'Rüstəm İbrahimbəyovun siyasətə yaxından-uzaqdan heç bir aiddiyatı yoxdur'

GƏNCLİK
13:45 03.07.2013
1754

“Rüstəm İbrahimbəyov son açıqlaması ilə əsl mahiyyətini ortaya qoydu”

“Seçkiöncəsi müxalifətin yaratdığı müxtəlif birliklər, qurumlar özünətəsəllidən başqa bir şey deyil. Bu qüvvələr bundan əvvəl də müxtəlif adlar altında birləşib, seçkidən dərhal sonra isə bir-birinə düşmən kəsiliblər”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Milli Şuranın kinorejissor Rüstəm İbrahimbəyovu müxalifətin vahid namizədi elan etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ənənəvi müxalifətin seçkilərdə Rüstəm İbrahimbəyov kimi siyasətdən bixəbər, cəsarətsiz birini vahid namizəd kimi irəli sürməsi faktı onların öncədən öz məğlubiyyətlərini etiraf etməsi kimi qiymətləndirilə bilər: “Ənənəvi müxalifət liderlərini tanıyan və indiyə qədərki siyasi fəaliyyətlərini müşahidə edən hər kəs bilir ki, onlar hakimiyyət məsələsində ən yaxın adamlarına belə güzəştə getməzlər. Əgər bu radikal qüvvələr seçkilərdə zərrə qədər belə olsa şanslarının olmasına inansaydılar, heç bir halda Rüstəm İbrahimbəyov adının üzərində dayanmazdılar. Bütün bunlar bir daha göstərir ki, radikal müxalifət xalqın dəstəyini tamamilə itirdiyinin fərqindədir və bu səbəbdən də növbəti acı məğlubiyyət məsuliyyətini öz üzərindən atmağa çalışırlar.

O ki, qaldı R.İbrahimbəyova, bu faktdır ki, onun siyasətə yaxından-uzaqdan heç bir aiddiyatı yoxdur və o sadəcə şəxsi maraqlarını təmin etmək üçün görə ortadadır. Çox uzağa getmədən bir faktı xatırlatmaq yerinə düşər ki, R.İbrahimbəyov onu ölkəyə çağıran tərəfdarlarına xitabən “kim tələb edirsə ki, mən Bakıya gəlim, o provokatordur. Belə tələb irəli sürən adamların ağzından vurmaq lazımdır” deməklə əsl mahiyyətini ortaya qoydu”.

Fərid Şahbazlı eyni zamanda müxalifət mətbuatının bir sıra xarici dairələrin Azərbaycanda seçkilərin taleyi ilə bağlı qəti qərara gəlmədiyi haqqında iddialarına da cavab verib: “Azərbaycanda seçkilərin taleyini həll edəcək yeganə qüvvə xalqdır. Azərbaycan hakimiyyəti xalqımızın siyasi iradəsini ifadə edir və yalnız öz xalqı qarşısında hesabatlıdır. Bu mənada kənar qüvvələrin ölkəmizdə proseslərə təsir etmək, təxribat törətmək cəhdləri bu dəfə də nəticəsiz qalacaq”.

OXŞAR XƏBƏRLƏR