Elşən MusayevArtıq Prezident seçkiləri yaxınlaşır.
Hətta deyim ki, bir addımlığımızdadır.Prosesin yekunlaşmasına təxminən bir aydan da az müddət qalıb. Hal-hazırda kimin ağzını açırsan, bilən də, bilməyən də, mahiyyətini anlayan da, anlamayan da doqquz oktyabrdan danışır.Amerikanın keçmiş səfirindən tutmuş Avrasiya İttifaqına qədər hər kəs məsələyə münasibət bildirib. Hamı gözləyir. Hamı məlumatlıdır. Hərə bir şəkildə və ya özünə, ağlına, məntiqinə uyğun formada fəaliyyətdədir.Bir tək müxalifətimizdən savayı...Onların başı hələ macəra axtarışına qarışıb. Onlar yerdə olanı göydə axtarırlar. Gəzinti marağına, qastrol həvəsinə düşüblər. Təsəvvür edin, Milli Şuranın vahid namizədi bu basabasda Londona gedib. Cəmil Həsənli rəsmi namizəd kimi qeydiyyata alınıb-alınmayacağını belə müəyyənləşdirmədən Eldar Namazovu da qoltuğuna vurub turneyə çıxıb. (Elə məqamındaca bir xatırlatma edim: çox maraqlıdır, kim hara getsə Namazov mütləq onun yanında peyda olmalıdır, “bitməlidir”.Və bu sirrin açması bu günə qədər kimsəyə bəlli deyil. Əslində burda iki variant var: Ya adamın təyyarəyə minmək üçün ürəyi gedir, ya da iqtidar cəbhəsində olduğu zamanların xatirəsini təzələyir. Yəni kağız-kuğuz, qovluq-qələm daşımaq, yazmaq-pozmaq və s. bu kimi işlər).Belə yerdə tək bir şey demək olar: Xeyirli-uğurlu olsun. Necə deyərlər, yaxşı istirahətlər. Böyük ehtimalla yeyib-içib, əylənib, asudə vaxtlarında da yoldan adam tutub-şəkil çəkdirib vətənə dönəcəklər. Və bunun da adı olacaq beynəlxalq təbliğat.Yaxşı bəs seçki ilə kim məşğul olacaq? Və ya belə deyək, burdakı işlər kimin boynunda qalacaq? Ayrı vaxt deyirlər, təbliğat kampaniyasının müddəti azalıb, vaxtımız yoxdur, ya da azdır və s. ilaxır.Buna nə deyirsiniz bəs? Və ya, İbrahimbəyovun “gəlim, yoxsa gəlməyim” - dilemması, eyni zamanda məşhur lətifədə tısbağanın söylədiyi “dalımca danışmayın, bax gəlmərəm ha”- mənzərəsini xatırladan ritorika qarşısında aylardır əsir-yesir qalan bizik, yoxsa sizlərsiniz, cənab müxalifət?Bəlkə Mərkəzi Seçki Komissiyasının qərargahını Londona keçiriblər xəbərimiz yoxdur? Ya da Azərbaycan Prezidentini xarici qüvvələr təyin edəcək, biz səhv düşünürük?Hara gedirik biz bu müxalifətlə? Hara gedirik - Azərbaycanın deyil, öz nicatını xarici dövlətlərdə, bayraqlarda, köynəklərdə axtaran insanlarla? Bunların içində heçmi vətənpərvər yoxdur? Heçmi millətinə bağlı olan biri yoxdur?***Rüstəm İbrahimbəyov Lalə Şövkətlə Müsavat arasındakı tənqidə münasibət bildirib. Fikir məzmunu da təxminən belədir: Onlar onsuz da iyirmi ildir bir-birini qırır, didir və tükədir. Mənim missiyam isə ondan ibarətdir ki, həmin qüvvələri bir araya gətirim, bir-biri ilə düşmən olan tərəfləri barışdırım, birləşdirim. Yerdə qalan problemlər isə xalqın xüsusiyyətlərindən, tariximizdən və ərazimizdən asılıdır.Diqqət edin: bu adam hələ də ağsaqqallıq iddiasındadır. Özünü az qala rus torpaqlarını birləşdirən Vladimir knyazı Kalitaya bənzədir. Ətrafındakıları isə boyarlara. Hələ üstəlik