatsız “Milli Şuranın” mövcudluğu mümkün deyil. Əgər söhbət söz hüquqlarından gedirsə, bu hüquqlarla tanış olan yalnız Müsavat Partiyasıdır. Müsavat tarixi partiyadır. Buna görə də onun siyasi yolunu hər hansı müxalifyönlü bir partiya, və ya şura ilə eyniləşdirmək olmaz. Bu partiyanın demək olar ki, əksər rayonlarda filialları var. Sıralarında da kifayət qədər ziyalı insanlar dayanır. Buna əsaslanaraq deyə bilərəm ki, Arif Hacılı haqlıdır. Vahid namizəd seçilərkən mütləq Müsavat Partiyasının rəyi alınmalıdır.

Qabil Hüseynli Rüstəm İbrahimbəyovun namizədliyə hazır olmadığını bildirib: “O ki qaldı Rüstəm İbrahimbəyovun namizədliyinə, bu mövzu artıq getdikcə daha da sadələşir. Çox qəribə bir vəziyyət yaranıbdır. Onu “Milli Şura”ya sədr seçirlər, lakin burada yoxdur. Hər şey kənara qalsın, hətta vahid namizəd seçilsə də, yenə də ölkədə yoxdur. Bu vəziyyət qeyri-adidir. Belə ki, heç kimə yazılmayan, heç kimə tanınmayan qanunlar bu adama tanınır. Gəlişi ilə bağlı mövzular açılınca isə hər dəfə müxtəlif bahanələr gətirir. Bəhanələrin də kökündə şəxsi kommersiya maraqları dayanır. Namizədliyi irəli sürüldükdən sonra sanki özünün əhəmiyyətinin artmasını zənn edir. Artıq vəziyyət o həddə çatıb ki, başqalarına diktəedici bir mövqedə dayanıb. Mən vahid namizəd olaraq Rüstəm İbrahimbəyovun bu işi uğurla aparacağına inanmıram. O hər cür risklərə hazır olduğunu desə də, hazırda meydanda yoxdur. Risklərə hazır olan şəxs meydanda olmalıdır, Rüstəm İbrahimbəyov isə heç ölkədə yoxdur. Çünki seçki prosesi kifayət qədər əmək tələb edir. Bu prosesi isə yalnız bu sahədə təcrübəsi olan insanlar anlaya bilərlər. Rüstəm İbrahimbəyovun isə bu sahədə təcrübəsi yoxdur.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR