Rusiyada Yazıçılar İttifaqında korrupsiya qalmaqalı

Rusiyada Yazıçılar İttifaqında korrupsiya qalmaqalı
DÜNYA
19:05 09.10.2026
108
Rusiyada liberal baxışları ilə tanınan və ölkəni tərk etməyən bir qrup yazıçı prezident Vladimir Putinin müşaviri, Rusiya Yazıçılar İttifaqının rəhbəri Vladimir Medinskiyə qarşı kollektiv şikayət hazırlayıb. Müraciətin surətləri Prezident Administrasiyasına, Mədəniyyət Nazirliyinə və Federal Təhlükəsizlik Xidmətinin (FTX) İkinci Xidmətinə göndərilib.

Musavat.com Rusiya mediasında yayılan məlumata istinadən xəbər verir ki, yazıçıların narazılığına səbəb Medinskinin rəhbərliyi dövründə Rusiya Yazıçılar İttifaqının (RYİ) kommersiya maraqlarının təsiri altına düşməsi və təşkilatın əvvəlki nüfuzunu itirməsi barədə iddialardır.

Müraciət müəllifləri bildirirlər ki, artıq təşkilata peşəkar yazıçılar deyil, hakimiyyətə yaxınlığı və şəxsi əlaqələri ilə seçilən şəxslər qəbul olunur. Onların iddiasına görə, müstəqil mövqeyi olan ədiblər siyasi baxımdan etibarsız hesab edilərək təşkilatdan kənarda saxlanılır.

Şikayətdə bu il Yazıçılar İttifaqına qəbul edilənlər arasında tanınmış televiziya siması Anatoli Vassermanın, məşhur sirk artisti Yuri Kuklaçovun, televiziya aparıcısı Leonid Yakuboviçin və siyasətçi Boris Qrızlovun şəxsi köməkçisinin adları çəkilir.

Müəlliflər həmçinin iddia edirlər ki, təşkilatın dəstəyindən əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsini təbliğ edən, bədii keyfiyyəti mübahisəli əsərlərin müəllifləri yararlanırlar.

Şikayətdə Medinskinin özünün ədəbi və tarixi fəaliyyəti də sərt tənqid olunur. Müraciət müəlliflərinin iddiasına görə, onun adına nəşr edilən kitabların hazırlanmasında tarixçi Mixail Myaqkov əsas rol oynayır.

Yazıçılar Medinskinin tarixlə bağlı çıxışlarında faktları və tarixləri qarışdırdığını, hətta öz adına yayımlanan əsərlərdən sitat gətirərkən səhvlərə yol verdiyini irəli sürürlər. Onlar onun internetdə yayılan və Otto fon Bismarka yanlış olaraq aid edilən sitatlara istinad etməsini də tənqid edirlər.

Lakin müraciətdə ən ciddi ittihamlardan biri Yazıçılar İttifaqına məxsus tarixi binanın icarəyə verilməsi ilə bağlıdır.

Şikayət müəlliflərinin iddiasına görə, Moskvanın Povarskaya küçəsində yerləşən və Rostovlar evi kimi tanınan tarixi bina Medinskinin təşkilata rəhbər gəlməsindən az sonra böyük məbləğdə qanunsuz ödəniş müqabilində uzunmüddətli icarəyə verilib.

Müraciətdə binanın İsrail və ABŞ vətəndaşlığına malik restoran biznesi nümayəndəsi Aleksandr Varşavskiyə verildiyi bildirilir. Varşavski Moskvada fəaliyyət göstərmiş və qalmaqallarla gündəmə gəlmiş "Assunta Madre” restoranının sahibi kimi təqdim olunur.

Məlumatda onun biznes tərəfdaşı kimi Artur Asatryanın adı da çəkilir. Asatryanın kriminal aləmdə "Ded Xasan” kimi tanınan Aslan Usoyanın qətli ilə əlaqədar beynəlxalq axtarışda olduğu iddia edilir.

Yazıçılar hesab edirlər ki, Medinskinin rəhbərliyi altında Rusiya Yazıçılar İttifaqı ədəbi yaradıcılığı dəstəkləyən nüfuzlu təşkilatdan kommersiya və siyasi maraqların üstünlük təşkil etdiyi quruma çevrilib.
OXŞAR XƏBƏRLƏR