Azərbaycanın milli musiqisi növbəti dəfə mənimsənilib.
AZXEBER.COM xəbər verir ki, Rusiyanın Birinci telekanalında Yelena Malışevanın təqdimatında nümayiş olunan “Здоровье” (“Sağlamlıq”) verilişində Azərbaycanın qədim rəqslərindən olan “Uzundərə” erməni rəqsi kimi təqdim olunub.
Verilişin aparıcısı isə bu rəqsin ermənilərə aid olduğunu xüsusi vurğu ilə qeyd edib.
Halbuki, “Uzundərə” qədim Azərbaycan rəqslərindən biridir.
Mənbələrdə göstərilir ki, bu rəqs Qarabağda - Ağdam ilə Göytəpə arasında yerləşən Uzundərə adlı dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.
Başqa bir rəvayətə görə, isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir-dua verərmişlər.
O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə “gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın” deyilir. Beləliklə də, “Uzundərə” oyun havası yaranır. Bu oyun havası bir qədər “Vağzalı”ya bənzəyir. Çox incə və lirik bir melodiyadır.
Dahi bəstəkar Üzeyir Hacıbəyli bu musiqidən “O olmasın, bu olsun” operettasında istifadə edib.