AZXEBER.COM “Ümid” Partiyasının sədri İqbal Ağazadənin Milli Şuranın Tiflis görüşü və vahid namizədin ətrafında gedən proseslərlə bağlı musavat.com-a müsahibəsini təqdim edir:
- Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya buraxılmaması, daha doğrusu, həyatına ola biləcək təhdidlərlə bağlı özünün gəlməkdən imtina etməsinə münasibətiniz necədir? Milli Şura rəhbərliyinin Tiflisə toplaşmasını və orada baş verən prosesləri izlədinizmi? Proseslər Azərbaycanda demokratiyanın gəlişməsinə bir fayda verəcəkmi?
- Proseslərin bu şəkildə getməsinə təəssüf edirəm. Təəssüfümün konkret səbəbləri var. Çünki Milli Şura proseslərdə tam iştirak edəcəyi təqdirdə ölkədə bir dinamiklik olacaqdı. Bu qədər təşkilatın vahid namizədinin seçkiyə verə biləcəyi qatqı nəticə etibarı ilə proseslərdə çox ciddi dönüş yarada və yeni bir mərhələnin başlanğıcı ola bilərdi. Amma iyulun 24-25-də səslənən bəyanatlar, bir qədər sonrakı bəyanat - “saat 12 aviareysi ilə Tiflisdən Bakıya gəlirəm” bəyanatından sonra “Milli Şura yığışdı bu qərarı verdi”, mesajı mənə qeyri-ciddi gəlir. Eynən Ter Petrosyanın seçkilər öncəsi verdiyi bəyanat mənim xatirimdədir. Neçə min insan mübarizə apardı, proseslərin önündə oldu. Seçicilərin və müxalifətin böyük bir hissəsinin birləşdiyi hərəkat yarandı. O, proses bir mərhələyə çatanda dedi ki, mənim yaşım keçib, artıq namizəd ola bilmərəm. Sən seçkinin keçiriləcəyi ili bilirdin, həmin vaxt yaşının neçə olacağını da bilirdin. Bəs, bu adamlar nə səbəblə səninlə bir yerə olmalı idilər və sən prosesləri fərqli istiqamətə aparmalı idin? Bu gün də Milli Şurada analoji hadisə baş verir. Analoji hadisə budur ki, gəlməyəcəyini və yaxud da gələcəyini sənin rəhbərlik etdiyin qurumda əvvəlcədən müzakirəyə çıxaraydın və sonra da qərarını verəydin. Bunun altından xətt çəkərək deyirəm. Tiflis sammiti özü analoji olaraq Azərbaycan Demokratik Cümhuriyyətini təkrarlamağa oxşayan bir şeydir. Amma heç kim Rəsulzadə, Xoyski, yaxud bir başqası olduğunu güman etməsin. O dövrün şərtləri başqa idi. O dövrdə Tiflisdən Bakıya, paytaxt seçərək gələnlər, Cümhuriyyət quranlar bu günkülərlə müqayisə belə oluna bilməzlər. Bunu hər kəs yadında saxlasın, Məmməd Əminin yeri üçün və mövqeyi üçün heç kəs can atmasın. Azərbaycana gələ bilmiriksə, demokratikləşmə üçün Azərbaycanda toplana bilmiriksə, Azərbaycanda prosesləri idarə edə bilmiriksə, buradan Tiflisə gediriksə, köçək Azərbaycandan gedək. Bunun məntiqi budur. Milli Şura seçdiyi liderini Azərbaycana gətirə bilmir, onunla Azərbaycanda görüşə bilmir. İndi mənə məntiqlə izah etsinlər: deyir ki, “Məni Azərbaycandan buraxmayacaqlar və vətəndaşlıq məsələlərim həll olunmayacaq. Biz bu qənaətə gəlmişik və buna görə də gəlmədim”. Əvvəlcədən bunları düşünmək olmazdımı? Əvvəlcədən bu prosesləri normal şəkildə dəyərləndirib, ciddi qərar vermək olmazdımı? Bütün bunları ona görə deyirəm ki, bu cür arqumentlər dayanıqsız və bir qədər də qeyri-ciddi təsiri bağışlayır. Müsahibələrimin birində demişdim ki, bu gün Rüstəm müəllimdə qətiyyən günah görmürəm. Rüstəm müəllim siyasətçi deyil.
Tutaq ki, Rüstəm müəllim gözəl bir film ssenarisi yazıb, onun əsasında kino çəkmək istəyir. Deyirlər ki, ssenarini ver İqbal Ağazadə çəksin filmi. Rüstəm müəllim deyər ki, bu, heç kamera görməyib, rol bölüşdürməyib, aktyor oyunu bilmir nədir? Niyə ona verirsiniz? Bu gün Azərbaycanda siyasətin filmini çəkməyi siyasətdən heç bilməyən Rüstəm müəllimə həvalə edib Azərbaycanın qos-qoca siyasətçiləri, Azərbaycan xalq hərəkatında iştirak edənlər. Və nəticə- hökmən film belə bərbad alınacaqdı. Eynilə “Bəyin oğurlanması”nda deyilən kimi. Deyir bu ssenari zay ssenaridir. O biri də deyir ki, əşşi, bunu götürəndə biləydin də. Əvvəlcədən adamlar bilməli idi, hara və niyə gedirlər.
- Milli Şuraya daxil olan partiyaların və hərəkatların fəaliyyətsizliyindən danışdınız. Niyə müxalifət olaraq “Ümid” partiyası, “Qarabağ” bloku olaraq siz hərəkət etmirsiniz? Aksiyalar keçirmirsiniz? ..... Təkcə problem Rüstəm İbrahimbəyov deyil, Azərbaycanın demokratikləşməsinə əngəl olan bu hakimiyyətdir. Qeyri- demokratik fəaliyyəti və seçkilərə yaratdığı əngəllərdir. Bununla bağlı nə deyə bilərsiniz? Niyə fəallıq yoxdur ölkə siyasətində? Bir müqayisə edim. 6-8 ay, bir il bundan əvvəl ölkə qaynayırdı. Həbs olunanlar, çıxanlar, tutulanlar, hərəkat, meydan... Birdən-birə sükut yarandı. Səbəbi nədir?
- Əgər hər birimizin ayrı-ayrılıqda dediyimiz dinamikliyi yaratmaq imkanımız olsaydı, heç Milli Şura yaranmazdı. Milli Şuranı doğuran səbəblərdən biri də budur ki, Azərbaycan müxalifətinin ayrı-ayrı kəsimlərinin bütövlükdə bu prosesi aparmaq gücü olduqca zəifdir. Hakimiyyət o qədər antidemokratikdir, o qədər avtoritardır ki, ünsiyyət imkanlarını belə məhdudlaşdırır. Buna görə o birlik modelləri və axtarışları üzə çıxır. Altı-səkkiz ay bundan əvvəl insanların odaqlandığı bir birlik düşüncəsi var idi və o qaynama, dinamiklik mənbəyi idi. Çünki hələ nəticələr yox idi. İndi artıq nəticənin ən azı 50- 60 faizi ortadadır. Milli Şura var və Milli Şura da iflic vəziyyətdədir. Ona görə də dediyiniz dinamikliyi təşkil etmək olduqca çətindir. Hakimiyyət imkan vermir buna, yerlərdə bütün ünsiyyət vasitələrini əlimizdən alır. Bütün ünsiyyət vasitələrini məhdudlaşdırır. Qərargahlarda belə xırda partiya toplantıları keçirməyə icazə vermir. Bu, seçki dönəminə qədər, təbliğat dönəminə qədər belə davam edəcək. İmzatoplama kampaniyasında ciddi maneəyə səbəb olacaq. Yalnız 23 günlük təbliğat müddətində qapıları açacaq, çox az bir müddətdə müxalifətin birliyi olmasa, dinamikliyi təmin etmək mümkünsüz olacaq. Buna görə də bu istiqamətdə Milli Şuranın böyük səhvləri və yanlışlıqları var. Əslində müxalifət içərisində çox tez-tez belə fikir səslənir ki, mən müxalifətin babasıyam, anasıyam, əsas güc mənim üzərimdədir. Kim bunu düşünürsə, məsuliyyəti götürsün üzərinə ki, ölkənin bu səviyyədə olmasının, bu vəziyyətə düşməsinin də əsas günahkarı odur. Nə qədər mən böyüyəmsə, günah o qədər mənim üzərimə düşür. Bu gün Milli Şuranı müxalifətin tək ünvanı hesab edənlər, oraya üzv olmayanları satqın elan edənlər düşünsün, bu vəziyyətdə ölkənin mənafeyinə zərbə vuranlar da o dərəcədə onlardır, o dinamikliyi qoymayanlardır. Biz təklif etmişdik ki, Rüstəm İbrahimbəyov variantını kənara qoyun. Səkkiz partiya, Ziyalılar Forumu və digərləri birləşək, öz aramızda namizəd müəyyən edək. Biz namizəd olmuruq, “Qarabağ” bloku olaraq ən böyük addım atırıq. Namizədimizi müəyyənləşdirək və ölkə daxilində mübarizə aparaq. Hətta ACP-yə bu təklifi də vermişdim ki, Rəsul bəyin namizədliyində də israr etməyək. Çünki ölkəyə gəlməyə, buraxılmaya bilər. Bütün proses fiaskoya uğraya bilər. Faktiki olaraq bir neçə namizəd kənarda idi, 2-3 namizəd qalırdı. Buna getmədilər və dedilər ki, Rüstəm İbrahimbəyovsuz birlik mümkün deyil. Buyurun! Onu acı nəticələrini indi yaşayırıq. Biz deyirdik ki, bununla mümkün deyil. Nədənlərini, xarici faktorları, şübhələrimizi, düşüncələrimizin hamısını qoyuram kənara. Amma gerçəklik göstərdi ki, dediklərimizin hamısında zaman-zaman haqlı idik. Çox təəssüflər olsun ki, insanlar haqlı olanın səsini çox gec eşidirlər, gec olur. Bu gün prosesi gətirib elə bir mərhələyə çatdırdılar ki, Azərbaycan müxalifəti faktiki olaraq bütün seçki sürəcini iqtidarın əlinə oynadı. Dinamikliyi iqtidar əlimizdən aldı; halbuki biz bunu yanvarda təşkil etmişdik. Yanvarda müxalifətin son görüşündə çox rahat təklif etmişdim ki, yanvarın sonuna qədər vahid namizəd müəyyən edək, bu proses bitsin. Sonra 8-9 ay da işləyək. Demişdilər ki, demokratik seçki mühiti olmadan nə vahid namizəddən, nə ümumiyyətlə namizəddən söhbət gedə bilməz. Əcaba, demokratik mühit yarandımı ki, vahid namizəd müəyyən etdiniz? Bu qədər bəsit səhvlər etmək olarmı? Yanvarda hökmən demokratik mühit olmalıdır, əvvəlcə demokratik mühit, sonra namizəd məsələsini qoyanlar, niyə 4-5 aydan sonra vahid namizədin müzakirəsini apardılar və müəyyən etdilər? Yəni 4-5 ay sonranı görə bilmirlərsə, niyə siyasətlə məşğul olurlar?
- Bir iddiaçı kimi sizin xeyrinizə deyilmi proses?
- Mən iddiaçı kimi cəmiyyətin udmasının tərəfdarıyam. Mənim xeyrim fərd olaraq, namizəd olaraq cəmiyyətin uduşunun içərisindədir. Mənim fərdi uduşlarım çox xırda olacaq cəmiyyət qazanmasa. Böyük qələbədən danışırıq və namizəd olaraq böyük qələbə istəyirik. O böyük qələbə hökmən cəmiyyətin içərisindən çıxacaq, başqa bir yerdən çıxmayacaq. Cəmiyyətin içərisindən, cəmiyyətin uduşlarının içərisindən çıxmaq, yoxsa bu vəziyyət heç bir halda heç bir namizədin xeyrinə deyil. Bu vəziyyət bizi qane etmir. Çünki bu vəziyyətdə dinamiklik yoxdur. Bu vəziyyətdə toparlanmış müxalifət yox, bu vəziyyətdə hakimiyyətin qarşısına qırmızı xətt çəkib o tərəfə keçməyəcəksən deyə bilən güc yoxdur. Ona görə hamımızın ziyanınadır. Heç kim düşünməsin ki, təkcə bizim xeyrimizədir. Bu vəziyyətdə biz yalnız bir şeyi edə bilərik. Heç olmasa biz topalanıb demokratik seçki mühitinin yaranması üçün nələr etməliyik deyə onu müzakirə etməliyik. Biz bir təklif də vermişdik ki, əgər vahid namizəddə anlaşa bilmiriksə, çox namizədlilik olsun prosesdə. Ölkə daxilində nə qədər qüvvə var, hamısı prosesə qatılsın. Ən azı seçicini prosesə gətirə bilək. Seçki günü hər yer seçici qaynasın və iqtidar ən azı, seçicinin ondan narazı olduğunun fərqində olub, islahatlar istiqamətində seçkidən sonra yaranan vəziyyətlə bağlı verəcəyimiz qərara uyğun addımlar atılsın.
- Azərbaycanın Milli Şura rəhbərlərinin Tiflisdə görüşü sizcə, Gürcüstan - Azərbaycan münasibətlərinə təsir edə bilərmi?
- Qəti şəkildə yox. Azərbaycan hakimiyyəti üçün Azərbaycan seçicisinə Azərbaycan müxalifətinin böyük bir kəsimini bu şəkildə göstərmək daha faydalıdır. Hakimiyyət də çox rahatca nümayiş etdirir bunu. Sizcə avtoritar mahiyyətə malik olan bir hakimiyyət sərhəddən keçən bu qədər Milli Şura üzvlərinə mane ola bilməzdimi? Biz də deyiriksə, hakimiyyət heç bir qanun, sərhəd tanımır, onları sərhəddə saxlaya bilməzdilərmi? Lənkərana gedəndə maşınları saxlayan, Zaqatalaya gedəndə maşınını əlindən alan bu hakimiyyət sərhədi keçəndə bu qədər adamı dayandıra bilməzdi? Yox, hakimiyyətə bu səhnə sərf edir, bu səhnəni iri planda göstərir. Diqqət etsəniz, hakimiyyətin yanında olan kütləvi informasiya vasitələri də böyük həvəslə oradan kadrlar verir. Bu kadrlardan sonra seçicidə ilk növbədə yaranan emosiyanı biz düşünək ki, seçici nə fikirləşir: “Eh, bu da belə. Gələ bilmədi. Rəsul Quliyev sindromu”.
- Sizcə Azərbaycana gələ biləcəkmi Rüstəm İbrahimbəyov?
- Rüstəm İbrahimbəyovun gəlib-gəlməməsi prosesi mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı olan Azərbaycan müxalifətinin böyük bir kəsiminin yanlış yolda olmasıdır. Bu, yanlış yoldur. Rüstəm İbrahimbəyov və Milli Şura bu yanaşmada, formatda yanlış yoldur. Yanlış olan da istəyir gəlsin, istəyir gəlməsin.