Milli Şuranın sədri, kinorejissor Rüstəm İbrahimbəyovun artıq hər açıqlaması cəmiyyət tərəfindən ironiya ilə qarşılanır.
Faktdır ki, ən radikal müxalifətçilərin belə Rüstəm bəyin açıqlamalarını oxuyanda məşhur mahnıda deyildiyi kimi “dodaqlarına gülüş qonur”.
Ancaq onlar Rüstəm bəyin gülüşünə qoşula bilmirlər. Çünki ahıl yaşında siyasətçi olmaq eşqinə düşən kinorejissor özü də nə danışdığını və nə istədiyini bilmir.
İbrahimbəyovun özünü təkziblərini sadalamaqla bitməz. Kənardan elə təəssürat yaranır ki, adam öz qəsdinə durub. Rüstəm bəy bir müddət öncə “Yeni Müsavat” qəzetinə açıqlamasında bu sözləri demişdi: “Yaranmış problemlərin çoxunu ancaq mən həll edə bilərəm. Həll eləmək üçün də bu dəqiqə Azərbaycanda olmalı deyiləm. Bu gün xaricdə qalmağım çox şeyləri həll edir. O cümlədən vəsait problemini”.
Bu açıqlamasıyla özünü oliqarx kimi göstərən Rüstəm bəyin bu dəbdəbəli həyatı cəmi 1 həftə davam etdi. Milli Şura sədri dünənki açıqlamasında vəsaitdən, puldan söhbət açmayıb, əksinə xalqa ağız açıb: “Xalq dəyişiklik istəyirsə, Milli Şuranın hesabına 1 manat köçürsün”.
Rüstəm bəyin bu açıqlaması sosial şəbəkələrdə və cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu açıqlamadan sonra bəzi şəxslər Rüstəm İbrahimbəyovu “dilənçi” adlandırıb, bəziləri isə onun xalqla məzələndiyini, xalqı aşağıladığını deyib.
Müsahibəsində “xalqı ağ günə çıxarmaqdan” dəm vuran Rüstəm bəy indi də xalqın cibinə girir, ondan pul dilənir. Bakı sakinləri isə kinorejissora belə cavab veriblər: “Biz ona nəinki 1 manat, heç 10 qəpik də vermərik”. Yəni ki, bu açıqlamadan sonra onun xalq arasında heç 10 qəpiklik hörməti də qalmayıb.
Digər tərəfdən isə, böyük pullardan danışan İbrahimbəyov deyib ki, Cəmil Həsənlinin kampaniyası üçün 3 min manat göndərəcək. Belə çıxır ki, özü namizəd olanda böyük pullar, digərinə gəldiksə isə qəpik-quruşla da keçinmək olar. Elə təəssürat yaranır ki, İbrahimbəyov 3 min manat verib, yaxasını ümumiyyətlə bu prosesdən çəkmək istəyir.
Milli Şura sədrinə ən gözəl cavab YAP-çı deputat Aydın Mirzəzadədən gəlib:
“Bir müddət əvvəl tərəfdarları onu Bakıya dəvət edəndə “seçki kampaniyası böyük vəsait tələb edir, mən burda onunla məşğul oluram” bəyanatını vermişdi. Belə çıxır ki, o yalan danışır, ortada heç bir vəsait yox imiş.
İndi isə tərəfdarlarından bir manat istəyir. Onun tərəfdarlarının nə qədər olduğu 18 avqustdakı mitinqdə məlum oldu. Mitinqə cəmisi 300-400 nəfər insan toplaşdı. Onların hərəsi bir manat versə, yəqin ki, Milli Şura və onun namizədi olan Cəmil Həsənlinin seçki kampaniyası cəmisi 400 manatla aparılacaq”
Bu gün dediyi sözü sabah unudan, bir gün aydan, səhəri gün çaydan danışan Rüstəm bəy artıq özü də çox gözəl dərk edir ki, siyasət onluq deyil. Rüstəm bəy həm də onu gözəl anlayır ki, xalq nə ona, nə də rəhbəri olduğu Milli Şuraya zərrə qədər də olsun inanmır.
İbrahimbəyovun son açıqlamasına gələn rəylər onu göstərir ki, artıq kinorejissorun cəmiyyətin gözündə 1 manatlıq da hörməti qalmayıb.
Sonda Rüstəm İbrahimbəyova xatırlatmaq istərdim ki, 1 manata bəlkə də kino diski alıb, onu izləmək olar, hətta həmin diskdəki inqilabi hadisələrdən, iğtişaşlardan ruhlanmaq da olar.
Amma unutmayın ki, kino heç vaxt reallıq, kinorejissor isə siyasətçi ola bilməz, necə ki, siz ola bilmədiniz. Heç olmasa bundan sonra belə gülünc açıqlamalar verib, özünüzü “aktyor” yerinə qoymayın, sizin ən gözəl bacardığınız iş elə rejissorluqdur, bunu artıq dərk edin Rüstəm bəy…
Hacıbəy Heydərli