Rusiya sülh istəyir, yoxsa müharibəni davam etdirmək? – AÇIQLAMA

Rusiya sülh istəyir, yoxsa müharibəni davam etdirmək? – AÇIQLAMA
SİYASƏT
15:44 16.11.2026
87
Ukrayna-Rusiya müharibəsinin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam etsə də, tərəflər arasında sülh razılaşmasının əldə olunmasına mane olan fikir ayrılıqları qalmaqdadır.

Son açıqlamalara görə, Rusiya müharibənin dayandırılması ilə bağlı tələblərini genişləndirir. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Moskva 2021-ci ildə irəli sürdüyü şərtləri yenidən gündəmə gətirməklə yanaşı, onlara yeni tələblər də əlavə edir. Bu isə Rusiyanın müharibəni bitirməkdə nə dərəcədə maraqlı olduğu və danışıqlarda hansı məqsədləri güddüyü ilə bağlı suallar yaradır.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Rusiyanın tələblərini artırması hərbi və siyasi strategiyasının tərkib hissəsidir:

"Rusiya-Ukrayna müharibəsi ətrafında diplomatik proseslərə baxarkən Moskvanın irəli sürdüyü tələblərin artmasını hərbi və siyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Müharibənin davam etdiyi şəraitdə Rusiyanın danışıqlar masasına hansı mövqedən oturacağı, hansı şərtləri qəbul etdirə biləcəyi və gələcək təhlükəsizlik arxitekturasında özünə necə yer müəyyənləşdirəcəyi Kremlin əsas hesablamaları sırasındadır.

Moskvanın tələblərini genişləndirməsi müharibəni davam etdirmək niyyətinin göstəricisi ola bilər, lakin bunu yeganə izah kimi qəbul etmək düzgün olmazdı. Burada danışıqlarda əlverişli başlanğıc mövqeyi əldə etmək, qarşı tərəfin güzəşt imkanlarını yoxlamaq, Ukraynanın gələcək təhlükəsizlik seçimlərinə təsir göstərmək və Qərbin siyasi iradəsini sınağa çəkmək kimi məqsədlər də var. Rusiya müharibəni hərbi əməliyyatlar meydanında olduğu qədər diplomatik müstəvidə də öz şərtləri ilə başa çatdırmağa çalışır".

Politoloqun sözlərinə görə, Moskva maksimalist tələblər irəli sürməklə danışıqlarda öz mövqeyini gücləndirməyə çalışır:

"Rusiyanın tələblərinin arxasında bir neçə siyasi və hərbi hesablama dayanır. İlk növbədə, Moskva danışıqlarda özünü güzəştə gedən tərəf kimi deyil, müharibənin yekun şərtlərini müəyyənləşdirən güc mərkəzi kimi təqdim etməyə çalışır. Maksimalist tələblər irəli sürməklə gələcək danışıqların çərçivəsini müəyyənləşdirmək, qarşı tərəfin mövqeyini zəiflətmək və mümkün kompromisləri öz maraqlarına uyğun formalaşdırmaq istəyir. NATO-nun hərbi mövcudluğu, Ukraynanın təhlükəsizlik təminatları və Avropanın gələcək müdafiə sistemi ilə bağlı məsələlər bu strategiyanın əsas istiqamətləridir.

Müharibənin davam etməsi Rusiyaya müəyyən taktiki üstünlüklər qazandıra bilər. İşğal altında saxladığı ərazilərdə mövqelərini qorumaq, Ukraynaya hərbi və iqtisadi təzyiq göstərmək, Qərb ölkələri arasında fikir ayrılıqlarından istifadə etmək və danışıqlarda daha əlverişli şərtlər əldə etmək bu üstünlüklər sırasındadır. Kreml üçün müharibənin siyasi nəticəsi də az əhəmiyyət daşımır. Rusiya özünü beynəlxalq münasibətlər sistemində Qərbin hesablaşmalı olduğu müstəqil güc mərkəzi kimi təsdiqləməyə çalışır".

Tural İsmayılov qeyd edib ki, müharibənin uzanması Rusiyaya müəyyən imkanlar qazandırsa da, ölkə üçün ciddi iqtisadi və strateji itkilərlə müşayiət olunur:

"Ancaq müharibənin davam etməsinin Rusiya üçün ciddi itkiləri də var. İnsan resursları, hərbi texnika və maliyyə xərcləri artır, iqtisadiyyatın mülki sektorunda struktur problemlər dərinləşir. Uzunmüddətli sanksiyalar texnologiya və investisiya imkanlarını məhdudlaşdırır, Qərblə münasibətlərdə yaranmış uçurum isə Rusiyanın beynəlxalq mövqelərinə təsir göstərir. Digər tərəfdən, NATO-nun genişlənməsi və Avropa ölkələrinin müdafiə xərclərini artırması Moskvanın müharibəyə başlamazdan əvvəl elan etdiyi təhlükəsizlik məqsədlərinin nəticələri barədə ciddi suallar yaradır.

Məncə, hazırkı mərhələdə Moskvanın əsas məqsədi müharibəni istənilən şərtlərlə dayandırmaqdan daha çox, onu özünün siyasi və geosiyasi tələblərini qəbul etdirmək üçün vasitəyə çevirməkdir. Müharibənin uzanması Rusiyaya müəyyən hərbi və diplomatik imkanlar qazandırsa da, onun strateji qiyməti getdikcə ağırlaşır. Davamlı sülhün əldə olunması üçün tərəflərin hərbi reallıqları, beynəlxalq hüququ və təhlükəsizlik maraqlarını nəzərə alan siyasi razılaşmaya ehtiyac var. Əks halda, atəşkəs belə gələcək qarşıdurmanın sadəcə təxirə salınmasına çevrilə bilər".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR