Rza Diqqəti:"İlk dəfədir ki, insanlar ekoloji problemə belə şəkildə etiraz edirlər"
Bütün Xəbərlər
18:52 13.09.2011
1774
Tanınmış foto-jurnalist Rza Diqqəti dünyanın bir sıra regionlarında ekoloji durumu işıqlandıran foto-reportajların müəllifidir. Rza Diqqəti Urmiyə gölündə yaranmış vəziyyəti yaxından izlədiyini bildirir. O, deyir ki, İran hökumətinin Urmiyə gölündə yaranmış vəziyyətə münasibəti ümumilikdə azərbaycanlıların dil və mədəni hüquqları kimi başqa məsələlərə göstərdiyi biganəliyi əks etdirir. Rza Diqqəti hesab edir ki, beynəlxalq ictimaiyyət məsələyə müdaxilə etməli və İran hökumətini faciənin baş verməməsi üçün tədbir görməyə vadar etməlidir. Onunla müsahibəni təqdim edirik.Dilşad Əliyarlı: Rza bəy, son zamanlar Urmiyə gölündə ekoloji vəziyyətlə əlaqədar İran Aərbaycanının şəhərlərində etiraz aksiyaları keçirilib. Xalq Urmiyə gölünün belə fəlakətli vəziyyətdə olmasına etirazını bildirir. Göl quruyur və bu şəraitin, bu halın davam etməsinə xalq göz yuma bilmir. Bu ekoloji fəlakəti nə ilə müqayisə etmək olar?Rza Diqqəti: İranda təkcə Urmiyə deyil, başqa yerlərdə də belə problemlər var. Amma Urmiyə bu problemlərin lap önündə gedir. Çünki neçə illərdir, 90-cı illərin əvvəllərindən burada bəndlər qoyublar . Urmiyə gölünə axan çox sayda çayın qarşısını alıblar. Bundan sonra Urmiyə yaxınlığında yol çəkilib. Belə görünür, Urmiyənin yox olmasını istəyirlər. Dünyada bir dövlətin öz ekologiyasına belə rəhmsiz yanaşması görünməyib və insanların da ekoloji problemə belə etiraz bildirməsi, hökumətin isə onları buna görə həbsə alması kimi bir şey görünməyib. 300-dən nəfərdən çox adamın həbsə alındığı deyilir. İlk dəfədir ki, insanlar ekoloji problemə belə şəkildə etiraz edirlər.