Gürcüstan prezidenti Mixail Saakaşvili, eks baş nazir Vano Merabişvili, hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan Zurab Adeişvili və parlamentin vitse spikeri Qeorqi Baramidze 2005-ci ilin fevral ayında həlak olmuş keçmiş baş nazir Zurab Jvaniyanın işi ilə bağlı bağ prokuror tərəfindən dindiriləcək.
AZXEBER.COM-un məlumatına görə, Gürcüstanın yeni baş prokuroru Arçil Kbilaşvili bildirib ki, Jvaniyanın ölümü ilə bağlı hər kəs, eləcə də Saakaşvili dindiriləcək.
Gürcüstanın sabiq prezidenti Eduard Şvardnadze “Asaval-dasavali” qəzetinə müsahibəsində Jvaniyanın ölümündə bir növ Mixail Saakaşvilinin əli olduğunu vurğulayıb: “Jvaniyanın Saakaşvilini prezidentlik postunda əvəz etmək iqtidarında idi. Onun bunun üçün çox böyük şansı var idi. Ona görə də öldürülüb”.
Zurab Jvaniyanın qardaşı Qoqala (Qeorqi) bəyan edib ki, qətlə prezident Mixail Saakaşvili şəxsən rəhbərlik edib. Onun sözlərinə görə, bu “ölüm oyunu” eks baş nazir Vano Merabişvili, hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan Zurab Adeişvili və parlamentin vitse spikeri Qeorqi Baramidze tərəfindən “səhnələşdirilib”.
Xatırladaq ki, Zurab Jvaniyanın və onun partiya tərəfdaşı - Kvemo-Kartli regionunun qubernator müavini Raul Usubovun meyitləri 2005-ci ilin fevralın 3-də səhər saatlarında Tbilisinin mərkəzindəki mənzilində tapılıb. Rəsmi məlumatlarda onların dəm qazından zəhərləndiyi açıqlanıb.