Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq bir neçə ildir ki, beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Müxtəlif dövrlərdə tərəflər arasında danışıqlar aparılsa da, sülh razılaşmasına nail olmaq mümkün olmayıb. Münaqişənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, Moskva və Kiyevin mövqeləri arasındakı ciddi fikir ayrılıqları razılaşmaya mane olur.
Ukrayna müharibənin 1589-cu günü üçün Rusiya ordusunun itkiləri ilə bağlı məlumat yayıb. Ukrayna Baş Qərargahının açıqlamasına əsasən, Rusiya indiyədək 1 404 760 hərbçi, 12 069 tank, 24 856 zirehli döyüş maşını, 45 111 artilleriya sistemi, 1 903 reaktiv yaylım atəş sistemi (RYAS), 1 459 hava hücumundan müdafiə sistemi, 436 hərbi təyyarə, 353 helikopter, 1 782 yerüstü robot-texnika kompleksi, 383 067 PUA, 114 499 avtomobil texnikası, 4 797 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq və 4 369 xüsusi texnika itirib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev müharibənin başa çatması üçün bütün mümkün təklifləri irəli sürüb, lakin Rusiya tərəfi onları qəbul etməyib. Onun sözlərinə görə, Moskvanın müharibəni davam etdirmək niyyəti yenidən açıq şəkildə nümayiş etdirilib.
Zelenski qeyd edib ki, əgər Rusiya Prezidenti Vladimir Putin daha bir milyon hərbçini cəbhəyə göndərmək istəyirsə, Rusiyada hələ səfərbərliyə cəlb olunmayan şəxslər onları hansı nəticələrin gözlədiyini düşünməlidirlər.
Hərbi ekspert Ədalət Verdiyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya cəbhəsində müharibənin gedişatında yeni mərhələ başlayıb.

Ekspertin sözlərinə görə, bu ilin yazına qədər Putin tərəfindən müharibənin başa çatması ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Lakin əsas problem ondan ibarətdir ki, Moskva işğal etdiyi ərazilərdən Ukrayna ordusunun geri çəkilməsini sülh üçün əsas şərt kimi irəli sürür:
"Bu, Ukrayna üçün qəbuledilməzdir. Çünki cəbhədə vəziyyət dəyişib və təşəbbüs müəyyən mənada Kiyevin tərəfinə keçib. Rusiyanın əsas neft emalı müəssisələrinin bir hissəsi Ukraynanın zərbələrinin hədəfinə çevrilib. Moskva ətrafında da Ukrayna dronlarının hücumları nəticəsində baş verən partlayışlar daha tez-tez eşidilir”.
Ədalət Verdiyev hesab edir ki, sülh razılaşmasının əldə olunması üçün tərəflərdən biri mövqelərindən geri çəkilməli və özünü məğlub hesab etməlidir:
"Hazırda Ukraynanı qane edəcək şərtlərlə sülh sazişinin imzalanması mümkün görünür, lakin Rusiyanın buna razılaşacağı ehtimalı azdır. Hər iki tərəfin müharibənin bitməsi ilə bağlı yanaşmaları arasında böyük fərq var. Bu fərq aradan qalxmayana qədər real sülh perspektivi zəifdir. Bu il sülh razılaşmasının əldə olunacağını düşünmürəm”.
Ekspert Rusiyanın canlı qüvvə çatışmazlığı ilə bağlı problemlərlə üzləşdiyini də bildirib:
"Rusiya indiyədək hər il yüz minlərlə hərbçini cəbhəyə göndərib. Onların bir qismi ölür, bir hissəsi yaralanır, digərləri isə müxtəlif səbəblərdən döyüşlərdən kənar qalır. Bir milyon insanın səfərbərliyə cəlb olunması asan proses olmayacaq. Hərbi xidmətdən yayınma halları və ölkəni tərk edənlərin sayı Rusiyanın səfərbərlik imkanlarına təsir edir”.
Ədalət Verdiyev əlavə edib ki, Rusiya tərəfində xarici döyüşçülərin iştirakı ilə bağlı məlumatlar yayılır:
"Rusiyanın Latın Amerikasından döyüşçüləri cəlb etdiyi barədə məlumatlar var. Hətta Perudan yüzlərlə şəxsin Rusiya ordusu sıralarında döyüşdüyü iddia edilir”.
Ekspertin fikrincə, müasir müharibədə zirehli texnika, artilleriya və canlı qüvvə əvvəlki dövrlərdə olduğu qədər həlledici rol oynamır:
"Hazırda hər iki tərəf dronlardan və uzaqmənzilli raketlərdən geniş istifadə edir. Döyüş meydanında texnika və şəxsi heyətin hərəkəti böyük risk daşıyır. Dronlar onları qısa zamanda aşkar edib məhv edə bilir. Buna görə də Rusiya ordusunda canlı qüvvə itkilərinin artacağı ehtimal olunur”.
Şahanə Ziyad











































