Ronaldo millidəki karyerasını başa vurdu

Ronaldo millidəki karyerasını başa vurdu
İDMAN
02:43 06.11.2026
57
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo yığmadakı çıxışını başa vurduğunu açıqlayıb.

41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Portuqaliya millisinin formasını 23 il geyinməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib:

"Ey portuqallar, hamımızın milli komandasının yeddi nömrəli köynəyini geri qaytarmaq günü gəldi. Heç vaxt onu yalnız özümə məxsus hesab etməmişəm. Lakin 23 il ərzində onu geyinmək, qorumaq və dünyanın hər yerində stadionlara aparmaq imtiyazına və məsuliyyətinə sahib oldum. Bu gün gələcəyə təhvil vermək anı gəldi".

Futbolçu qərar verməyin onun üçün asan olmadığını, 2003-cü ilin avqustunda başlayan və həyatını dəyişən bir yolun sona çatdığını vurğulayıb.
 
Ronaldo bu müddət ərzində milli komanda ilə yaşadığı qələbələri, məğlubiyyətləri, rekordları və qazandığı titulları xatırladıb. O, Portuqaliyanı təmsil etməkdən hər zaman qürur duyduğunu və yığma üçün əlindən gələni etdiyini qeyd edib.

Ulduz futbolçu komanda yoldaşlarına, məşqçilərə, federasiya əməkdaşlarına, ailəsinə və dünyanın müxtəlif ölkələrində yaşayan portuqaliyalı azarkeşlərə təşəkkür edib:

"Bu gün milli komanda ilə meydandakı yolum başa çatır. Başım dik, keçdiyim yoldan qürur duyaraq və Portuqaliya üçün əlimdən gələn hər şeyi etdiyimi bilərək gedirəm. Amma heç vaxt sizdən biri olmaqdan əl çəkməyəcəyəm. Portuqaliyanın hər qələbəsinə sevinməyə davam edəcəyəm".

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisində debütünü 2003-cü ilin avqustunda edib. O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi olub.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR