Elşən Musayev
Yaydır. Hamı istirahət edir. Təbii, öz anladığı və dərk etdiyi qədər. Və ya biriləri evdə 3 saat yatıb dincəlməyi, digərləri hansısa rayonda dağa-daşa, ağaca-kəsəyə passivcə, mənasızca baxmağı, başqa biriləri isə Antalyadan vurub Bodrumdan çıxmağı, necə deyərlər, özünə rəva, qənimət, istirahət bilir...
Böyük əksəriyyət də vahid bir amalla: Ki, tutaq sentyabrın əvvəlində işə gedərkən, məhəllədə gəzişərkən, qohum-əqrəba içinə çıxarkən şeşəllənə, ya da kiməsə acıq verə bilsin. Bəs necə? – Bu bizlərik, əlbət. Hətta elədiyi istirahəti də “risovkalıq” amacına, ətrafdakılara “yandıq-yandıq” vermə niyyətinə kökləyən, həmin istirahəti enində-sonunda üzünə-gözünə bulaşdıran, üstəgəl öz mənəvi rahatlığının deyil, saxta görüntünün və təəsüratın axtarışında olan – Bizlər!
O gün dənizdə idim. 95-dən bəri ilk dəfə. Daha doğrusu sahil restoranlarının birində dostlarla balıq yeməyə getmişdik. Yəni, çimmədik. Çimərlik düz ağzımızın içində olsa da. Və... getdiyimiz yer deyilənə görə guya ən səviyyəli yerlərdən biri imiş. Heyhat! O zaman sahil boyu yağlı söyüşlərin beşini bir qəpikdən havaya uçuran boyunbaqlı qaqalar, o qaqaların özləri ilə gətirdiyi 10 manatlıq “sərçə”lər, bu başdan o başa rahatca eşidilən fahişə qəhqəhələri, ilişməyə adam axtaran, qız ovuna çıxan qara-qura gədələr, ayaq altına atılan qarpız qabıqları, boş butulkalar nə idi bəs? – Bircə onu anlamadım. Anlamadım ki, biz səviyyə deyərkən ümumiyyətlə düşüncəmizdə, fikirlərimizdə nəyi qəsd edirik? Ya da hər şey bir cəhənnəmə, dənizin günahı nədir, onu niyə zorlayırıq, ona niyə istirahət deyil, yüngül əyləncə məkanı kimi baxırıq, onu niyə pritonlaşdırırıq? Və ən nəhayət...görəsən bu mənzərəni görən kimsə arvadı, anası-bacısı ilə dənizə gələrmi? Həmin mənzərəni, görüntünü öz doğmalarına rəva bilərmi? Bilməz, məncə. Lap bilmədi tutaq. O zaman neyləsin bəs? Yıxılıb ölsünmü? Kənardan dənizə baxa-baxa qıvrılıb qalsınmı? Yoxsa oturub gözləsin ki, sahili zəbt edən həmin gədə-güdələr nə vaxtsa bir gün dənizə, çimərliyə öz təyinatı üzrə baxacaq, gələcək? Hə?! Hansını eləsin?
Və inanın, biz bir tək burda belə deyilik. Elə hər yerdə özümüzük. Maşallah olsun, “ənənə” heç dəyişmir. Məsələn, Antalyanın beş ulduzunda, ailəvi oteldə kimsə yaraşıqlı bir qıza gözünü marıtdayıbsa, ya da “naxal”ca ilişibsə anındaca təxmin etmək olar, o kimlərdəndi. Özdə bir tək kənara deyil, həm də özümüzə qarşı. Bax elə ona görə də biz yeganə millətik ki, turizm agentliklərinə müraciət edib, yaxın-uzaq xaricə üz tutduğumuzda həmin agentlikdən tək bir ricamız olur: getdiyimiz yerdə azərbaycanlı olmasın...
Hələ bunlar qalsın bir yana, aramızda analoqsuz görməmişlər var. Bir baxarsan, özünü 1 həftə içində elə yandırıb, elə közərdib - kənardan adamın “zaqar”ı sanki günəş altında deyil, od içində aldığını düşünərsən. Nə var-nə var Bakıya qayıtdığında danışmağa söz olsun. Ki, bəs kişinin qızı, kişinin oğlu Antalyada olub...
Ya da dəniz və hovuz mədəniyyətimiz. Hətta üzəndə və suya tullananda da bunu elə bir formada edirik ki, su hamının gözünə mütləq bir şəkildə çırtlasın, çilənsin, hamı narahat olsun, hər kəs dədəmizə söysün.
Və ya nahar vaxtı “isveç stolu” gərəyi ilə əlimizdə tutduğumuz qablar. Aman Allah! Ağzına qədər tıxanıb. Sanki, bəşəriyyətin sonudur, bundan sonra heç vaxt yemək deyə bir şey olmayacaq. Ətrafda hamı şokdadır. Hamının gözü bərələdir. Çünki, onlar ilk dəfədir ki, krivetka ilə şaftalını eyni anda yemə istedadına şahidlik edirlər!
Bizi uzun, güllü-güllü şortiklərimizdən tanıyırlar. Ya da bərk-bərk, ucadan, bir km-dən o yana qışqıra-qışqıra danışmağımızdan. Hətta dənizin, hovuzun ortasında ixtiyari bir uşaq anidən tam hərəkətsiz vəziyyətə gəlib 5-6 saniyə robot kimi gözlərini eyni yerə dikərək qaldısa, məsələ aydındır: Biz tərəfin valideynlərindən səmərəli təklif gəlib: “Bir də nömrəyə qalxmağa həvəs yoxdur, tualetini elə bura elə getsin...”
Biz uzaq xaricin otellərində də qızıl dükanı axtaran millətik. Qızıl və şuba. Həm də 50 dərəcə istidə. Sanki, bu dükanlar azərbaycanlı xanımlar üçün yaranıb, fəaliyyət göstərir, onların şərəfinədir. Sanki, ordakılara da məlumdur ki, bizdə yaxşı kişinin birinci göstəricisi, etallonu arvada bolluca qızıl və bahalı şuba almaqdır. Vəssalam. Qalanı boş şeydir. Məsələn, il boyunca həmin aldıqlarını arvadın burnundan fitir-fitir gətirmək-filan....
Və nəhayət, biz dünyanın yeganə kişiləriyik ki, uzaq xaricə, istirahət məkanına arvad-uşaqla gedərkən bədbəxt oluruq. Həm də inanılmaz bədbəxt! Ora – bura şütüyən rus qızlarının arxasınca baxammayacayıq deyə. Ukraynalı fahişələrlə diskotekada 50-50 vurammayacayıq deyə. Qaldığımız otel nömrəsini - beynimizdəki, arzularımızdakı təyinatla işlətməyib, heyf edəcəyik deyə...
P.S. Odur ki, elə buralardan heç çıxmayaq. Yenə Xəzər özümüzküdür, kəramətimizə öyrəşib...(Aktual.az)