Saakaşvili Qənirə Paşayevanı "Şərəf" ordeni ilə təltif etdi

Saakaşvili Qənirə Paşayevanı "Şərəf" ordeni ilə təltif etdi
Bütün Xəbərlər
00:37 06.03.2012
1175
Gürcüstanın Azərbaycandakı səfirliyində Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze bildirib ki, Azərbaycanla Gürcüstan arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olub və bu münasibətlər hər iki ölkə müstəqillik əldə etdikdən ötən 20 il ərzində daha da yüksələn xətt üzrə inkişaf edib. Səfirin qeyd etdiyinə görə, iki dost, qonşu, strateji müttəfiq ölkə arasında heç zaman ciddi problemlər olmayıb və olmayacaq. “Əsas olan budur”, - deyə səfir qeyd edib. T.Şaraşenidze sonra bildirib ki, hər iki ölkənin parlamentləri, parlamentlərarası dostluq qrupları arasında da ciddi əməkdaşlıq münasibətləri mövcuddur: “Bir müddət öncə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə oldu və bu səfər zamanı bir çox maraqlı görüşlər, müzakirələr gerçəkləşdirdi. Bu gün isə buraya yığışmağımız Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətlərinə öz töhfəsini verən Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlıdır”. Gürcüstan prezidenti Mixail Saakaşviliyə təşəkkürünü bildirən Mehriban Paşayeva qeyd edib ki, o bu ordeni təkcə öz adına deyil, həm də Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun bütün üzvləri adına, iki qonşu dövlətin daha da yaxınlaşmasına çalışan bütün həmkarlarının əməyinə verilən qiymət kimi qəbul edir: “Hesab edirəm ki, qrupumuz fəaliyyət göstərdiyi müddət ərzində parlamentlərarası əlaqələrin, əməkdaşlığın inkişafı istiqamətində əlindən gələni etməyə çalışıb və daima Gürcüstanla əlaqələrə böyük önəm verib. Ona görə, bu ordeni həm də parlamentimiz adına, həm də Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna verilən orden kimi qəbul edirəm. Mən özəlliklə, ölkə prezidenti cənab İlham Əliyevə və Gürcüstan prezidenti Mixail Saakaşviliyə təşəkkürümü bildirir, onların iki dövlətin strateji partnyorluğunu yüksəltmələrini, dostluğumuzu daha da möhkəmləndirmələrini xüsusi vurğulayıram. Əgər onlar tərəfindən iki ölkə arasında əməkdaşlığa, tərəfdaşlığa, dostluğa bu qədər önəm verilməsəydi, Gürcüstanla Azərbaycanın münasibətləri bugünkü yüksək səviyyəsinə gəlib çatmazdı. Həm Azərbaycan rəhbərliyi, həm Gürcüstan rəhbərliyi hər zaman iki ölkə arasında olan münasibətlərə, əməkdaşlığa, dostluğa, mən deyərdim qardaşlığa böyük önəm veriblər və verməkdədirlər və təbii ki, onların bu siyasəti və fəaliyyəti parlamentlərarası dostlu qrupları və ümumiyyətlə hamımız üçün bir örnək təşkil edir. Gürcüstan şəxsən mənim üçün ən əziz, ən doğma ölkələrdən biridir və bundan sonra da hansı istiqamətdə fəaliyyət göstərəcəyimdən asılı olmayaraq, öz fəaliyyətimdə daim Gürcüstanla dostluq, qardaşlıq münasibətlərinin inkişafına əlimdən gəldiyi qədər öz töhfəmi verməyə çalışacam.” Sonra Milli Məclisin üzvləri və professor Qəzənfər Paşayev çıxış edərək, millət vəkilini təbrik ediblər. Gürcüstan prezidentinə təşəkkür edən çıxışçılar Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha inkişafının hər iki ölkənin və xalqlarımızın maraqlarına cavab verdiklərini qeyd ediblər.
OXŞAR XƏBƏRLƏR