Azərbaycan tarixinə də istinad edir.Hərçənd o rus tarixini öz tarixindən min ən az dəfə daha gözəl mənimsəyib. Amma məsələnin məğzi bu deyil. Əsl məğz bilirsinizmi nədir? İbrahimbəyovun hələ də istədiyi formada və məzmunda müxalifəti aşağılaya bilməsi.Və ya bu qədər cəsarətsizliyinə və qorxaqlığına rəğmən ortalıqda söz sahibi olması. Qarşı tərəfin isə ona qarşı çıxma imkanı yoxdur. Çünki o bu gün də Milli Şuranın lideridir. Varlığı və yoxluğu bəlli olmayan lideri...***Azərbaycan müxalifətinin tək bir dərdi var: Pul-para-maliyyə. Vəssalam. Vəsait üçün qarmaq atmadıqları təşkilat qalmayıb. Hansı yola desən gedirlər. “Soros” fondundan tutmuş, xırda biznesmenlərə qədər hamıya və hər yerə baş vurublar. Amma nəticə yoxdur. Niyə?Çünki bunlara pul verəcək adamın mütləqdir ki, əqli qüsuru olsun. Ya da siyasət haqda ümumiyyətlə anlayışı, təsəvvürü olmasın. Eyni zamanda çoxlarına bəllidir ki, radikal müxalifət partiyaları üçün hər bir seçki ayrıca biznes layihəsidir. Ona görə də İsa Qəmbər başqanlığı monopoliyada saxlayır, Əli Kərimli ətrafında bir nəfər belə dürlü-dürüst adamın, siyasətçinin qalmasına imkan vermir ki, nə vaxtsa onlara şərik olmasınlar, qahmar çıxmasınlar.Ortalıqda qalanlar isə çox maraqlı bir tərkiblə sıralanır: Gözü burnundan o tərəfi görməyən Fuad Qəhrəmanlı, ləhcəsi bir tək danışığına deyil, hətta artıq yazısına belə sirayət edən Natiq Adilov, özünü Roma Papası hesab edən Razi Nurullayev və b. bu kimi bənzər simalar....Yeri gəlmişkən, maliyyə dedim, yadıma bir məqam düşdü: Dünən müxalif mətbuatın manşetlərində maraqlı bir xəbər dolaşırdı: “Azadlıq” qəzetinin kollektivi Milli Şuranın seçki fonduna maliyyə yardımı edib. Və həmin insanlar bunu özləri üçün mənəvi borc hesab etdiklərini bildiriblər. Belə yerdə deyirlər ki, “Özünə umac ova bilmirsən, amma başqasına əriştə kəsirsən”. “Azadlıq”ın elə pulu varsa gedib “Azərbaycan” nəşriyyatına illərdir yığılıb qalan 40 min manat borcunu ödəsin. Və ya 3 gün qabaq elə öz qəzetlərində Rahim Hacıyevin dili ilə vay-şüvən salmışdılar ki, əməkdaşlarımızın maaşını verə bilmirik, kritik bir duruma gəlmişik, bağ belə-bostan belə. İndi nə oldu? 3 gün ərzində Əli Kərimli bunları pul-parayamı qərq elədi? Yoxsa bizim bilmədiyimiz daha fərqli şeylər var?Qəribədir, deyilmi? Hərçənd bunların elə hər işində bənzər pafosu və saxta demokratiya libasını görmək mümkündür. Və ya, radikal müxalifətin timsalında tarix boyu söyləniş və göstəriş disbalansı mövcud olub. Onlar heç bir zaman dillərinə uyğun dilçəyə sahib olmayıblar. Verdikləri sözün yiyəsinə çevrilə bilməyiblər. Üzərinə getdikləri, ittiham etdikləri iqtidar bəzən elədiyini belə demədiyi halda, bunlar dediyini eləməyiblər.Və... bu gün əvvəlki dövrlərlə müqayisədə ən böyük fərq bilirsinizmi nədir? Artıq həmin qüvvələr nəyisə quru-quru deməyi də bacarmırlar. Söyləmək istədiklərini dilə gətirməyi də bacarmırlar. Niyə? Çünki o dili kökündən kəsənlər var, qısaldanlar var.Sağ olsun dil dəlləyi. Sağ olsun Rüstəm İbrahimbəyov!...